Ailə və qohumluq sistemləri

Ailə insanların bir – biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Ailənin unikallığı və özəlliyi ondan ibarətdir ki, bir neçə insan onillərlə ölçülən uzun zaman kəsiyində, öz ömürlərinin böyük əksəriyyətini, təxminən 30 – 40 ilini bir-birləri ilə sıx qarşılıqlı münasibətdə keçirirlər. Psixoloqların məlumatlarına görə Azərbaycanda 100 ildən çox birgə xoşbəxt ömür-gün sürmüş insanlar olmuşdur. İndiyədək məhəbbət qədər çox əsər yazılan ikinci mövzu yoxdur. Məhəbbət Fərhadı dağı yarmağa, Şeyx Sənanı məscidi atıb donuz otarmağa sövq etmiş, insanlar onun yolunda dini – etiqadını dəyişmiş, Leyli, Məcnun, Əsli və Kərəm və onların müasir təcəssümü olan Fərizə məhəbbəti ən şirin nemət olan həyatdan yüksək qiymətləndirərək ondan imtina etmişlər. Hətta Adəm peyğəmbər məhəbbəti cənnətdən üstün tutmuş, Allahın iradəsinə asi olmuşdur. Dahi Nizami bu barədə belə deyir:

Məhəbbət odur ki, üzü dönməsin,

İnsan qocaldıqca odu sönməsin,

Həqiqi məhəbbət saf məhəbbətdir.

İlki də, sonu da əbədiyyətdir…

Babil hökmdarı II Navuxodonosor (m.ə.605–562-ci illər) sevimli xanımı Semiramida darıxmasın deyə onun şərəfinə “Asma Bağlar” salır. Dünyanın Yeddi Möcüzəsindən biri sayılan “Semiramidanın asma bağları” bəşər tarixinin ilk introduksiya parklarındandır.

Görkəmli psixoloq, əməkdar elm xadimi Ə.Bayramov əsl ailə məhəbbəti nümunəsi kimi məşhur bəstəkar Üzeyir Hacıbəyovdan bir əhvalat yazır: “Xalqımızın dahi bəstəkarı Üzeyir Hacıbəyovla bir yerdə işləmiş, onunla yoldaşlıq etmiş ədəbiyyat və incəsənət xadimləri yazır ki, o, məşqlərə tək gəlməzdi, həyat yoldaşı Məleykə xanımı da özü ilə gətirərdi. Məleykə xanım onun bütün yaradıcılığını izləyir, ərinin sevinci ilə yaşayırdı”.

Təbiidir ki, ailə ən azı iki insanın birliyi olduğundan burada fərqli baxışların mövcudluğu labüddür. Çünki, həyatın və birgəyaşayışın bütün sferalarının məcmusunda tam eyni yanaşma və baxışlar praktiki mümkün deyil. Bu baxış və yanaşmalardakı fərqlər son nəticədə konfliktlərə səbəb olur. Konfliktlərin obyektivliyini göstərən dolayı faktlardan biri də odur ki, istər dahi osun, istərsə də adi insan, öz intellekt və səlahiyyətlərindən asılı olmayaraq bütün şüurlu varlıqlar bu və ya digər formada ailə konfliktlərinin təsirinə məruz qalır. Dini əfsanələr göstərirki, ailə konfliktləri hətta peyğəmbərlərdən belə yan keçməmişdir. Ailə konfliktləri bu və ya digər şəkildə demək olar ki, bütün peyğəmbərlərin həyatında təzahür edir.

Adəm peyğəmbərin övladları Habil (Avel) və Qabil (Kain) arasında nifaq düşür. Konfliktin predmeti hər ikisinin Allaha etdikləri qurban nəzirinə Allahın münasibəti olur. Allah maldar Habilin qurbanını qəbul etdiyi halda əkinçi Habilin qurbanının qəbul etmir. Bundan hiddətlənən Qabil qısqanclıq zəminində qardaşını öldürür. Allah tərəfindən göndərilən bir qarğa yeri qazıb, Qabilə cəsədin necə dəfn olunacağını göstərir. Allah tərəfindən lənətlənən Qabil bəşəriyyətin ilk qatili hesab edilir (“Bibliya” (Kövn), 4:1-16; “Qurani-Kərim”, 5:27). Çox maraqlıdır ki, “Bibliya (Əhdi-Ətiq)” əfsanəsinə görə dəmirçiliyin icadı ilə bərabər dəmir və misdən ilk silahları yaradan (Tuvalkain), bu silahları insanlara qarşı istifadə edən (Lamex) qəzəbin əcdadı sayılan Qabil nəslindən olmuşdur (“Kövn”, 4:23). Adəm 130 yaşında olarkən növbəti övladları Sif dünyaya gəlir. Sif qəzəbli Kaindən fərqli idi. Bibliya əfsanəsinə görə Xristos (İslamda İsa ibn-Məryəm) Sif nəslindən olmuşdur.

İbrahim peyğəmbərin arvadları – Həcər ilə Sara arasında ədavət olmuşdur. Həcəri çirkin etmək məqsədi ilə Sara onun qulaqlarını deşdirmişdi (rəvayətə görə qadınların qulaqlarına sırğa taxması buradan yaranmışdı). Peyğəmbərin Həcərdən olan oğlu İsmayıl (ərəblərin cəddi) ilə Saradan olan oğlu İsaak (yəhudilərin cəddi) həmişə dalaşırmışlar. Sonda İbrahim Saranın təkidi ilə Həcəri 3 yaşlı İsmayıl ilə birlikdə evdən qovaraq quru və susuz səhrada tənha qoyur. Lot (Lut) peyğəmbərin həyat yoldaşı və qızları ilə münaqişələri, fərqli baxışları olur. Yusif peyğəmbərin atasının ona olan xüsusi məhəbbətindən qısqanan qardaşları onu öldürmək qərarına gəlir, son məqamda onu quyuya atırlar.

İsa peyğəmbər və onun anası (Məryəm, Asiyə, Xədicə və Fatimə ilə birlikdə mövcud olan və olacaq qadınların ən yaxşısı, Cənnət qadınlarının birincisi sayılırlar) Məryəm ilə həyat yoldaşı İosif arasında münaqişə yaranır. Onlar cəmiyyət tərəfindən də birmənalı qarşılanmır, təhqir və təhdidlərə məruz qalırdı (“Qurani-Kərim” 19:23, 19:27-28). Sonralar İosif həyat yoldaşına və İsaya xüsusi diqqət və nəvaziş göstərmişdir (“Əhdi-Cədid” Matfeydən, 18-25). Peyğəmbərliyi ilə bərabər öz reallığı və yüksək keyfiyyətləri ilə digərlərindən fərqlənən Məhəmməd Peyğəmbər də ailə problemlərinin təsirini hiss etmişdir. Digər sivilizasiya nümayəndələri də İslamın yaradıcısı olan Məhəmməd peyğəmbərin yüksək şəxsi məziyyətlərini xüsusi qeyd edirlər. Onlar bu faktı belə qeyd edir: “Məhəmmədi uşaqlığından tanıyan, şəxsiyyət kimi formalaşmasının şahidi olanların hamısı hələ Allah tərəfindən vəhy gəlməmişdən öncə onun yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd etmişlər. O, çox zəhmətkeş, təvazökar və ədəbli, vicdanlı və səmimi, istənilən işdə etibarlı, dostluqda sədaqətli, iti zəkası və geniş təxəyyüllü insan olmuşdur. O, həmişə başqalarına yardım etməyə, əlində olanı insanlarla bölməyə hazır olmuşdur. Gənc vaxtlarında özünün nümunəvi davranışı, imanı ilə fərqlənmiş, içki içməmiş, tütün qəbul etməmiş, eşqbazlığa aludə olmamışdır. Ailə qurarkən o, nümunəvi ər və nümunəvi ata olmuşdur. Peyğəmbər olduqdan sonra öz əxlaqi keyfiyyətlərini daha da artırmış, ölümündən qabaq əmlakını kasıblara paylamış, sağlığında ədalət və humanistcəsinə davrandığı qul və kənizlərini azad etmişdir” (Soldatov A.V., 2004). Bununla bərbər “Qurani-Kərimin” bəzi ayələrindən aydın olur ki, peyğəmbərin də ailə zəminində bəzi problemləri olmuş o, bunu müxtəlif yollarla məharətlə həll etmişdir (24:11-13; 24:26; 33:28-32; 33:37-38; 33:40; 33:50-51).

Ailənin fəaliyyət mexanizmi kiçik sosial qrupu xatırladır. Təbii ki, istənilən sosial qrupda obyektiv münaqişələr möv-cuddur. Başqa sözlə desək, belə intensiv qarşılıqlı münasibətlər zəminində mübahisələr, münaqişələr, krizis və konfliktlər labüddür. Buradakı ziddiyyətlərin təzahür və həlli formaları olan konflikt ailə üzvlərinin qarşılıqlı əlaqələrində və ünsiyyətlərində öz əksini tapır.' İlk öncə ailə, onun əsas mahiyyəti, yaranması və inkişaf mərhələləri və spesifik terminologiyaları haqqında bəzi əlavə məlumatları diqqətə çatdırmaq faydalı olardı.

Ailə – nikah, yaxud qan qohumluğuna əsaslanan kiçik sosial qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır. Nikah və ailədə cinslər və cinsi tələbatdakı fərqdən irəli gələn münasibətlər əxlaqi-psixoloji münasibətlər formasında özünü göstərir. Ailə bir ictimai forma kimi cəmiyyətin inkişafından asılı olaraq dəyişilir. İbtidai cəmiyyətdəki ailədən danışarkən aralarında cinsi əlaqəyə icazə verilən şəxslər nəzərdə tutulur. Bu mənada ailə şərti olaraq qan qohumluğu ailəsi, qrup nikah, endoqamiya, ekzoqamiya, qoşa nikah formalarına ayrılır.

Ailə hüququ – ər – arvadın, uşaqların və ailənin digər üzvlərinin şəxsi və əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə hüquq sisteminin əsas institutları nikah, ailə, ər-arvadın hüquq və vəzifələri, valideynlərin və uşaqların hüquq və vəzifələri, nikahın xitamı, övladlığagötürmə, həddi-büluğa çatmamışlar üzərində qəyyumluq və himayəçilik kimi məsələləri tənzimləyir.

Ailə tərbiyəsi – ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiridir. Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. O, böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır.

Ailə, nikah və nikahın təkamül formaları. Ailə və nikah bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan, kişi ilə qadın arasındakı münasibətləri, onların nəsil və övladlara olan münasibətlərini tənzimləyən sosial institutdur. Nikah adətən əks cinslər arasında insanların nəsil davametdirmək üzrə təbii tələbatlarını reallaşdıran ictimai ittifaq formasıdır. Lakin, son dövrlərdə bir sıra inkişaf etmiş ölkələrdə eyni cinsli insanların da nikaha girməsi və bu nikahın hüquqi qeydiyyatı halları mövcuddur. Ailə isə bu ittifaqa əsaslanan və onun iqtisadi cəhətdən təmin edən ictimai özək formasıdır.

Müasir elm etnoqrafiya, arxeologiya və müxtəlif qarışıq elmlərə əsaslanaraq ailə və nikahın yaranması və formaları haqqında müxtəlif hipotezlər irəli sürür. Bu hipotezlər, əsasən, iki qrupa ayrılır: Birinci qrupa görə qədim dövrlərdə hələ formalaşmamış cəmiyyətlərdə cinslərin nizamsız münasibətləri mövcud olmuş, ailə və nikah olmamışdır. Hesab edilir ki, nikahın ilkin forması qrup nikahıdır. Sonradan bir-birlərini müxtəlif cinslərlə təmin edən dual təşkilatlar yaranmış. Sonda isə cütlüyə əsaslanmış ailə və nikah meydana gəlmişdir.

Digər nəzəriyyəyə görə bəşəriyyət ilkin formada cütlüyə əsaslanmış ailə tipinə malik olmuşdur. Qrup nikahı isə onu tamamlayan əlavə element kimi yaranmış və sonradan silinmişdir.

Antik yunan tarixçisi Strabon Qafqaz Albaniyası haqqında digər maraqlı məlumatlarla yanaşı albanlarda mövcud olmuş qrup nikahı haqqında da yarı mifik şəkildə çox maraqlı məlumatlar verir: “Deyilənə görə Albaniyanın dağlıq ərazilərində amazonlar (qadınlar, müəll.) yaşayır…Skiflər, gellər və leqlər (leqlər müasir ləzgilərin əcdadı sayılır, müəll.) amazonlar ilə albanların arasında yaşayır, bu tayfaları amazonlardan Mermadalida çayı ayırır. Digər mənbələr amazonların Qafqazın şimal yamaclarında yaşadıqlarını, qarqarlarla qonşu olduqlarını yazır…Gündəlik işlərə, xüsusilə nizə atmağa mane olmamaq üçün hələ uşaq ikən onların sağ döşləri yandırılır. Onlarda ox, balta və yüngül qalxan geniş yayılmışdır. Onlar heyvan dərisindən dəbilqə, libas və kəmər hazırlayırlar. Yazın iki müəyyən ayında onlar qarqarlarla sərhəddə yerləşən qonşu dağa çıxırlar. Qarqarlar da öz qədim adətlərinə görə həmin dağa çıxır. Amazon qadınlarla öz ayinlərini icra etdikdən sonra uşaq dünyaya gətirmək üçün bir-birləri ilə yaşayırlar. Amazonlar dünyaya gəlmiş qızları özlərində saxlayır, kişi cinsindən olanları isə gətirib qarqarlara verirlər. Hər bir qarqar istənilən gətirilmiş körpəni öz övladı kimi qəbul edir”.

Qan qohumluğu ailəsi – L.Morqanın ehtimal etdiyi qrup ailəsinin ən qədim forması hesab edilir. Alimin fikrincə bu ailədə müxtəlif nəsildən olan qohumlar arasında nikah qadağan olub, yalnız eyni nəsildən olan qohumlar evlənə bilərdi.

Qrup nikahı – ən qədim nikah formasıdır. Bir fratriyanın, qəbilənin, yaxud qəbilədaxili qrupun bütün kişiləri ilə digər belə bir qrupun bütün qadınları arasında nikah əlaqəsidir. Cinslər arasında heç bir məhdudiyyət qoyulmayan bu nikah tipi öz sonrakı inkişafında qoşa nikahla əvəz olunmuşdur. Qrup nikahının bir sıra qalıqları yaxın keçmişə qədər mövcud olmuşdur. Onlardan biri levirat və sororatdır. Levirat sözü latınca “levir”-qayın, ərin qardaşı sözündəndir. Bu nikah adəti dul qadının ölmüş ərinin qardaşına məcburi və ya könüllü getməsidir. Levirat qrup nikahının qalıqları kimi qəbilə quruluşu dövründə bir çox xalqlarda yayılmış, son dövrlərə qədər Qafqaz və Orta Asiya xalqları, yəhudilər, o cümlədən Azərbaycanın bəzi rayonlarında qalmışdı. Sororat (latınca "soror" bacı deməkdir) kişinin bir neçə bacı və ya əmi qızı ilə nikaha girmə adətidir. Amerika, Asiya, Okeaniya və Afrikanın bir çox xalqları arasında yayılmışdır. Bu da qrup nikahının qalığı hesab olunur. Uzun müddət mövcud olmuş sororat sonralar kişinin, arvadının ölümündən sonra baldızı ilə evlənməsi adətinə çevrildi. Bu adət də azərbaycanlılar arasında da mövcuddur. Adətin əsas səbəbi kimi birinci nikahdan olan uşaqların qeydinə əminin və ya xalanın daha yaxşı qalacağı gətirilsə də əsas motiv əmlakın tayfada qalması uğrundakı səylərdir.

Endoqamiya – qəbilə, tayfa və s. müəyyən ictimai qrup daxilindəki nikah adətidir. İbtidai icma cəmiyyətində qəbilə ekzoqam, tayfa isə endoqam idi. İbtidai icma münasibətlərinin dağıldığı dövrdə bir sıra xalqlarda (malaqasilər, ərəblər, özbəklər və s.) qəbilə, yaxud qəbilədaxili qruplar-patronimiyalar endoqam oldu. Bu əmlakı yaxın qohumlarda saxlamaq məqsədindən doğurdu. Azərbaycanda da endoqa-miya olmuşdur. Movses Kalankatuyklunun “Alban tarixi” əsərində bu haqda məlumatlar vardır. O, kitabın otuz beşinci fəslində yazır ki, “o zamanlar Albaniyanın zadəganları yaxın qohumlar arasında qanuni nikahlara yol verir”di. Bu görünür zərdüştiliyin qalıqları olmuşdur. Zərdüştilik (zoroastrizm) dini nəinki tayfadaxili, hətta ailədaxili nikahlara yol verir. Endoqam icmasına müasir dövrümüzdə parsları və gebrləri göstərmək olar. Etnokonfessional qrup olan parslar qədim zərdüştilərin islam təqibindən Hindistana qaçmış, hal-hazırda Hindistanın Maharaştra və Qucarat ştatlarında yaşayırlar. Bakının Suraxanı qəsəbəsindəki Atəşgah da zərdüştilik dininə sitayiş edən pars tacirlər tərəfindən bərpa edilmişdir. Dini həyatları çox gizli saxlanılan gebrlər İranda yaşayırlar.

Ekzoqamiya – müəyyən kollektiv və ya qohum üzvləri arasında nikah münasibətlərini qadağan edən adət. Bu adət yalnız kənar qəbilə üzvləri ilə nikah bağlamağa icazə verirdi. Məsələn, ərəblər islamaqədərki dövrlərdə doğulmuş qız uşaqlarını diri-diri basdırır, başqa qəbilədən qızqaçırma adəti ilə nikaha girirdilər. İbtidai icma quruluşunda ekzoqamiya daha geniş yayılmışdı. L.Morqan ekzoqamiyanın mənbəyini qan qohumluğunun zərərli nəticələrini aradan qaldırmaq, L.Teylor ictimai əlaqələri genişləndirmək, başqa kollektivlərlə əlaqə yaratmaq, S.P.Tolstov isə kollektivdə ictimai sülh yaratmaq məqsədi daşıdığını bildirirdi. Misal olaraq “Qurani-Kərim”in “Ən-Nisa” (“Qadınlar”) surəsinin 23-cü ayəsinə nəzər salaq: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi… Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır”.

Kuzen nikahı (fr. cousin — əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu) — ilkin sinifli cəmiyyətlərin nikah formasıdır. İki əsas tipə bölünür:

  1. Krosskuzen nikahı (çarpaz-kuzen) — ananın qardaşının qızı (əmisi qızı, dayısı qızı, xalası qızı, bibisi qızı) ilə və ya atanın bacısının qızı (əmisi qızı, dayısı qızı, xalası qızı, bibisi qızı) ilə nikah (dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı);
  2. Ortokuzen nikahı (paralel-kuzen) — atanın qardaşının qızı (əmisi qızı, dayısı qızı, xalası qızı, bibisi qızı) və ya bacısının qızı (əmisi qızı, dayısı qızı, xalası qızı, bibisi qızı) ilə nikah (əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı).

Kroskuzen nikahı tayfa quruluşu ailələrinə xasdır. Çünki o, iki ekzoqam tayfanın qarşılıqlı nikahına şərait yaradır. Tayfa münasibətləri dağıldıqdan sonra bu qalıq adəti kimi bu gün də mövcuddur. Xalaqızına nisbətən (tuareqlər), əmiqızı ilə olan ortokuzen nikahlar da tez-tez yaranır (ərəblər, malaqasilər, bantular, Dağıstan və Orta Asiya xalqları). Çünki o, əmlakı böyük ailə və ya patronomiya daxilində saxlamağa imkan yaradır. Azərbaycanda da belə hallara rast gəlinir.

Qoşa nikah – ibtidai icma quruluşunda mövcud olmuş təknikahlıq formasıdır. Bəzi mütəxəssislər hesab edir ki, bu nikah formasında mövcud olan nikahaqədər və nikahdan sonrakı əlaqələr, “əsas” arvad və ərlə yanaşı “əlavə” arvad və ərin də olması qoşa nikahın qrup nikahını əvəz etməsini göstərir.

Nikah haqqı (başlıq, süd pulu) – gəlin köçürülərkən oğlan evindən qız evinə verilən pul və ya mal. Sovet Azərbaycanı dövründə başlıq keçmişin qalığı kimi ictimai təhlükəli hal sayılır və sovet qanunvericiliyinə görə cinayət hesab edilirdi. Buna baxmayaraq bu adət ölkəmizin bəzi ərazilərində bu gün də mövcuddur. Əslində başlıq sadəcə gəlinin bir sıra əmək və uşaqdoğma funksiyalarının ödənişidir. Gəlin kişinin təsərrüfatını saxlayır, ona qulluq edir (xörək bişirir, paltarını yuyur, yaşayış yerini səhmana salır), təsərrüfata rəhbərlik edərək kişinin kənardan sərvət toplamasına şərait yaradır, onun üçün dünyaya varis gətirir. Sanki kişi bu funksiyaları qabaqcadan birdəfəlik ödəyir. Boşandıqda isə əksinə. Əgər subaylığın dəyərini itirəcəyi dəyərlərin summar cəmindən yüksək qiymətləndirirsə boşanır.

İqtisadiyyat üzrə 1993-cü ilin Nobel Mükafatı laureatı Herri Bekker ailə həyatının doğrudan da iqtisadi dəyərə malik olduğunu göstərdi. Bekker yazır: “İnsan o vaxt nikaha daxil olur ki, onun nikahdan gözlənilən sərfiyyatı subaylıq həyatından gözlənilən sərfiyyatından çox olur. Həmin qaydada, nikahda olan insan o zaman boşanmaq qərarına gəlir ki, onun yenidən subay həyata qayıtdıqda və ya yeni nikaha düşdükdə gözlənilən sərfiyyatı boşanma zamanı olacaq itkilərdən (o cümlədən, uşaqla görüşün məhdudlaşdırılması, əmlak bölgüsü, məhkəmə xərcləri və s.) çox olsun. Beləliklə, bir çox insanlar özlərinə uyğun cütlüyün tapılmasına çalışırlar. Bu nikah bazarının mövcudluğunu göstərir... İnsanlar intellektual əmsalları, təhsil səviyyəsi, dərisinin rəngi, sosial mənşəyi, boyu eyni, lakin əmək haqları müxtəlif olan insanlarla nikaha girməyə çalışırlar… Yüksək gəlirli insanlar daha erkən nikaha girir və az hallarda boşanırlar… Arvadların nisbi əmək haqqı artdıqca nikahın pozulma ehtimalı artır”.

Nikah haqqı ana nəslindən ata nəslinə keçid dövrünə uyğun gələrək son ibtidai icma və sinifli cəmiyyətlərdə mövcud olmuşdur. O, slavyanlarda veno, türklərdə kalım, ərəblərdə mehr və s. adlanır.

Avunkulat – latınca tərcüməsi "ananın qardaşı" olub insanla onun anasının qardaşı arasındakı xüsusi yaxınlığı nəzərdə tutan ailə və ictimai qaydalar məcmusudur. Bacı oğlu dayının evinə köçür (uşaqkən və ya evləndikdən sonra), onun yeganə varisi və ya həmvarisi olur, onun himayəsində və məsləhətləri əsasında yaşayır. Avunkulat ana xəttinə əsaslanan tayfalarda, başçı kişi funksiyası ərə yox arvadın qardaşına mənsub olduğu hallarda mövcud olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu adət yox olaraq qalıqları qalmışdır. Azərbaycanda “yaxşı igid dayısına oxşar” ifadəsi də görünür cəmiyyətin keçmiş münasibətlərinin relikti kimi bu günə bu ifadə ilə gəlib çatmışdır.

Qohumluq sistemləri. Qohumluq terminologiyalarının tədqiqi ilə ilk dəfə L.Morqan məşğul olmuşdur. Etnoqrafiya elmində ata və ananın əsas və ikinci dərəcəli qohumluq xətləri əsasında 4 qohumluq sistemi (ailə tipi) qeyd edilir. Bunlar irokez, havay, ərəb və ingilis qohumluq sistemləridir.

1. İrokez qohumluq sistemi. Burada ata və ana xətləri qohumları bir-birlərindən ayrılır. Yəni “Bioloji Ata” və “Atanın qardaşı” bir terminlə (“Ata”), “Ananın qardaşı” isə başqa cür adlandırılır.

2. Havay qohumluq sistemi. Burada qohumlar hər iki əlamətlər üzrə bir-birindən fərqləndirilmir. Başqa sözlə “Bioloji Ata”, “Atanın qardaşı” və “Ananın qardaşı” eyni adlanır və Ata kimi qəbul edilir.

3. Ərəb qohumluq sistemi. Bu qohumluq sistemində hər iki fərqləndirici əlamətlər bir-birindən ayrılır. Başqa sözlə ata xətti, ana xəttindən ayrılır. Burada “Ata”, “Atanın qardaşı” və “Ananın qardaşı” – hər üçü müxtəlif cür adlandırılır. Göründüyü kimi Azərbaycanlılar ərəb qohumluq sisteminə aiddirlər. Biz atanın qardaşını (əmi), ananın qardaşından (dayı) ayıraraq onlara müxtəlif adlar veririk. Növbəti bənddə görəcəyik ki, avropa ailələrində bu təsnifat müxtəlifdir.

4. İngilis qohumluq sistemi. Bu qohumluq sistemində bilavasitə və kollateral xətlər bir-birinə qarşı qoyulur, ata və ana xətləri fərqləndirilməyərək eyni terminlə adlandırılır. Həqiqətən bizlərdə əmi və dayı ruslarda birləşdirilərək “dyadya”, ingilislərdə “uncle”, bizlərdə bibi və xala, ruslarda ümumi halda “tyotya”, ingilislərdə “aunt” adlandırılır. Bizlər “qardaş qızı (oğlu)”, “bacıqızı (oğlu)”, “əmi qızı (oğlu)”, “dayı qızı (oğlu)”, “bibi qızı (oğlu)” ruslarda “plemyan(nitsa)nik”, ingilislərdə isə cinsi cəhətdən də fərqləndirilməyərək “cousin” adlandırılır.