Alan Mur (ing. Alan Moore; 1 avqust 1914[1], Melburn – 24 sentyabr 2015, Ballarat[d]) — Avstraliya müharibə artisti. O, əsasən İkinci Dünya müharibəsi illərində gördüyü işlərlə tanınır. Onun ən tanınmış işi Bergen-Belzen həbs düşərgəsinin təsvirləridir.[2][3] Onun bir çox əsəri Avstraliya Müharibə Memorialı müzeyində saxlanılır.
Alan Mur | |
---|---|
| |
Doğum tarixi | 1 avqust 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 2015 (101 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | avstraliyalı |
Vətəndaşlığı | |
Fəaliyyəti | müharibə artisti, rəssam, rəssamlıq müəllimi |
Tanınmış işləri | Bergen-Belzen həbs düşərgəsinin eksizləri, fotoşəkilləri və rəsmləri |
Vikianbarda əlaqəli mediafayllar |
Alan Mur 1914-cü ildə Avstraliyanın Melburn şəhərində anadan olmuşdur.[4] O, 16 yaşında rəsm çəkməyə başlamış, lakin nü mövzularına toxunduğuna görə atası onun bu fəaliyyətini davam etdirməsini qadağan etmişdir. Mur 18 yaşı tamam olanda Viktoriya Milli İncəsənət Məktəbi Qalereyasında yenidən rəssamlıqla məşğul olmağa başlamış, ali təhsilini dərəcə ilə başa vurmuşdur.[5] O, həmçinin Sidneydə C.S. Vatkinsin rəhbərliyi altında təhsil almışdır.[6][7][8] Mur nü janrında çəkdiyi rəsm əsərlərinə görə 1942-ci ildə Qreys Col adına təqaüd mükafatı da daxil olmaqla,[9] Melburnda bir neçə sənət və rəsm mükafatı qazanmışdır.[5] O, 14 iyul 1939-cu ildə birinci arvadı Mariya ilə evlənmişdir.[5][10]
Alan Mur 1942-ci ildə Avstraliya Kral Hərbi Hava Qüvvələrinə (AKHHQ) könüllü olaraq qoşulmuşdur. Burada ona təyyarə diaqramlarını çəkmək tapşırılmışdır.[4] Bir ayağında yaşadığı problemə görə onun uçuş heyətinin tərkibində olmasına icazə verilməmişdir.[5] O, 1943-cü ilin sonlarında rəssamlar Vilyam Darci və Harold Herbertin tövsiyəsi ilə orduya bağlı rəsmi müharibə artisti təyin edilmiş, leytenant rütbəsinə yüksəlmişdir.[4][11]
Murun rəssam kimi ilk tapşırığı AKHHQ tərkibində, 1944-cü ilin əvvəlində Papua-Yeni Qvineyada olmuşdur. Onun ilkin mərhələdə Miln körfəzi və Qudenaf adasında çəkdiyi akvarel rəsmləri rütubətli hava şəraitində məhv olmuşdur. Mur sonradan tropik mühitə daha uyğun olduqlarından rəsm əsərlərində yağlı boyadan istifadə etməyə başlamışdır.[4][12] O, Papua-Yeni Qvineyada olduğu müddətdə havadan eskizlər çəkmək üçün bir neçə dəfə reydlərdə iştirak etmişdir.[13][14] Mur İkinci Dünya müharibəsinin sonuna yaxın Papua-Yeni Qvineya, Yaxın Şərq, İtaliya, İngiltərə və Almaniyada müharibə səhnələrini çəkmişdir.[3][15]
Mur 1945-ci ildə Birləşmiş Krallıq Silahlı Qüvvələrinə bağlı 11-ci zirehli diviziya Almaniyada yerləşən Bergen-Belzen həbs düşərgəsini azad edəndə onlarla birlikdə olmuşdur.[5] O, üç gün ərzində düşərgənin vəziyyətini, məhbusları və onları əsir götürənləri, o cümlədən Frits Klaynın eskiz və rəsmlərini çəkmişdir.[2][15] Bu zaman əsgərlərdən biri Mura heç kimin bu təsvirlərə inanmayacağını demişdi və buna görə də o, sübut kimi düşərgənin fotoşəkillərini də çəkmişdir.[5][16]
Alan Mur müharibədən sonra bir neçə il Avropada qalmış, sonradan Melburna qayıtmışdır. O, burada təxminən 1963-cü ildən etibarən Svinbern Texniki Kollecində rəssamlıq üzrə dərs demişdir.[7][8] Mur həmçinin, Bergen-Belzen həbs düşərgəsində çəkdiyi eskizləri və fotoşəkilləri əsasında şəkillər çəkmişdir. Onlar kommersiya məqsədi ilə nümayiş etdirilmiş, lakin satışlarda uğurlu olmamışdır.[16] Avstraliya Müharibə Memorialı muzeyi əvvəlcə bu əsərləri Avstraliya əsgərlərini təsvir etmədiyi üçün rədd etmişdir. Mur 1969-cu ildə onları muzeyə hədiyyə etmişdir və muzey bunu qəbul etmişdir.[15][17] Bergen-Belzenin təsvirləri 2013–2014-cü illərdə Avstraliya Müharibə Memorialı muzeyinin Kanberra şəhərində keçirdiyi sərginin əsasını təşkil etmişdir. Mur özü də muzeyin dəvəti ilə sərgini ziyarət etmişdir.[12][16] Bundan başqa, Avstraliya Müharibə Memorialı muzeyi Muru generallar Duqlas Makartur və Artur Semuel Allen də daxil olmaqla bir neçə şəxsin böyükhəcmli portretini çəksin deyə işə götürmüşdür.[4][18] 2015-ci ildə olan məlumata görə, muzeydə Murun 200-dən çox əsəri saxlanılır.[3]
Alan Mur 95 yaşına qədər Avstraliyada, Viktoriya ştatının Avoka qəsəbəsində yerləşən studiyasında rəsm çəkməyə davam etmişdir. O, 2009-cu ildə artrit və görmə qabiliyyəti itirməsi səbəbindən fəaliyyətini dayandırmışdır. Mur təxminən eyni vaxtda Avokada qocalar evinə köçürülmüşdür. O, 24 sentyabr 2015-ci ildə vəfat etmişdir. Murun üçüncü həyat yoldaşı Alison onun vəfat etdiyi vaxt sağ idi.[5][19]