Aleksandr Çernyayevski

Aleksey Osipoviç Çernyayevski — görkəmli maarifçi, metodist, pedaqoq.

Aleksey Çernyayevski
Çernyayevski, Aleksey Osipoviç
Doğum tarixi
Doğum yeri Şamaxı, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tiflis, Rusiya imperiyası
Fəaliyyəti müəllim

Aleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir.

Pedoqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir.[1] 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər. Burada o səkkiz il çalışır. 1879-cu ildə Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi yaradıldığı zaman həmin şöbənin müfəttişi vəzifəsinə dəvət alır.[1] Demək olar ki, ömrünün ən yetkin çağını, on dörd il (1879–1893) həmin vəzifədə çalışır. 1893-cü ildə Azərbaycan şöbəsinin ikinci sinif şagirdi Səfərəli bəy Vəlibəyovun bacısı oğlu Süleyman Axundov tapança ilə özünü öldürmək istəmiş, lakin sağ qalmışdı. Bu qalmaqalla bağlı Çernyayevskini çox əziyyətə salır, təqsirli onu görürdülər.

Müxtəlif polis idarələrinə izahat və arayışlar yazmalı olan Çernyayevski yaxşı başa düşürdi ki, əsas məsələ seminariya direktorunun onun vəzifəsindən getməsi arzusudur. Beləliklə, 1893-cü ildə yorğunluğunu səbəb gətirərək o istefa ərizəsi yazır və Tiflisə köçür. Bir ildən sonra isə, 1894-cü ilin dekabrın 14-də əlli beş yaşında vəfat edir.[2]

"Vətən dili"nin işıq üzü görməsi, Firidun bəy Köçərli (1863–1920), Rəşid bəy Əfəndiyev (1863–1942), Səfərəli bəy Vəlibəyov (1861–1902), Mahmud bəy Mahmudbəyov (1859–1923), Teymur bəy Bayraməlibəyov (1862–1937), Süleyman Sani Axundov (1875–1939), Cəlil Məmmədquluzadə (1866–1932), Nəriman Nərimanov (1870–1925) kimi ziyalı kadrların hazırlanması A.O.Çernyayevskinin adı ilə bağlıdır.

A.O.Çernyayevski "Vətən dili"nin I hissəsinin müəllifi, II hissəsinin isə Səfərəli bəy Vəlibəyov ilə birlikdə həmmüəllifidir.[1]

  1. 1 2 3 Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 132–136.
  2. "Aleksey Osipoviç Çernyayevski". 2013-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-14.
  • Çernyayevski A.O.Vətən dili, I hissə. Çernyayevski A.O., Vəlibəyov S.H. Vətən dili, II hissə. Faksimil nəşr. Tərtib və transfoneliterasiya edən, ön söz, qeyd və şərhlər, sözlük və cədvəllərin müəllifi: Vüqar Qaradağlı. CBS, Bakı – 2007. 740 səh.