Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1861, Şuşa – 31 avqust 1902, Şuşa) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq, publisist.
Səfərəli bəy Vəlibəyov | |
---|---|
Doğum tarixi | 1861 |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1902 |
Vəfat yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, müəllim, tərcüməçi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir.[1] O, Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş, ömrünün 18 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində C. Məmmədquluzadə, N. Nərimanov, S. S. Axundov kimi şəxsiyyətlər ibtidai təhsillərini Vəlibəyovdan almışdır.
Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almışdır.
Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnir. 1875–1879-cu illərdə Şuşa şəhər rus məktəbində təhsil almışdır.
1879-cu ildə Aleksey Çernyayevski tələbə toplamaq məqsədilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir.
Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında təhsil alır.
Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar. Çernyayevski sonralar bu vəzifəni tutmağa Səfərəli bəy Vəlibəyovu hazırlamışdır.
1881-ci ildə seminariyanı bitirən S. Vəlibəyov burada ibtidai məktəbi müəllimi vəzifəsində saxlanılır[2] və 1896-cı ilə qədər seminariyada fəaliyyət göstərir.[3]
1883-cü il yay tətili zamanı Şuşada istirahət edən S. Vəlibəyov burada bir nümunəvi məktəb açaraq uşaqlara savad öyrədirdi.[3] Onun məktəbində müxtəlif təbəqələrdən 25 nəfər şagird təhsil alırdı.[3] O, tədrisi səs üsulu ilə aparırdı və yerli məktəbdarlara da səs üsulunun üstünlüyünü nümayiş edirdi.
S. Vəlibəyov 1896-cı ildə Qoridən Bakıya köçmüş, burada bir il Bakı real məktəbində müəllimlik etmişdir.[3]
1897-ci ildə isə Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışmağa başlamışdır.[3]
Səfərəli bəy Vəlibəyov, ömrünün 42-ci ilində, 1902-ci ildə avqustun 31-də Bakıda ürək xəstəliyindən dünyasını dəyişmişdir.[4]
Öz pedaqoji və maarifçi fəaliyyətinə görə Səfərəli bəy Vəlibəyov bir neçə orden və medalla təltif olunmuşdur:[5]
Səfərəli bəy İran şahzadəsi Bəhmən Mirzə Qacar Qovanlının qızı Xurşid xanım ilə ailə qurmuşdur. Nigar xanım və Sürəyya xanım adlı qızları dünyaya gəlmişdir.