Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Alman lüteran kilsəsi | |
---|---|
40°49′59″ şm. e. 46°01′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəmkir |
Yerləşir | Ü.Hacıbəyov küçəsi, 57 |
Aidiyyatı | Qafqaz almanları |
Memar | Ferdinand Lemkul |
Tikilmə tarixi | 1909 |
Üslubu | neoqotika |
Vəziyyəti | restavrasiya olunub |
İstinad nöm. | 4999 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb[1]. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib[1]. Azərbaycanda ilk alman koloniyası olan Yelenendorfdan sonra ondan 40 km aralıda ikinci alman koloniyasını – Annenfeldin əsası qoyulur[2].
1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə[3] Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikilir[4][5]. Kilsənin memarı Ferdinand Lemkul olub[1][3].
Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi[6]. 1936–1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu[7]. Kilsənin son keşişi Emil Royş ilk dəfə 1931-ci ildə həbs olundu[8]. Daha sonra azadlığa buraxılsa da 1937-ci ildə təkrar həbs edilərək, antisovet təbliğatda və dini təbliğatda günahlandırılaraq NKVD üçlüyü tərəfindən güllələnməyə məhkum edildi[8]. 1941-ci ildə almanlar sürgün edildikdən sonra kilsə öz fəaliyyətini dayandırıb. Sonralar burada Mədəniyyət evi, Müəllimlər evi və Tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərib[9]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsənin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[10]
1990-cı illərdə binada uzun müddət təmir-bərpa işləri aparılmadığından qəzalı vəziyyətə düşüb. 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycandır" layihəsi çərçivəsində kilsə binası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilib[9], kilsənin yerləşdiyi ərazi abadlaşdırılıb, ətrafında park salınıb[11]. Kilsədə dini ayinləri eləcə də musiqili tədbirləri keçirmək üçün orqan quraşdırılıb[12].