Alman məsələsi (alm. Deutsche Frage) — XIX-XX əsrlərin Avropanın ən mühüm geosiyasi problemlərindən biri olub, Almaniyanın siyasi statusu və sərhədləri məsələsi ilə bağlı müxtəlif formalarda 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvindən 1990-cı ildə Almaniyanın yenidən birləşməsinə qədər mövcud olmuşdur.
Rəsmi alman tarixşünaslığında alman məsələsinin 1806-cı il avqustun 6-da “Birinci İmperiya” (Müqəddəs Roma İmperiyası) dağıldıqdan sonra yarandığı hesab edilir.
İkinci Reyxin yaranmasına qədər Alman məsələsinin həllinin iki variantı rəqabət aparırdı: kiçik Alman (Prussiyanın rəhbərliyi altında) və Böyük Alman (Avstriyanın rəhbərliyi altında). İkinci variant Avstriyada yaşayan digər xalqlarla birlikdə çoxlu sayda ərazilərin daxil edilməsi zərurəti, habelə Avstriya İmperiyasının alman dövlətləri ilə müqayisədə daha mürtəce siyasəti ilə əlaqədar daha az populyar idi.
Almaniya Birinci Dünya müharibəsindən məğlub olaraq çıxdı, bu da alman millətçiliyinin artmasına şərait. İmperatorun devrilməsindən sonra yaranmış ilkin hökumət siyasi cəhətdən çox zəif idi ki, bu da sağçı alman millətçilərinin inkişafına və onların ideologiyasının sadə əhali və cəmiyyətin yuxarı təbəqələri arasında daha da yayılmasına imkan verdi.
İkinci Dünya müharibəsinin mərkəzi nöqtəsi yenə pangermanizmlə Almaniya məsələsi idi. Belə ki, almanları slavyanlardan qorumaq bəhanəsi ilə Münhen sazişinə uyğun olaraq Çexoslovakiyanın Sudet vilayəti işğal olundu.
İkinci Dünya Müharibəsindən sonra alman məsələsi yenidən aktuallaşdı. Əvvəlcə vahid Almaniyanın mövcudluğu nəzərdə tutulsa da, Qərb müttəfiqləri ilə Sovet İttifaqı arasındakı ziddiyyətlər ölkənin Almaniya Federativ Respublikasına (AFR, Qərbi Almaniya) və Almaniya Demokratik Respublikasına (ADR, Şərqi Almaniya), habelə Qərbi Berlin və Saar (yalnız bir müddət sonra AFR-nin tərkibinə daxil oldu) bölgələrinə bölünməsinə səbəb oldu. Birləşmə probleminin uzunmüddətli həlli üçün bir neçə variant nəzərdən keçirildi. Nəticədə, Almaniyanın hər iki hissəsi yalnız 1990-cı ildə vahid dövlətə birləşdirildi. Buna baxmayaraq, Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası birləşdikdən sonra da alman xalqı hazırda 5 dövlətdə yaşayır: AFR, Avstriya, İsveçrə, Lixtenşteyn və Belçika. Bundan əlavə, "şərq" və "qərb" almanlarının dünyagörüşü hələ də çox fərqlidir (bax: Ostalgiya).