Almaz — rejissorlar Ağarza Quliyev və Qriqori Braginski[2] tərəfindən 1936-cı ildə ekranlaşdırılmış tammetrajlı bədii film. Film Azərbaycan kinostudiyasında istehsal edilmişdir. Kinopovestdə kəndə işləməyə gələn gənc müəllimə Almaz burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Filmdə əsas rolları İzzət Oruczadə, Hökümə Qurbanova, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, Ələkbər Hüseynzadə və İsmayıl Hidayətzadə ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].
Almaz | |
---|---|
Fayl:Almaz (film, 1936).jpg | |
Janr | dram |
Rejissorlar |
Ağarza Quliyev Qriqori Braginski |
Əsərin müəllifi | Cəfər Cabbarlı |
Ssenari müəllifi | Cəfər Cabbarlı |
Baş rollarda |
İzzət Oruczadə Hökümə Qurbanova Xeyri Əmirzadə Əlisəttar Məlikov Ələkbər Hüseynzadə İsmayıl Hidayətzadə |
Operatorlar |
İvan Frolov Əsgər İsmayılov |
Bəstəkarlar |
Niyazi Zülfüqar Hacıbəyov |
Rəssam | Viktor Aden |
İstehsalçı | Azərbaycan kinostudiyası |
İlk baxış tarixi | 25 dekabr 1936, SSRİ[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 65 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz (rus dilində titrlərlə) |
İl | 1936 |
Texniki məlumatlar |
6 hissə 1859,6 metr |
Rəng | ağ-qara |
IMDb | ID0352159 |
1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc müəllimə Almaz (İzzət Oruczadə) burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra mürəkkəb məsələlərlə üz-üzə qalan gənc müəllimənin keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir.[4]
Bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfləti ölüm onun bu işini yarımçıq qoydu.[4]
"Almaz" Azərbaycan kinosunun sonuncu səssiz filmi oldu. Burada aktyorlar danışmırlar. Dialoqlar yazılar vasitəsilə verilmişdir. Filmdə hadisələri yalnız musiqi müşayiət edir.[4]