Əlisəttar Muradəli oğlu Məlikov (15 mart 1892, Bakı – 26 mart 1971) — aktyor, rejissor, Azərbaycan SSR əməkdar artisti (1943).
Əlisəttar Məlikov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (79 yaşında) |
Fəaliyyəti | Aktyor |
Mükafatları |
|
Əlisəttar Muradəli oğlu Məlikov 15 mart 1892-ci ildə[1] Bakıda anadan olmuşdur.[2][3]
Uzun ömür sürmüş, 79 il yaşamış Ə. Məlikovun böyük ailəsi var idi; ailədə dörd uşaq olub — üç oğlan, bir qız. Oğlu Murad kinostudiyada rejissor assistenti işləyirdi, həm də filmlərə çəkilirdi. O, artıq dünyasını dəyişmişdir. Digər oğlu Dadaş təqaüdçüdür.
Əlisəttar Məlikov 26 mart 1971-ci ildə vəfat etmişdir.[3]
Əlisəttar Məlikov əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlamışdır.[2] Bu teatrın səhnəsində Azərbaycan və xarici ölkə dramaturqlarının klassik və müasir əsərlərində müxtəlif səpgili rollar ifa etmiş, o cümlədən "Paris Notr-Dam kilsəsi" tamaşasında təlxəyin, "Bürünc büt"də polkovnik Olbiricin, "Balta haqqında poema"da Yevdokimin, "Tufan"da poruçik Yalavoyun, "Yanğın"da kolxoz sədri Tərxanın, "Hind qızı"nda Diksonun obrazlarını yaratmışdır.
Aktyor Ə. Məlikovun kinoya gəlişinin tarixçəsi də maraqlıdır. 30-cu illərin əvvəllərində "Azərfilm" kinostudiyasında 26 Bakı komissarı haqqında bədii filmi çəkmək üçün Gürcüstandan tanınmış rejissor Nikolay Şengelaya dəvət olunur. O, filmə aktyorları seçərkən, Türk İşçi Teatrında gənc aktyor Əlisəttar Məlikovun iştirak etdiyi tamaşaya baxır və ona bolşevik rolunu tapşırır. "26 komissar" filminin çəkilişləri, kinostudiyada olan işgüzar ab-hava Ə. Məlikovun o qədər xoşuna gəlir ki, o, həmişəlik "Azərfilm" studiyasında işləməyə qərar verir. Beləliklə, ilk film, ilk rol onun həyatını bütünlüklə kinematoqrafiyaya bağlayır.
Bundan sonra Ə. Məlikov kinoda iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət kinoaktyor, ikinci istiqamət rejissor assistenti, ikinci rejissor kimi.
Kinoaktyor kimi o, 1933-cü ildə "Neft simfoniyası" sənədli filmində çəkilmişdir. Filmdə göstərilir ki, Bakının yaxınlığında, Lökbatanda iri neft yatağı aşkar edilir. Bununla əlaqədar buruq qazılır və neftçilərin səbirsizliklə gözlədikləri gün gəlib çatır, neft fontan vurur. Neftçilər sevinir, bir-birlərini təbrik edirlər. Neftçilərdən birinin rolunu Ə. Məlikov oynayır.
Bundan sonra o, rejissor Mikayıl Mikayılovun "İsmət" filmində (1934) bortmexanik Məmmədov rolunda çəkilir. Aktyorun yaratdığı surət insanları yeni həyat quruculuğuna səsləyir. O, yeniliyin simvolu kimi yadda qalır.
Böyük dramaturqumuz Cəfər Cabbarlı eyniadlı əsəri əsasında yazdığı "Almaz" ssenarisini bir rejissor kimi ekranlaşdırmağı öz üzərinə götürmüşdü.[2] Buna görə də o, əvvəlcədən naturanı seçmiş, hətta rolları da aktyorlar arasında özü bölüşdürmüş, Barat roluna Əlisəttar Məlikovu təsdiq etmişdi. C. Cabbarlının qəfil vəfatı filmin çəkilişini ləngitsə də, rejissorlardan Ağarza Quliyev və Q. Bakinski bu işi başa çatdırdılar. Biz ekranda Ə. Məlikovu Barat rolunda gördük.
Rejissor V. Turinin 1938-ci ildə lentə aldığı "Bakılılar" tarixi-inqilabi kinoepopeyadır. Filmdə Əlisəttar Məlikov Cəfərin dostu, bolşevik rolunda çəkilmişdir.
Digər tarixi-inqilabi ekran əsərini — "Kəndlilər" filmini Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanov çəkmişdir. Filmin baş qəhrəmanı aşıq Göydəmirin silahdaşı Rəhimin surətini aktyor Ə. Məlikov yaratmış, Rəhimə xas olan nikbin əhval-ruhiyyəni, xarakterindəki insani keyfiyyətləri incə ştrixlərlə göstərə bilmişdir.
"Bakılılar" və "Kəndlilər"dən fərqli olaraq "Yeni horizont" bədii filmi müasir mövzudadır. Rejissorlardan Ağarza Quliyev və Q. Braginskinin 1940-cı ildə çəkdikləri film Bakı neftçilərinin həyatından, onların yeni neft yataqları kəşf etmələrindən danışır. Bu ekran əsərində Ə. Məlikov öz müasiri olan Rüstəm Abbasov rolunda çəkilmişdir.
Böyük Vətən müharibəsi illərində film qıtlığı olmasına baxmayaraq, Ə. Məlikov bir aktyor kimi üç filmdə çəkilmişdir. "Vətən oğlu" filmində arxa cəbhədə gecə-gündüz çalışıb cəbhəyə daha çox neft verməyə çalışan neftçi, "Bəxtiyar" filmində (1942) poçtalyon və "Bir ailə" kinoalmanaxında dalğıc Məmməd rollarını oynamışdır.
Müharibədən sonra, 1947-ci ildə rejissor Yefim Dziqan lentə aldığı "Fətəli xan" tarixi-bioqrafik filmində Ə. Məlikova ən gözəl obrazlardan birini — Hüseyn xan obrazını tapşırdı. Əlisəttar Məlikov bu obrazı elə çılğınlıqla, elə ehtirasla ifa edir ki, fikirləşirsən ki, o, aktyor yox, elə Hüseyn xanın özüdür. Gözlərinə baxanda hiss edirsən ki, fürsət düşən kimi o, Fətəli xandan intiqam alacaqdır. Bəli, Ə. Məlikovun ifasında Hüseyn xan çox yaddaqalan və maraqlı obrazlardan biri kimi Azərbaycan kino tarixinə düşmüşdür.
Aktyoru digər respublikalara da çəkilişlərə dəvət edirdilər. O, "Türkmənfilm" kinostudiyasının istehsal etdiyi "Mən qayıdacağam" bədii filmində Qurban rolunda oynamışdır. "Mosnauçfilm" (Moskva) kinostudiyasının çəkdiyi "Qazma rejimi" elmi-kütləvi filmində qazma ustası rolunda çıxış etmişdir.
Aktyor Ə. Məlikov Bakı kinostudiyasında filmlərə çəkilməklə yanaşı, 1948-ci ildən rejissor assistenti kimi də fəaliyyət göstərirdi.[2]
Əlisəttar müəllim "Doğma xalqımıza" bədii-sənədli filmindən başqa, "Almaz" (1936), "Kəndlilər" (1939), "Bəxtiyar" (1942), "Sualtı qayıq T-9" (1943), "Arşın mal alan" (1945), "O olmasın, bu olsun" (1956), "Mahnı belə yaranır" (1957), "Kölgələr sürünür" (1958), "Böyük dayaq" (1962) kimi bədii və bir neçə sənədli filmdə rejissor assistenti, "Bir qalanın sirri" film-nağılında (1959) II rejissor işləmiş, Azərbaycan kinosunun inkişafı naminə əlindən gələni əsirgəməmişdir.
Aktyor kimi
Rejissor assistenti kimi
İkinci rejissor kimi