Rza Təhmasib

Rza Abbasqulu oğlu Təhmasib (8 (20) aprel 1894, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası14 fevral 1980, Bakı) — Azərbaycanın kino və teatr rejissoru, aktyor və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1964).

Rza Təhmasib
1952 – 1956
ƏvvəlkiŞövkət Məmmədova
SonrakıMərziyyə Davudova
Şəxsi məlumatlar
Doğum tarixi 8 (20) aprel 1894
Doğum yeri
Vəfat tarixi 14 fevral 1980(1980-02-14) (85 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti aktyor, kinorejissor, teatr rejissoru, teatr pedaqoqu[d]
Dini islam

Təltifləri "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1943 2-ci dərəcəli "Stalin" mükafatı — 1946
"Şərəf nişanı" ordeni — 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən dövrlər və teatr fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rza Təhmasib Naxçıvanda dünyaya gəlmişdir. Elə uşaqlıqdan sənətə-teatra meyli olub. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq etmişdir. 1920-ci ildən isə bu müqtədir sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olmuşdur. 1922–1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərmişdir. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Və bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür.

Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçmişdir. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olmuşdur. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoymuş, müxtəlif rolları ifa etmişdir. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırmışdır.

Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi.

Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olmuşdur.

Kino fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rza Təhmasibin sənətə gəldiyi vaxt Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir dövrə təsadüf edirdi. Bu kinomuzun elə bir dövrü idi ki, onun inkişafını məhz teatr xadimlərimizin, rejissor və aktyorlarımızın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi. Bir çox klassik teatr xadimlərimiz həmin dövrdə kinomuzun ağırlığını öz çiyinlərində daşıdılar. Onlardan biri də Rza Təhmasib idi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında "Ordenli Azərbaycan" sənədli filmini çəkmişdi.

Müharibənin qızğın dövründə — 1941-ci ildə Rza Təhmasib "Səbuhi" filminin çəkilişlərinə başladı. Film 1943-cü ildə tamamlandı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Böyük mütəfəkkir Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından bəhs edən bu filmdə İsmayıl Dağıstanlı, Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi böyük sənətkarlar çəkilmişdi. Ancaq onun kinoda rejissor kimi ən uğurlu işi "Arşın mal alan" filmi oldu.[1] 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü.

"Arşın Mal Alan" kinokomediyası milli kinomuzun ən layiqli nümunələrindəndir və 75 ilə yaxındır ki, bu film dünya ekranlarını dolaşmaqdadır. Filmin uğurlu taleyinin bir səbəbi də rejissorların güclü aktyor ansamblı yarada bilmələrində idi. Leyla Bədirbəyli, Rəşid Behbudov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, İsmayıl Əfəndiyev, Mirzəağa Əliyev və digər korifeylər filmin müvəffəqiyyət qazanmasında mühüm rol oynadılar. R. Təhmasib 1950-ci ildə A. Zarxi və M. Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu Bağışlamaq Olarmı?" filmi oldu. Bu film 1959-cu ildə istehsal olunmuşdu və rejissor həllinə görə diqqəti çəkən, maraqlı film idi. Filmin ssenarisini rejissorun qardaşı, filoloq-alim M. Təhmasib yazmışdı.

Rza Təhmasibin həm də aktyor kimi kinomuzda yadigarları var. 1947-ci ildə istehsal olunmuş "Fətəli Xan" filmində ona Ağası xan rolu həvalə edilmişdi. Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Bu obraz öz xarakterinə və ifa üslubuna görə kino tariximizin nadir qəhrəmanlarındandır.

Rza Təhmasib ömrünün son illərini pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynamışdır.

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Onun AzərbaycanTürkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması, digər tərəfdən isə rus, ərəb, farstürk dillərini mükəmməl bilməsi ilə bağlı olmuşdur. 1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə"də dərs almağa başlamışdır. Məktəbdə ona rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənləri öyrədilmişdir. Beş il sonra "Məktəbi-tərbiyə"ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbinə daxil olmuşdur. 1909-cu ildə oranı da başa vurmuşdur. Tarixçi Musa Quliyev deyir ki, Rza Təhmasibin bu fəaliyyətə cəlb olunmasında Rzaqulu Nəcəfovun xüsusi rolu olmuşdur.

Rza Təhmasibin ictimai-siyasi fəaliyyətinin maraqlı dövrlərindən birini 1917–1918-ci illər təşkil edir. Naxçıvanın imperialist dövlətlərinin "didişmə mövqeyi"nə çevrildiyi, ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı qanlı qırğınların törədildiyi bir dövrdə – 1917-ci ilin qışında Rza Təhmasib Naxçıvana qayıdır. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Naxçıvanda keçirilən izdihamlı mitinqlərin əsas təşkilatçılarından və natiqlərindən birinə çevrilir. 1918-ci ilin yazında və yayında Naxçıvanda baş verən dəhşətli hadisələr zamanı ermənilərin Yaycıda, Nehrəmdə, Şahtaxtıda və başqa kəndlərdə törətdiyi qırğınların qarşısının alınması, Naxçıvan şəhərinin talanlardan qorunması üçün o, özünümüdafiə dəstələrinin tərkibində düşmənə qarşı mübarizə aparır, şəhərin müdafiəsində fəal iştirak edir, erməni quldur dəstələrinə qarşı döyüşür.

1918-ci ildən sonra fəaliyyətini Bakı şəhərində davam etdirən Rza Təhmasib Sovet hakimiyyəti qurulduqdan sonra – 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndə-likdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirir. Beləliklə, 1921-ci ilin sentyabr ayının əvvəllərində Tiflisdən Batuma yola düşən, buradan isə İtaliyanın "Reno" gəmisi ilə Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan SSR nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan "Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyinin tərkibi və onların aylıq əməkhaqqı cədvəli" adlı sənəddə göstərilir ki, Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olmuşdur.[2]

Rza Təhmasib burada nümayəndəliyin ən fəal əməkdaşlarından, Azərbaycan SSR-in Türkiyə Cümhuriyyətindəki ilk səfiri olmuş İbrahim Əbilovun yaxın köməkçilərindən birinə çevrilir. Eyni zamanda Türkiyənin mədəni həyatı ilə də yaxından tanış olur. Bu dövrdə Azərbaycan diplomatik nümayəndəliyinin təşkil etdiyi xeyriyyə tədbirlərinin, demək olar ki, böyük əksəriyyətinin ideya müəllifi və təşkilatçısı rolunda Rza Təhmasib çıxış edir. "Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət)" kitabında tədqiqatçı Fərqanə Hüseynova arxiv sənədləri əsasında nümayəndəliyin təşkil etdiyi bəzi tədbir və teatr tamaşaları haqqında məlumat vermişdir. Belə sənədlərdən biri olan "Azərbaycan Gecəsi Proqramı" ilə tanış olduğumuz zaman görürük ki, Rza Təhmasib həmin tədbirdə nümayiş etdirilən tamaşanın rejissorluğunu etməklə yanaşı, həm də burada iki rolun ifaçısı olmuşdur.

"Respublika" qəzetinin 17 fevral 2013-cü il tarixli nömrəsində "Diplomatiya tariximizdən" adlı məqaləsində müəllif Təranə Cəbiyeva da bu barədə məlumat verərkən yazır: "İbrahim Əbilovun rəhbərliyi ilə Azərbaycan səfirliyinin işçiləri xeyriyyə tədbirləri də keçirərdi. Belə tədbirlərin keçirilməsində məqsəd Türkiyədəki yetim uşaqlara maddi yardım göstərmək, qardaş ölkədə zəngin Azərbaycan mədəniyyətini təbliğ etmək idi. O illərdə səfirliyin əməkdaşları tərəfindən "Aşıq Qərib" operası nümayiş olunur. Nadir İbrahimov, Əsgər Topçubaşov, İsmayıl İsmayılov, Mirzə Davud Rəsulzadə ifa etdikləri rolların öhdəsindən məharətlə gəlirlər. İ. Əbilov konsertdə tarın, kamançanın, tütəyin səsləndirilməsinə də diqqət yetirirdi. Xeyriyyə tədbirlərində Rza Təhmasibin rejissorluğu ilə Ə. Haqverdiyevin "Bəxtsiz cavan" pyesi də tamaşaya qoyulur". Araşdırmalar göstərir ki, Rza Təhmasib nümayəndəliyin rəhbəri İbrahim Əbilovun vəfatından əvvəl, 1922-ci ilin avqustunda Vətənə geri dönmüş və sonrakı dövr fəaliyyətini teatr və kino sənətinin inkişafına həsr etmişdir.[3]

Kinossenarist, yazıçı Məmmədhüseyn Təhmasibin qardaşıdır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  2. Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 64 c.
  3. Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 130 s. [ölü keçid]
  4. R. A. Təhmasib yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2016-04-07 at Archive.todayanl.az saytı
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 418.
  • M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
  • Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 64 c.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]