Əli Qurbanov

Əli Mirzəli oğlu Qurbanov (20 iyun 1898, Tiflis14 oktyabr 1962, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).

Əli Qurbanov
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1914 – 1962
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938
"Lenin" ordeni — 1949 "Lenin" ordeni — 1959 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Əli Qurbanov 1898-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlamışdır.[1] İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxmışdır. 1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkir. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayırlar.

1917-ci ildə Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunur və həmin il Əli Qurbanov bu truppaya dəvət edilir. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edir.

Əli Qurbanov 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirir. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışmışdır. O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynamışdır.[2]

1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis teatrı həmin il Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Həmin vaxtdan etibarən digər aktyorlarla birlikdə Əli Qurbanov da həmin teatrın aktyoru olur. O, Tiflis Dövlət Azərbaycan Dram Teatrının tərkibində 1922-ci ildə Türkiyəyə, 1925-ci ildə isə İrana qastrol səfərlərində olmuşdur.

O, 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada fəaliyyət göstərmişdir.[2]

Əli Qurbanov 50 ildən artıq səhnədə olmuşdur. Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan obrazlar yaratmışdır.[3]

Gürcüstan SSR əməkdar artisti Abbas Qurbanovun qardaşı, Azərbaycan SSR xalq artisti Möhsün Sənani və Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur.[2]

Adlar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  1. Əli Qurbanov // Большая советская энциклопедия[в 30 т.]. Бари — Браслет (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1970. ст. 277.
  2. 1 2 3 "Əli Qurbanov Tiflis teatrında". medeniyyet.az (az.). 29 fevral 2012. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2020.
  3. İlham Rəhimli. Əli Qurbanov // Azərbaycan Teatr Ensiklopediyası. Bakı: "Azərnəşr". 2016. səh. 356.
  4. "М. Әзизбәйов адына Азәрбайҹан Дөвләт Драм Театры ишчиләринин орден вә медалларла тәлтиф эдилмәси һаггында ССР Али Совети Рәясәт Һей'әтинин Фәрманы". № 143 (8099). Коммунист. 23 июл 1949-ҹу ил: 1.
  • Cəlil Məmmədquluzadə Ensiklopediyası (az.). Bakı. 2008. səh. 159.
  • "50 ildən artıq böyük səhnədə". Kaspi. 21 iyun 2011.