Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası personajlarının siyahısı

Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası təbliğat afişası

Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası FX telekanalında yayımlanan Amerikan qorxu hekayəsi antologiya serialının ikinci mövsümüdür. Mövzusu müqəddəslik və dinlə elmin əlaqəsi olan ikinci mövsümdə Massaçusetsdəki Briarkliff adlı psixiatriya xəstəxanasında 1964-cü ildə cinayətlər və münasibətlər təsvir olunur. Qanunsuz həbs edilmiş xəstəxana sakinləri, o cümlədən soyuqqanlı qatil hesab edilən Kit Uolker və Qreys Bertrand, nimfoman hesab edilən Şelli və lezbiyan jurnalist Lana Uinters xəstəxanadan qaçmaq istəyərkən sirrli hadislərlə üzləşirlər. Xəstəxananın sadist iş heyətinin başında rahibə Cud Martin durur. Ganahsız rahibə və psixoloq haqqında həqiqətlər ortaya çıxdıqda hər şeyin göründüyü kimi sadə olmadığı müəyyənləşir.

Əsas aktyor heyətinə serialın veteran aktyorları Sara Polson, Cessika Lanc, Evan Peters, Zaxari Kuinto və Lili Reyb, həmçinin, Lizzi Broşere, Ceyms Kromvel və Cozef Fayns daxildir. Xüsusi qonaqlar Yan MakŞeyn, Xloya Seviqni və Adam Levindir. Birinci mövsümdə rol almış Frensis Konroy və Dilan MakDermott da ikinci mövsümdə yenidən seriala qayıtmışlar.

Aktyor heyəti[redaktə | mənbəni redaktə et]

Əsas rollar[redaktə | mənbəni redaktə et]

Aktyor Personaj Rol
Zaxari Kuinto Həkim Oliver Tredson Əsas
Cozef Fayns Monsinyor Timoti Hovard Əsas
Sara Polson Lana Uinters Əsas
Evan Peters Kit Uolker Əsas
Lili Reyb Mari Yunis MakNi bacı Əsas
Lizzi Broşere Qreys Bertrand Əsas
Ceyms Kromvel Həkim Artur Arden Əsas
Cessika Lanc Cud Martin bacı Əsas

Köməkçi rollar[redaktə | mənbəni redaktə et]

Actor Character Role
Cenna Devan-Tatum Tereza Morrison Köməkçi
Barbara Tarbak Baş rahibə Klaudiya Köməkçi
Xloya Seviqni Şelli Xüsusi qonaq ulduz
Fredrik Len Frenk MakKann Köməkçi
Britni Oldford Alma Uolker Köməkçi
Frensis Konroy Şaxat Köməkçi
Dilan MakDermott Conni Morqan Köməkçi
Klea DüVall Vendi Peyser Köməkçi
Naomi Qrossman Pepper RecuKöməkçirring
Adam Levin Leo Morrison Köməkçi
Yan Makşeyn Leya Emerson Xüsusi qonaq ulduz
Mark Engelhardt Karl Köməkçi
Mark Konsuelos Spivi Köməkçi
Mark Marqolis Sem Qudvin Köməkçi
Franka Potente Anna Frank / Şarlotta Braun Xüsusi qonaq ulduz

Obrazlar[redaktə | mənbəni redaktə et]

Əsas obrazlar[redaktə | mənbəni redaktə et]

  • Həkim Oliver Tredson (Zaxari Kuinto) Briarkliff xəstəxanasında çalışan psixiatrdır. Onun xəstəxanaya gəlişi Cud bacı ilə münaqişələrinin yaranmasına səbəb olur. Əvvəlcə o, Kitin psixi porblemlərinin olub-olmamasını araşdırır və onu cinayəti etiraf etməyə təhrik edərək bu halda ölüm cəzasıından xilas ola biləcəyinə inandırır. Xəstəxanada tətbiq edilən müalicə vasitələri Tredsonu təəccübləndirir. Cud bacı onu bəyənmir və Cudun azyaşlı qız uşağını öldürməsi haqqında köhnə qəzet xəbərini stolun üstünə qoymasından sonra Cud bacı onu iki həftəlik xəstəxanadan uzaqlaşdırır. Lakin, əslində həmin qazeti şər qüvvə tərəfindən ələ keçirilmiş Mari Yunis bacı qoyur. Lana Tredsona güvənməyə başlayır və xahiş edir ki, sevgilisi Vendi üçün yazdığı məktubu ona çatdırsın. Tredson Lanaya deyir ki, məktubu çatdırmaq üçün Vendinin evinə getdikdə, evi boş görüb. O, ikrah terapiyasından istifadə edərək Lananın homoseksualizmini müalicə etmək istəyir, lakin, onun ağıllı olduğunu gördükdə terapiyadan imtina edir. Baxmayaraq ki, Kit heç nəyi xatırlamır, Tredson onun qətl etirafını lentə alır. Xəstəxanaya qayıtdıqdan sonra Tredson Lanaya söz verir ki, xəstəxanadan qaçmağa və orda baş verən dəhşətləri hər kəsə çatdırmağa kömək edəcək. O, Lananı qaçırır və evə gəldikdə burada ona “Qanlı üz” olduğunu, Vendini öldürdüyünü deyir. Tredson ona deyir ki, uşaq vaxtı anası tərəfindən tərk edilib, bir gün anasının qayıdacağı ümidilə həmişə ona əvəz axtarıb. Tredson Lananı evində həbs edərək dəfələrlə zorlayır. Uğursuz qaçış cəhdindən sonra Lana yenidən Briarkliffə qaytarılır, Tredson əsl kimliyini gizlədərək yenidən həkim kimi xəstəxanaya qayıdır. Burada o, Lananın planlarına mane olaraq, heç kimin onun sözlərinə inanmayacağını və onu qətllərlə əlaqələndirəcək bütün dəlilləri məhv etdiyini deyir. Lana onu öldürmək istəyir, lakin, Kit xahiş edir ki, tredsonun qatil olmasını sübut edəcək dəlil əldə edənə kimi gözləsinlər və bu halda Kitin də günahsızlığını sübut etmiş olsunlar. Onlar Tredsonu tərk edilmiş anbarda bağlayırlar, Lana onun yanına gələrək hamilə olduğunu və üç qadının öldürülməsini etiraf etməyəcəyi halda hamiləliyini yarımçıq dayandıracağı ilə hədələyir. Tredsonla söhbət başa çatdıqdan sonra o başa düşür ki, bütün müzakirə Kit tərəfindən lentə alınıb. Sonra Lana lent yazıları ilə birlikdə qaça bilir. Mari Yunis Tredsonu azadlığa buraxır və xəstəxanada daimi sığınacaq təklif edir. Tredson bildirir ki, doğuşdan sonra Lananı öldürməyi planlaşdırır, o vaxta kimi isə onun sağ qalmasını istəyir. Kitlə razılığa gələn Tredson lent yazısı qarşılığında ona xəstəxanadan çıxmağa kömək edəcəyini söz verir. Evə qayıdan Tredson burada silahlanmış Lana ilə qarşılaşır. Lana ona lent yazısının polislərə təhvil verildiyini deyir. O, sirrinin açıldığını başa düşür. Lana ona deyir ki, törətdiyi qətllərə görə ölüm cəzasına məhkum ediləcək, əvəzində onu ələ salan tredson heç bir məhkəmənin ruhi xəstəyə ölüm cəzası verməyəcəyini deyir. Bundan sonra Lana atəş açaraq onu öldürür. Canlandırdığı bu rola görə Kuinto 2013-cü ildə Film/Miniserialda Ən yaxşı ikinci plan kişi roluna görə Tənqidçilərin Seçimi Televiziya Mükafatına layiq görülmüş[1], Film və ya Miniserialda Əlamətdar Aktyor nominasiyasında Praymtaym Emmi mükafatına[2] namizəd göstərilmişdir.
  • Monsinyor Timoti Hovard (Cozef Fayns) – Cud bacının rəhbəri olan rahib və onun seksual fantaziyalarının obyektidir. Monsinyor və Cud bacı xəstəxananı birlikdə yaradıblar və o, hətta yeparxiya yepiskopu olduqda belə onu öz yanında saxlamaq niyyətindədir. Onun Dr. Ardenin insanlar üzərində təcrübələr aparmasından xəbəri olsa da, Arden Monsinyora insanlığa kömək etmək məqsədi güddüyünü deyir. Lakin, “Bədheybətliyin mənşəyi” seriyasında ciddi mutasiyaya uğramış Şellini palatada görənə kimi təcrübələrin hansı səviyyədə olmasını anlamır.[3] Sirrlərin xəstəxanada saxanmasını təmin etmək və Şellini əziyyətlərdən qurtarmaq üçün sonuncu ayin zamanı onu boğaraq öldürür. Monsinyor Timoti Ardenin təcrübələrinə qarşı çıxmağa çalışdıqda o, Monsinyotun şəxsən təcrübələrə icazə verdiyini və polisin xəbər tutacağı halda onun da iştirakçı kimi məsuliyyətə cəlb ediləcəyini xatırladır. Mari Yunis Cud bacını Frankın ölümündə günahlandırdıqda Monsinyor Cud bacını xəstə kimi qəbul edərək digər xəstələrlə yanaşı yerləşdirir. Günahlarını yumaq üçün Li Emersonu vəftiz edir. Vəftiz hovuzunda Li Monsinyorun başından tutaraq huşunu itirənə kimi suyun altında saxlayır, daha sonra isə onu İsa kimi xaça mıxlayır. Ölüm ayağında olarkən Şaxnat Monsinyorun gözünə görünərək şeytanın xəstəxanada yaşadığını və onun borcunun şeytanı xəstəxanadan qovmaq olduğunu deyir. Mari Yunis bacı Monsinyorun sağalması üçün ona qulluq edir, lakin, rahib onun bədəninə girmiş şeytanı qovmağa cəhd etdikdə Mari Yunis bacı ona cinsi təcavüz edir. Daha sonra Cud bacını ziyarət edən Monsinyor ondan nə etmək haqqında məsləhət istəyir, Cud bacı isə Mari Yunisin öldürülməsini tələb edir. Mari Yunis Vatikan üzərində nəzarətin əldə edilməsi üçün Monsinyora birlikdə işləməyi və Papa rütbəsini təklif edir. Lakin pilləkənə yaxınlaşanda əsl Mari Yunis bacı bir anlıq şeytana qalib gələrək Monsinyordan onu öldürərək xilas etməyi xahiş edir. Şeytan yenidən onun bədəninə hakimlik əldə etməmiş Monsinyor Mari Yunis bacını pilləkəndən itələyərək öldürür. Lananın xəstəxanadan çıxmasından sonra Monsinyor onu və polisi aldadaraq Cud bacının sui-qəsd nəticəsində öldüyünü deyir, lakin, uzun illər sağ olan Cud bacı xəstəxanada gizlədilir. Monsinyor Timoti Nyu-York kardinalı rütbəsinə yüksəldilir, xəstəxananı tərk edərkən cud bacıya onun götürmək üçün mütləq gələcəyini desə də, heç vaxt geri qayıtmır. Kardinal kimi fəaliyyət göstərdiyi günlərdə artıq məşhurluq əldə etmiş Lana çəkiliş heyəti ilə onun yanına gələrək Həkim Ardenin insanlar üzərində təcrübələr aparması haqqında sual verir. Kardinal Timoti deyilənlərin yalan olduğunu bildirdikdən sonra maşına minərək qaçır. Lakin, ertəsi gün bəlli olur ki, o, damarlarını kəsərək intahar edib.
  • Lana Uinters (Sara Polson) ambisiyalı gənc jurnalistdir. O, Briarkliffin sirrlərini açmaq üçün xəstəxanaya üz tutur. Lana lezbiyandır və sevgilisi Vendi ilə birlikdə yaşayır, münasibətlərini isə ətrafdakı insanlardan gizlədir. İlk dəfə o, xəstəxanaya oranın çörəkxanası haqqında məqalə yazmaq adı ilə gəlir, lakin, əsl məqsədi Kit Uolker olduğu düşünülən “Qanlı üz”lə müsahibə etmək olur. Cud bacı Lananın hərəkətlərindən şübhələnir, onu izləyir və homoseksual olduğuna görə psixi xəstəxanada həbs edir. Lana Vendinin ona xəyanət etməsindən qəzəblənir, lakin, bilmir ki, Cud bacı Vendini şantaj edərək susmasını tələb edib. Xəstəxanada Lanaya qarşı iyrənc ikrah terapiyası tətbiq edilir. “Mən Anna Frankam (II hissə)” seriyasında həkim Tredson Lanaya Briarkliffdən qaçmağa kömək edir.[4] Daha sonra evdə Lanaya əsl “Qanlı üz” olduğunu deyən Tredson Lananın onun uşağının anası olmasını istədiyini, buna görə də sağ qalacağını deyərək, ona cinsi təcavüz edir. Lana Tredsonun əlindən qaçmağa nail olsa da, sonda yenidən xəstəxanaya qaytarılır. Bu dəfə xəstəxanada onun yanına gələn Tredson Lananı öldürməyə cəhd etsə də, Kit buna maneə törədir. Onlar birlikdə Tredsonu həbs edərək əlini bağlayırlar. Lana Tredsonu öldürmək istəsə də, Kit buna imkan vermir, çünki, günahsızlığını sübut etmək üçün onu günahı öz boynuna almasına ehtiyac var. Hamilə olduğunu öyrənən Lana törətdiyi qətlləri etiraf etməsə uşağı öldürməklə hədələyərək Tredsonun etiraf etməsinə nail olur. Daha sonra o, uşağı abort etmək istəsə də, bu cəhd uğursuzluqla nəticələnir. Tredsonun etirafı yazılmış səs yazısını ələ keçirən Lana xəstəxanadan qaçmağa nail olur və Cud bacıya söz verir ki, bir gün mütləq onun arxasınca gələcək. Daha sonra silahla Tredsonun evinə gələn Lana onu öldürür. Daha sonra uşağı dünyaya gətirən Lana onu övladlığa verir. 1968-ci ildə Lana Tredson və onun xəstəxanada törətdiyi hadisələrdən bəhs edən “Manyak: Bir qadının yaşama hekayəsi” adlı kitab yazır, “The New York Times bestseller” siyahısına düşən kitab müəllifinə məşhurluq gətirir. Tredsonun etirafından sonra azadlığa çıxmış Kit xəstəxananı bağlatdırmaq haqqında Cud bacıya verdiyi sözə sadiq qalaraq fəaliyyət göstərməyə başlayır, Lana bu işdə ona kömək edir. 1971-ci ildə Lana məşhur jurnalist kimi nüfuzundan xəstəxananın bağlanması üçün istifadə etmək qərarına gəlir. Gizli tunel vasitəsiylə xəstəxanaya gələn Lana “Briarkliff çılpaqlığıyla” adlı sənədli film çəkir. 2013-cü ildə Lananın seksual orientasiyasını heç kimdən gizlətmədiyi və yeni sevgiliyə malik olduğu göstərilir. 75 yaşlı Lana müsahibə verərkən oğlu haqqında yalan dediyini və əslində hələ də onun sağ olduğunu bildirir. Müsahibədən sonra televiziya işçisi kimi binaya daxil olmağa daxil olmuş Conni anasına “sürpriz” etmək istəsə də, məlum olur ki, Lana əslində onun çəkiliş yerində olmasından xəbərdar imiş. Atası “Qanlı üz”ü ideallaşdıran və özünü ona oxşadaraq qətllər törədən Conni, atasının ölümü, onu abort etmək istəyi və daha sonra tərk etməsinə görə Lananı öldürmək istəsə də, Lana cəld davranaraq onu öldürür. Lana roluna görə Sara Polson Film və ya mini serialda ikinci plan qadın roluna görə Tənqidçilərin Seçimi Televiziya Mükafatına layiq görülmüş[5], Televiziyada Ən yaxşı aktrisa nominasiyasında Saturn mükafatına[6] və Miniserial və ya filmdə əlamətdar ikinci plan aktrisası nominasiyasında Praymtaym Emmi mükafatına[7] namizəd göstərilmişdir.
  • Kit Uolker (Evan Peters) Briarkliffdə saxlanan “xəstə”lərdən biridir. Onun bir neçə qadının, o cümlədən həyat yoldaşı Almanın qətlində günahlandırılan “Qanlı üz” adlı seriya qatili olması düşünülür. Kiminsə onların ailəsinə zərə verməsindən qorxan Kit və Alma irqlərarası nigahlarını gizlin saxlayırdılar. “Briarkliffə xoş gəlmisiniz” adlı birinci seriyada Kit bayırda səslər eşidərək nə olmasına baxmaq üçün evdən çıxır. Evə qayıtdıqda insanabənzər boz varlıqlar tərəfindən tavana qaldırılan Kitin həyat yoldaşı yoxa çıxır.[8] Həyat yoldaşı Almanın heç bir xəbər olmadan yoxa çıxmasından sonra, Kitin “Qanlı üz” adlı seriya qatili olmasına və bir neçə qadını öldürməsinə inanılır. Xəstəxanada Həkim Arden Kitin üzərində sadistik təcrübələr apararaq onun bədəninə yad planetlilər tərəfindən yerləşdirilmiş mikroçipi axtarır. Kitlə xəstələrdən biri olan Qreys arasında romantik münasibətlər yaranır və onlar cinsi əlaqədə olurlar. “Mən Anna Frankam (II hissə)” seriyasında Kit Tredsonun etirafını lentə yazır.[4] Lakin sonradan həbs edilən Kit, bir müddət sonra qaçmağa nail olur. Daha sonra Kit Qreysi azad etmək üçün xəstəxanaya qayıtsa da, açılan atəş nəticəsində Qreys vəfat edir. Onun bədəni yad planetlilər tərəfindən oğurlanır. Öz adını təmizə çıxarmaq ümidi ilə Kit Tredsonu sağ saxlayır. Yad planetlilər Qreysi geri qaytarırlar, sonradan Qreysin Kitdən hamilə olması göstərilir. Qreys bildirir ki, Kitin ölmüş hesab edilən həyat yoldaşı Almanı yad planetlilərin yanında görüb. Kit azad edildikdə, Monsinyordan xahiş edir ki, onsuz da sənədlərdə ölmüş kimi qeyd olunmuş Qreysin və uşağın onunla getməsinə icazə versin. Kit təhdid edərək, tələbinin yerinə yetirilməyəcəyi halda xəstəxanada baş verənlər haqqında məlumat yayacağını bildirir və Monsinyor razılaşmalı olur. Yeni ailəsi ilə köhnə evinə qayıdan Kit, burada Alma və övladının onu gözlədiyini görür. 1967-ci ildə Kit, Qreys və Alma övladları Tomas (Qreysin övladı) və Culiya (Almanın övladı) ilə birgə poliamorf ailədə yaşayırlar. Qreysin yad planetlilərlə əlaqəli olduğunu iddia edərək balta ilə onu öldürür, daha sonra isə özü xəstəxanada ölür. Kit Almanı ziyarət etmək üçün xəstəxanaya gedərkən burada Cud ilə qarşılaşır. Bundan sonra Lananı ziyarət edən Kit ona deyir ki, söz verdiyi üçün Cuda kömək etməlidir. Cud xəstəxanadan azad edilir, lakin sakitləşdiricilərin uzun illər qəbulu onun psixikasına təsir edir. Buna baxmayaraq Kitin övladları Tomas və Culiya onu sakitləşdirə bilirlər. Altı ay Kitin ailəsində yaşayan Cud onun övladlarına baxır, daha sonra isə vəfat edir. “Kədər sona çatır” adlı seriyada Lana müsahibə zamanı bildirir ki, o, Tomas və Culiyanın xaç anasıdır, Kit isə Ellison adlı bir qızla evlidir. 40 yaşında xərçəng xəstəliyinə tutulan Kit heç bir xəbər olmadan yoxa çıxır.[9] Bu rola görə aktyor Piter Evans Teleserial, miniserial və ya televiziya filminə ən yaxşı ikinci plan aktyoru nominasiyasında Peyk mükafatına[10] namizəd göstərilmişdir.
  • Mari Yunis MakNii bacı (Lili Reyb) Briarkliffdə Cud bacının idarəçiliyi altında çalışan gənc rahibədir. Saflığı və günahsızlığına görə Cud bacının sevimlilərindən biridir. Mari Yunis xəstəxanada çətin vəziyyətə düşən hər kəsə kömək etməyə çalışır. Tez-tez Həkim Arden ondan meşədəki naməlum varlıqlara ət aparmağı xahiş edir, lakin ona həmin varlıqlar haqqında heç bir məlumat vermir. Lakin, şeytan qovma ayinində iştirak zamanı Mari Yunis bacı şər qüvvə tərəfindən ələ keçirilir və onun günahsız şəxsiyyəti hiyləgər və manipulativ obraza çevrilir. Mari Yunis xəstələri öldürərək onların ətini Həkim Ardenin varlıqlarına yedirir. Qısa zamanda o, Vatikanı ələ keçirmək üçün planlar qurmağa başlayır. Cud bacı vəzifəsindən uzaqlaşdırılan kimi onun vəzifəsini tutur. Şaxatla danışıq zamanı qısa zamanda azad olan əsl Mari Yunis bacı ondan ölüm verməsini xahiş edir, lakin, şər qüvvə yenidən onun bədəninə sahiblənərək səsini batırır. Cud Bacı Həkim Ardenin həqiqətəndə faşist alimi aolmasını öyrənmək üçün tədqiqatçı tutduqdan sonra, Mari Yunis həmin tədqiqatçısını öldürərək sübutların bir neçəsini gələcəksə şantaj kimi istifadə etmək üçün özündə saxlayır. Cud bacı onun bədəninin şər qüvvələr tərəfindən ələ keçirilməsini başa düşən kimi, Mari Yunis bacını xilas etməyi düşünür, lakin, planı həyata keçirməyə imkan tapmamış Leya Emerson ilə bir palataya salınır. O, Cud bacını Frenkin ölümündə günahlandıraraq xəstəxanda həbs edilməsinə nail olur. “Qanlı üz” olmasını bildiyinə baxmayaraq, Mari Yunis Həkim Tredsonu tam ştatlı psixoloq kimi xəstəxanaya işə götürür. Monsinyor Timoti Li tərəfindən çarmıxa çəkildikdən sonra onu ziyarət edən Şaxat şeytanın xəstəxanadakı rahibələrdən birinin bədənində yaşadığını deyir. Bundan sonra Monsinyor şər qüvvəni Mari №Yunisin bədənindən qovmağa çalışır və rahibə Monsinyora cinsi təcavüz edir. Daha sonra, o, Monsinyora birlikdə çalışaraq onu Papa rütbəsinə qədər yüksəltməyi təklif edir, lakin, imtina cavabı alır. Əsl Mari Yunis bacı bir neçə saniyəlik xilas olaraq Monsinyordan onu öldürərək xilas etməyi xahiş edir, Monsinyor Mari Yunisi pilləkəndən itələyərək öldürür. Ölüm mələyi Şaxat oraya gələrək həm qəddar ruhu, həm də Mari Yunis bacının ruhunu aparır. Mari Yunis roluna görə aktrisa Lili Reyb Film və ya miniserialda ən yaxşı ikinci plan aktrisası nominasiyasında Tənqidçilərin Seçimi Televiziya Mükafatına namizəd göstərilmişdir.[11] Personaj serialın dördüncü mövsümünün “Yetimlər” adlı seriyasında yenidən ekrana qaytarılmışdır.
  • Qreys Bertrand (Lizzi Broşere) ailəsini öldürməkdə günahlandırılaraq Briarkliffdə saxlanılan “xəstə”lərdən biridir. Danışıq ləhcəsi və fransız dilini bilməsinə görə onun Fransadan gəlmiş immiqrant olması güman edilir. Qreys qısa zamanda seriya qatili olması güman edilən Kitlə dostlaşır və cütlük bir neçə dəfə uğursuz qaçma cəhdi edir. Qreys Kitə deyir ki, o, atası və analığının bir nəfər tərəfindən öldürülməsini görsə də, onların ölümündə günahlandırılır. Frenk Qreys və Kiti seks zamanı tutur və Cud bacı onların qırx şallaqla cəzalandırılmasını əmr edir. Kit Qreysin sənədlərini oxuyur və onu yalan danışmaqda ittiham edir, bundan sonra Qreys altı il atası tərəfindən təcavüzə məruz qaldığını və analığının buna göz yumduğunu, daha sonra isə onların ikisini də öldürdüyünü etiraf edir. Daha sonra Həkim Ardenin əməliyyat masasından yad planetlilər Qreysi aparırlar. Qaytarıldıqdan sonra Kit onun qanaxması olduğunu görür və mayalanmasının süni yolla dayandırıldığını düşünür. Frenk Kitə atəş açarkən özünü qabağa verən Qreys yaralanır. Həkim Arden yaratdığı bədheybətlərə yedirtmək üçün onun bədənini götürsə də, yad planetlilər yenidən onu aparırlar. Bir müddət sonra onlar doğuş üçün Qreysi geri qaytarırlar. Qreysin dünyaya gətirdiyi uşağı Tomas adlandırırlar. Kit azad edildikdə, Monsinyordan xahiş edir ki, onsuz da sənədlərdə ölmüş kimi qeyd olunmuş Qreysin və uşağın onunla getməsinə icazə versin. Kit təhdid edərək, tələbinin yerinə yetirilməyəcəyi halda xəstəxanada baş verənlər haqqında məlumat yayacağını bildirir və Monsinyor razılaşmalı olur. Yeni ailəsi ilə köhnə evinə qayıdan Kit, burada Alma və övladının onu gözlədiyini görür. 1967-ci ildə Kit, Qreys və Alma övladları Tomas (Qreysin övladı) və Culiya (Almanın övladı) ilə birgə poliamorf ailədə yaşayırlar. Qreysin yad planetlilərlə əlaqəli olduğunu iddia edərək balta ilə onu öldürür.
  • Həkim Artur Arden (Ceyms Kromvel) Briarkliff xəstəxanasının əsas psixiatrıdır. Üçüncü Reyx zamanı faşist alimi kimi fəaliyyət göstərmiş Ardenin əsl adı Hans Qrüperdir. Qadınlara qarşı zorakılıq və bondaj fetişi ilə əlaqəli keçmişi olan Ardenin qurbanları arasında Elza Mars da vardır. Amerikaya sığınaraq yeni ad altında yaşayan Arden Briarkliffin ilk həkim heyətinə daxil olan şəxslərdən biridir. Burada o, kimsəsiz xəstələr üzərində sadistik təcrübələr apararaq nüvə müharibəsi baş verəcəyi halda insanlığı xilas etmək üçün yollar axtarır. Hesabatlarda xəstələrin təbii yolla ölməsi qeyd edilsə də, Monsinyor əslində onların Arden tərəfindən öldürüldüyünü bilir. Həkim Arden yaratdığı bədheybətləri xəstəxananı əhatə edən ağaclıq əraziyə buraxır, öldürdüyü insanları ətləri ilə bəsləyir. Mari Yunis bacı ilə maraqlanan Arden, hətta onun şər qüvvələr tərəfindən ələ keçirildiyi vaxtda belə sadiqliyini qoruyur. Tez-tez Cud bacı ilə toqquşan Arden xəstəxana üzərində hökmranlıq uğrunda mübarizə aparır. Kitin bədənində mikroskopik inplant aşkarladıqdan sonra, Arden Kitlə maraqlanmağa başlayır. Şellinin ayaqlarını amputasiya etməzdən əvvəl Arden ona cinsi təcavüz etməyə çalışır. Anna Frank olduğuna inanan Şarlotta Braun adlı xəstə Ardenin əsl adını deyərək onun faşist olduğunu bildirdikdən sonra, Cud bacı həqiqəti üzə çıxarmaq üçün Sem Qudman adlı xəfiyyəni işə cəlb edir. Lakin, Mari Yunis bacı onu öldürərək gələcəkdə Ardeni şantaj edə bilmək üçün bəzi dəlilləri ələ keçirir. Arden, Mari Yunis və Leya birlikdə Cud bacını Frenkin ölümündə təqsirləndirərək xəstəxanada həbs edirlər. O, yadplanetlilərin yenidən qayıtması üçün Kitin üzərində təcrübə aparır. Təcrübə uğurla nəticələnir, yad planetlilər Pepper və hamilə Qreyslə qayıdaraq Kiti xilas edirlər. Pepper Ardenə deyir ki, yad planetlilər ona və onun təcrübələrinə gülürlər. Bundan sonra Mari Yunislər birgə yaratdığı bədheybətləri yedirtməyə gedən Arden onları güllələyərək öldürür. Monsinyorun Mari Yunisi öldürməsindən sonra Həkim Arden özünü də onun cəsədi ilə birgə kremasiya edir. Həkim Artur Arden obrazına görə aktyor Ceyms Kromvel Film və ya miniserialda ən yaxşı ikinci plan roluna görə Tənqidçilərin seçimi Televiziya Mükafatına namizəd göstərilmiş[12] və Miniserial və ya filmdə əlamətdar ikinci plan kişi roluna görə Praymtaym Emmi Mükafatını qazanmışdır.[13] Serialın dördüncü mövsümündə Ceyms Kromvelin oğlu Con Kromvel fleşbeklərdə gənc Ardeni canlandırır. Gənc Arden dördüncü mövsümün “Şou dayandırıcıları” adlı seriyasında Elza və Massimo Dolçefinoların xatirələrində gənc Hans Qrüper kimi görünür.
  • Cud Martin bacı (Cessika Lanc) keçmiş qaranlığa malik olan və Briarkliffi idarə edən rahibədir. Əvvəlcə onun xəstələrə qarşı qəddar olması göstərilsə də, sonradan onun qayğıkeş və diqqətcil olması və sərtliyinin də burdan qaynaqlanması aydın olur. Onun Monsinyor Timoti Hovard haqqında seksual fantaziyaları var və bir gün birlikdə olacaqlarını düşünür, lakin, Həkim Ardeni dəstəkləmir, onun xristianlığa inamı olmaması və xəstəxana üzərində təsirinə görə bəyənmir. “Konfet” adlı seriyada 1949-cu ildə gecə klubunda müğənni işləyən Cud Martinin törətdiyi avtomobil qəzası zamanı azyaşlı qız uşağını vurması göstərilir. Sonradan bəlli olur ki, məhz törətdiyi həmin avtomonil qəzasına görə Cud Martin rahibə olmağa qərar verir.[14] Özünü Anna Frank hesab edən qızın Həkim Ardenin nasist həkim Hans Qrüper olmasını elan etməsindən sonra Cud bacı bu məsələni tədqiq etmək üçün nasistlər üzrə tədqiqatçı olan Sem Qudmanı xəfiyyə tutur. Arden Monsinyorun fikirləri ilə manipulyasiya edərək onu Briarkliffin rəhbərliyindən uzaqlaşdırılmasına çalışır. Xəfiyyə Sem Qudmen Ardenlə bağlı dəlillər tapdığını bildirsə də, Mari Yunis xəfiyyəni öldürür. Cud bacı Mari Yunis bacının şər qüvvə tərəfindən ələ keçirildiyini anladıqdan sonra ekzorsizm keçirməyə çalışır. Sui-qəsd etməyə qərar verən Cud bacı vaxtilə öldürdüyü azyaşlı qızın ailəsini ziyarət edir. Bu zaman məlum olur ki, azyaşlı qız həmin qəza zamanı ölməyib və hələ də sağdır. Bundan sonra Cud bacı inanır ki, Tanrının sırf onun üçün nəzərdə tutulmuş planı var və Briarkliffdə baş verən qeydi-insani əməllərə məhz o son qoymalıdır. O, Briarkliffə qayıdaraq bu vaxta kimi etdiyi bütün səhvləri aradan qaldırmağı planlaşdırır, lakin, Frenkin ölümündə günahlandırılaraq özü xəstə kimi həbs edilir. Rahibə Klaudiya onu ümumi zalda ziyarət etdikdə, Cud bacı ondan xahiş edir ki, Lananın azadlığa çıxmasına kömək etsin. Lana qaçmazdan əvvəl Cud bacını ziyarət edərək qayıdacağını və onu xilas edəcəyini bildirir. Bir neçə il sonra xəstəxanaya qayıdan Lana Monsinyor Hovarddan Cud bacının sui-qəsd nəticəsində öldüyünü öyrənir. Bir neçə il sonra, həyat yoldaşı Almanı ziyarət edərkən Kit Cud bacını görür və bu haqqda Lanaya xəbər verir. Monsinyor yeni dini rütbə alarkən Cudun Nyu-York kardinalı kimi namizədliyini irəli sürəcəyini bildirsə də, heç vaxt onun üçün xəstəxanaya qayıtmır. 2013-cü ildə Lana sənədli film çəkiliş heyəti ilə birgə xəstəxanaya gələrək Cud bacını axtarır, lakin tapa bilmir. Sonradan məlum olur ki, Kit Cud bacını azad edərək evinə gətirir. Onun uşaqları Tomas və Culiya Cud bacının ruhi vəziyyətinin yaxşılaşmasına təsir edirlər. Bir müddət Cud bacı bu ailədə xoşbəxt yaşasa da, altı ay sonra xəstəlikdən vəfat edir. Cud Martin roluna görə aktrisa Cessika Lanc Drama serialında əlamətdar aktrisa performansı nominasiyasında Ekran Aktyorları Gildiyasının Mükafatına[15], Televiziyada ən yaxşı ikinci plan aktyor oyunu nominasiyasında Saturn mükafatına[16], Miniserial və ya televiziya filmində ən yaxşı aktrisa nominasiyasında Qızıl Qlobus mükafatına[17], Miniserial və ya Filmdə əlamətdar əsas aktrisa performansı nominasiyasında Praymtaym Emmi Mükafatına[18] namizəd göstərilmişdir.

Köməkçi obrazlar[redaktə | mənbəni redaktə et]

  • Şelli (Xloya Seviqni) – nimfoman diaqnozu ilə Briarkliffə yerləşdirilmiş xəstərlərdən biridir. Bass ifaçısı ilə evlənmiş Şelli əvvəl evdar xanım olsa da, həyat yoldaşı ona müxtəlif qadınlarla xəyanət etməyə başlamışdır. Qısqanclıqdan əziyyət çəkən Şelli isə qisas almaq üçün iki hərbçi ilə yatmışdır. Bundan xəbər tutan həyat yoldaşı onu nimfoman diaqnozu ilə xəstəxanaya salmağa nail olmuşdur. Şellini alçaldan Arden onun “fahişə” olmasını təsəvvür edir. Həkim Arden ona cinsi təcavüz etməyə çalışır, bundan sonra Şelli onun vaxtından əvvəl boşalması və penisin ölçüsünü ələ salaraq gülür. Qəzəblənən Arden Şellinin başına zərbə endirir və o, huşunu itirir. Şelli ayıldıqda ayaqlarının Həkim arden tərəfindən amputasiya edilməsini görür. Bundan sonra, bir neçə həftə Arden onun üzərində təcrübələrini davam etdirir, həmin müddətdə xəstəxanadakılar Şellinin oğurlanmasına inanırlar. “Mən Anna Frankam (I hissə)” seriyasında bədheybət halına salınmış Şelli “Anna Frank” tərəfindən aşkarlanır[19]. Daha sonra Mari Yunis bacı gizlincə onu metro çıxışında qoyaraq gedir. Bədheybət Şelli məktəbli uşaqlar tərəfindən aşkarlanır. İnsanlar onun tuberklyoz xəstəliyi səbəbindən belə hala düşməsinə inanırlar.
  • Frenk MakKann (Fredrik Len) Briarkliffin təhlükəsizlik heyətinin rəhbəridir. Sakit, orta yaşlı kişi olan Frenk Cud bacıya güvənsə də, Həkim Arden və Monsinyor Hovarda etibar etmir. Qreysi xilas etmək üçün Kit xəstəxanaya qayıtdıqda, Frenk ona atəş açmağa çalışır, lakin, bu zaman Qreys özünü güllənin qabağına verərək Kiti xilas edir. Leya baş verənlərin şahidi olur və Frenkə hücum edir. Frenk atəş açması haqqında polisə xəbər vermək istəsə də, Həkim Ardenin çağırdığı Mari Yunis bacı hər şeyi özü həll edəcəyini deyir. Leyanı hücrədə həbs edən Mari Yunis bacı Frenkin boğazını kəsir. Daha sonra Meri Yunis bacı Cud bacını Frenkin qətlində günahlandıraraq xəstəxanada həbs edir.
  • Spivi (Mark Konsuelos) güman ki, pedofil olduğuna görə gənc qızlara qarşı qəzəb və şiddət hissləri yaşadan Briarkliff xəstələrindən biridir. Kit Uolkerin xəstəxanaya gətirildiyi ilk gündə Spivi ona hücum edir. Həkim Arden Spivini çimən Mari Yunis bacını izləyərək masturbasiya edərkən görür, həmçinin Spivi Mari Yunisi də onu izləməyə dəvət edir. Arden Spivini təcrübələrindən birində istifadə edərək Monsinyora insan inkişafının növbəti mərhələsini göstərmək istəyir. Pepperin Ardenə keçirdiyi təcrübələrin gülməli olmasını deməsindən sonra, həkim digər bədheybətlərlə birlikdə Spivini də güllələyərək öldürür.
  • Leo Morrison (Adam Levin) fotoqraf və Tereza Morrisonun yeni evləndiyi həyat yoldaşıdır. Cütlük bal ayı gəzintisi olaraq ölkə boyunca müxtəlif tərk edilmiş məkanları ziyarət edirlər. Sonuncu dayanacaq yeri kimi isə Briarkliffə gəlirlər. Xəstəxananın müxtəlif yerlərini gəzən və intim əlaqədə olan cütlük eşitdikləri bəzi səsləri araşdırmaq üçün irəliləyirlər. Aşkarladığı qapını aça bilməyən Leo iPhone-un işığı ilə qapının arxasında nə olduğunu aydınlaşdırmağa çalışır və bu zaman onun əlini biləkdən kəsərək atırlar. Daha sonra qapıdan çıxan “Qanlı üz” Terezanı öldürməyə çalışarkən Leo onun çiyninə atılaraq qızı xilas etməyə cəhd edir. O, tunellə qaçaraq xilas olmağa nail olsa da, qanlı üz kimi geyinmiş iki yeniyetmənin açdığı atəş nəticəsində öldürülür.
  • Tereza Morrison (Cenna Devan Tatum) Leo Morrisonun yeni evləndiyi həyat yoldaşıdır. Cütlük bal ayı gəzintisi olaraq ölkə boyunca müxtəlif tərk edilmiş məkanları ziyarət edirlər. Sonuncu dayanacaq yeri kimi isə Briarkliffə gəlirlər. Xəstəxananın müxtəlif yerlərini gəzən və intim əlaqədə olan cütlük eşitdikləri bəzi səsləri araşdırmaq üçün irəliləyirlər. Tereza Leoya deyir ki, əlini qapının dəliyindən içəri salaraq şəkil çəksin ki, orda nə olduğunu görə bilsinlər. Nəticədə “Qanlı üz” Leonun əlini biləyindən kəsir. O, qaçsa da, “Qanlı üz” kimi geyinmiş iki yeniyetmənin açdığı atəş nəticəsində yaralanır. Sonradan Conni Morqan diri-diri onun dərisini soyur və psixoloqu ilə heyvanlar və qadınların dərisini soymasından danışarkən bu hadisəni təsvir edir.
  • Pepper (Naomi Qrossman) Briarkliffin xəstələrindən biridir. Serialın müxtəlif mövsümlərində bir neçə dəfə görünür. “Bədheybətlər şousu” adlı dördüncü mövsümdə məlum olur ki, Pepper bacısı Rita tərəfindən yetim kimi tərk edilmiş, budan sonra isə onu Elza Mars tapmışdır. İlk dəfə Elzanın xatirələrində görünən Pepper onu ana kimi qəbul edir. Çünki Elza Pepperin Saltiylə evlənməsi və Ma Petitin övladlığa götürülməsində ona kömək edir. Lakin, sonra Salti və Ma Petit ölür. Elza fikirləşir ki, Pepperin “Bədheybətlər şousu”na verilməsi onun üçün yaxşı olar. Bir neçə il sonra “Bədheybətlər şousu”ndan bəlli olur ki, Pepper Ritanın azyaşlı oğlunu öldürərək qulaqlarını kəsməkdə günahlandırıldığına görə Briarkliff xəstəxanasına yerləşdirilmişdir. Lana ilk dəfə xəstəxanaya gəldiyi zaman Pepper ona qızılgül verir və gülün iynəsi onun əlinə batır, bundan sonra Mari Yunis Pepperin xəstəxanadan olma səbəbini izah edir. Xəstəxanada film göstərilən gecə Pepper ayaqyoluna getmək adı ilə zalı tərk edir və bir daha geri qayıtmır. Cud bacı onun da qaçmağa müvəffəq olmuş şəxslərdən biri olmasını ehtimal edir. Əslində isə Pepper yad planetlilər tərəfindən oğurlanır. Sonradan Pepper hamilə Qreyslə birlikdə xəstəxanaya Həkim Ardenin yanına qaytarılır. Pepperin günahsız olması, Ritanın uşağını öldürməməsi məlum olur. Əslində Ritanın övladı qüsurlu doğulduğu üçün atası tərəfindən öldürülmüşdü. Pepper Ardenə deyir ki, yad planetlilər onun təcrübələrini ələ salaraq gülürlər. Cud bacının xəstəxanada həbs edilməsindən sonra onlar Pepperlə yaxın dostluq edirlər. Pepper 1966-cı ildə ölsə də, Cud bacının hallüsinasiyalarında yaşayır.
  • Alma Uolker (Britni Oldford) Kit Uolkerin həyat yoldaşıdır. Alma qara dərili, Kit isə ağ dərili olduğuna görə onlar gizlincə evləniblər. Onun Kit tərəfindən qətlə yetirildiyi düşünülsə də, Kit, hamilə həyat yoldaşının yadplanetlilər tərəfindən oğurlandığını iddia edir. Qreys yad planetlilər tərəfindən oğurlandıqdan sonra Almanı onların arasında görür. Lakin, yadplanetlilər Qreysi geri qaytardıqdan sonra o, Kitə deyir ki, deyəsən yadplanetlilər səhvən Qreysi öldürüblər. Onlar xəstəxanadan azad edildikdən sonra evə qayıdarkən Almanın sağ olmasına şahid olurlar. Alma yadplanetlilərin yenidən qayıdacağından qorxur və çılğınlıq zamanı balta ilə Qreysi öldürür, bundan sonra isə psixi xəstəxanaya salınır. Alma xəstəxanada ürək tutmasından vəfat edir.
  • Vendi Peyser (Klea DuVall) məktəb müəlliməsi və Lananın sevgilisidir. Lana xəstəxanada “Qanlı üz”dən müsahibə almaq ideyasını səsləndirdiyi zaman Vendi onu ürəkləndirir. Lananı xəstəxanada həbs etdikdən sonra Cud bacı Vendini təhdid edərək onun Lananın xəstəxanaya salınması ilə bağlı razılaşmanı imzalamasına nail olur, əks halda isə Vendi və Lana arasındakı lezbiyan münasibəti açıqlayacağını bildirir. O, cəld qərara verir, sonradan peşman olaraq Lananı xəstəxanadan çıxarmağa çalışsa da, “Qanlı üz” tərəfindən öldürülür. “Mən Anna Frankam (II hissə)” seriyasında Həkim Tredson Vendinin cəsədini Lanaya göstərir. Bildirir ki, onun bədənini müxtəlif hissələrə bölməzdən əvvəl onunla cinsi əlaqədə olub.[4] Lana yazdığı kitabda Vendi ilə münasibətlərini gizlədərək onu yalnız “otaq yoldaşı” kimi təqdim edir.
  • Baş rahibə Klaudiya (Barbara Tarbak) Cud bacının baş rahibəsi, Briakliff xəstəxanasının baş rahibəsi, Cud bacının rəfiqəsi və məsləhətçisidir. “Qeyri-müqəddəs gecə” seriyasında o, Cud bacıya yaxşılıq etmək məqsədi ilə Həkim Ardenin onu kapellada gözləməsi haqqında məlumat verir.[20] Sonradan Cud bacının xahişi ilə o, Lanaya xəstəxanadan qaçmağa kömək edir.
  • Şarlotta Braun (Franka Potente) Holokost qurbanı olmuş və yazdığı gündəlik sayəsində sonradan məşhurluq əldə etmiş Anna Frank olduğunu iddia edən qadındır. O, Briarkliffə ilk gəldiyi gün Həkim Ardeni çoxdan tanıdığını iddia edir. Onun fikrincə Həkim Arden Auşvitzdə çalışmış Hans Qrüper adlı şəxsdir. O, silah oğurlayaraq Həkim Ardenə atəş açır, daha sonra isə qaçmaq üçün qapını açarkən ayaqları kəsilmiş və mutasiya edilmiş Şellini aşkarlayır. O, Cud bacı ilə danışmağı tələb etsə də, Frenk tərəfindən sakitləşdirilir. Cud bacı Şarlottanı Həkim Ardenin əlindən xilas etmək üçün həyat yoldaşı ilə evə göndərsə də, bir neçə gün sonra azyaşlı övladını boğmağa çalışdığına görə yenidən xəstəxanaya qaytarılır. Həkim Arden isə ona tranorbital lobotamiya tətbiq edilməsini təklif edir.
  • Sem Qudmen (Mark Marqolis) İsrailli Nasist müharibə cinayətkarı ovçusudur. Cud bacı onunla əlaqə saxlayaraq Həkim Ardenin keçmişinin araşdırılmasını xahiş edir. O, sonra Cud bacıya zəng edərək, şübhələrinin təsdiqlənməsi üçün Ardenin barmaq izlərinə ehtiyacı olduğunu bildirir. Cud bacı Ardenin barmaq izlərini götürməyə nail olsa da, tapıntını çatdırmaq üçün Semin yanın getdikdə onun artıq öldürülmüş olmasına şahid olur. Son nəfəsində Sem Cud bacıya rahibələrdən biri tərəfindən öldürülməsini deyir.
  • Şaxat: Ölüm mələyi (Frensis Konroy) Qrim Reper kimi ölümün şəxsiyyətləşdirilməsidir. Yelpik də daxil olmaqla 1940-cı illərin stilində tamamilə qara geyimdə ola Şaxat, ölüm ayağında olan şəxslərin gözünə görünərək onların dodağında öpür və beləliklə ölümü qəbul edir ki, bu da “ölüm öpüşü”nə işarədir.
  • Leya Emerson (Yan MakŞeyn) Briarkliffdə saxlanan xəstələrdən biridir. O, çörək oğurluğuna görə həbs edilmişdir. Milad ərəfəsində ona beş dəfə cinsi təcavüz edilir. 1962-ci ildə həbsxanadan azad edildikdən sonra Santa Klaus kimi geyinən Leya on səkkiz nəfəri öldürür. Vəftiz zamanı Leya Monsinyoru tutaraq suya basır və başını suyun altında saxlayır, daha sonra isə onu çarmıxa mismarlayır. Daha sonra Leya xəstəxanadan qaçmağa cəhd edir. Sonradan Lana Kitə danışır ki, Leya xəstəxandan qaçdıqdan sonra yeddi rahibəni öldürüb və beş ştatda axtarışa verilib. Lana Leyanın həyatından bəhs edən “santa və yeddi rahibə” adlı kutab yazmağı planlaşdırdığını deyir. Leyanın sonrakı taleyi haqqında heç nə deyilmir.
  • Missi Stoun (uşaq vaxtı Çeli Valentin, yetkin vaxtı Kristin Sleysmen) Cud bacının rahibə olmazdan əvvəl müğənni kimi çalışdığı dövrdə qəza zamanı avtomobillə vurduğu qız uşağıdır. Uşağın öldüyünü düşünən Cud bacı rahibə olsa da, sonradan əslində Missinin ölmədiyni öyrənir.
  • Conni Morqan (Dilan MakDermott) Lana Uinters və Həkim Oliver Tredsonun bioloji oğludur. Tredsonun Lanaya cinsi təcavüz etməsi nəticəsində doğulmuşdur. Psixoloqla söhbəti zamanı uşaq vaxtından qəddarlığa meylli olmasından bəhs edən Conni əvvəllər heyvanların dərisini soyduğunu, indi isə qadınların dərisini soymaqdan həzz aldığını bildirir. 2013-cü ildə artıq çox yaşlı olan Lananın müsahibə verməsindən sonra ona yaxınlaşana Conni anasını öldürməyə çalışsa da, Lana cəld tərpənərək onu öldürür.

Kiçik obrazlar[redaktə | mənbəni redaktə et]

  • Billi (Co Egender) Kit Uolkerin dostudur. Birinci seriyada Co Kiti təhdid edir, buna görə də Almanın yad planetlilər tərəfindən qaçırılmasından sonra Kit əvvəlcə bunun Billinin zarafatı olduğunu düşünür.
  • Karl (Mark Enqlehardt) Koreyada döyüşmüş hərbçidir. O, Şellinin seksual zpvqünü bəyənir.
  • Ced Potter (Deyvon Qrayi) valideynləri tərəfindən Briarkliffə gətirilmiş on yeddi yaşlı oğlandır. Valideynləri onu fermada inəyi parçalayaraq naməlum dildə mırıldandığını gördükdən sonra xəstəxanaya gətirmək qərarı verirlər. Onun İblis tərəfindən ələ keçirildiyinə inanılır. Ekzorsizm zamanı Ced ölür.
  • Malaxay ata (Con Eylvard) Ced Potterin ekzorsizmi zamanı Briarklifə köməyə gəlmiş keşişdir.
  • Fahişə (Cenni Veyd) Həkim Arden onu evinə dəvət edərək klassik musiqi sədaları altında yemək və şəraba qonaq edir, daha sonra isə onunla rahibə həyatına bağlı seksual oyun oynayır. Arden fahişəni vulqar danışığına görə tənqid edərək rahibələr kimi davranmasını tələb edir. Fahişə Ardenin otağında Üçüncü Reyx dövrünə aid medallar, fotolar açkarlayır. Arden ona cinsi təcavüz etməyə çalışsa da, fahişə qaçaraq polisə ikayət etməyə nail olur.
  • Deyvon (Parker Kroft) və Kuper (Bleyk Şeldon) müasir “Qanlı üz” olduqlarını iddia edən əkiz qardaşlardır. Onlar əsl “Qanlı üz” olan Conni Morqan tərəfindən öldürülürlər.
  • Meksikalı (Qloria Leyino) Demantiyanın bir formasından əziyyət çəkən yaşlı ispan xəstədir. O, boş vaxtlarını ümumi otaqda davamlı olaraq çalınan “Dominique” mahnısının sədaları altında rəqs etməklə keçirir. O, hər kəsdən əvvəl Çari Yunis bacının şər qüvvə tərəfindən ələ keçirilməsini anlayır və onu Şeytan adlandırır. Sonradan Mari Yunis Meksikalının otağına gələrək onu öldürür, bədənini isə Bədheybətlərə yem edir.
  • Daniel (Keysi Veyman) Briarkliffin xəstələrindən biridir, kardır. Həkim Tredson Lananın lezbiyanlığını “müalicə etmək” istəyərkən Danieldən istifadə edir.
  • Rudi (Con Li Eyms) Briarkliffin xəstələrindən biridir. O, kompulsiv masturbasiyadan əziyyət çəkir, Cud bacı isə yalnız intesivlik dövründə buna diqqət yetirir.
  • Marta Briarkliffin xəstələrindən biridir. Vaxtının çoxunu başını divara döyməklə keçirir.
  • Cim Braun (Devid Çaysum) Şarlotta Braunun həyat yoldaşıdır. O, Şarlottanı evə apararaq oğlu Davidin qayğısına qalmasını istəyir. Lakin, sonradan Şarlottanın Holokosta çox aludə olmasını görən Cim Həkim Ardenin lobotamiya etməsinə razılıq verir.
  • Cenni Reynolds (Nikki Han) gənc qızdır. Onun anası düşünür ki, qızı oyun yoldaşı tərəfindən qətlə yetirilib. Polis tərəfindən sorğuya çəkildiyi zaman Cenni qəhvəyi paltolu adamı təsvir edir. Mari Yunis bacının məsləhəti ilə Cenni bütün ailə üzvlərini öldürür. Cenninin sonrakı taleyi naməlum qalır.
  • Maylis (Tonqayi Çirisa) Briarkliffin xəstələrindən biridir, alkoqolikdir. Hallüsinasiyalardan əziyyət çəkən Maylisin başındakı səslər ona özünü öldürməyi məsləhət görür. O, səslərə qulaq asaraq özünü öldürür və Ölüm mələyi onun ruhunu qəbul edir.
  • Lankasterlər ailəsi (Kris MakQarri, Lara Harris və Tehya Skart) Leya Emersonun Briarkiffə gətirilməzdən əvvəl qətlə yetirdiyi ailədir.
  • Həkim Qardener (Bruk Smit) Conni Morqanın tez-tez qəbuluna getdiyi psixoloqdur. Conni “Qanlı üz” olduğunu etiraf etməsindən sonra onu öldürür.
  • Pandora (Cill mari Cons) fahişədir. Yeni uşaq doğduğuna görə onu əmizdirir. Conni Morqan ona pul verərək döşünü əmir və bu zaman anası Lananı xatırlayaraq əsəbləşir. Sinir hücumu zamanı Conni Pandoranı öldürür.
  • Həkim Miranda Kramp (Robin Bartlett) Monsinyor Hovardın Nyu-York kardinalı vəzifəsinə yüksəlməsindən sonra Massaçusets çatatının tabeliyinə keçmiş Briarkliffin yeni rəhbəridir. Həkim Kramp Cuda Monsinyorun vəzifə yüksəlişi haqqında məlumat verir.
  • Eypril (Kamill Çen) 2013-cü ildə Lanadan müsahibə götürən jurnalistdir. Lana müsahibə zamanı oğlunun doğuşdan sonra ölməsi haqqında yalan danışdığını etiraf edir.
  • Marion (Coan Severans) 2013-cü ildə Lananın sevgilisidir. Cütlük açıq lezbiyan münasibətdədir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Andreeva, Nellie. "Critics' Choice TV Awards Name Top New Series, Sets Bob Newhart For Icon Honor". Deadline.com. 2013-06-03. 2014-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  2. Mitovich, Matt Webb. "Emmy Nominations 2013: Horror Story, Thrones, Liberace and 30 Rock Lead Pack; House of Cards, Scandal and Political Animals Score Nods". tvline.com. July 18 2013,. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  3. The Origins of Monstrosity // American Horror Story. 2 sezon. 6 epizod. November 21, 2012. AMC.
  4. 1 2 3 I Am Anne Frank (Part 2) // American Horror Story. 2 sezon. 5 epizod. November 14, 2012. AMC.
  5. "2013 Critics' Choice TV Awards: 'Big Bang Theory,' 'Behind The Candelabra,' 'American Horror Story,' 'Breaking Bad'". deadline.com. June 10, 2013. April 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  6. "39th Saturn Awards". revolvy.com. İstifadə tarixi: 28 iyul 2016.
  7. "65th Primetime Emmy Awards Nominees". zimbio.com. Aug. 18, 2013. İstifadə tarixi: 28 iyul 2016.
  8. Welcome to Briarcliff // American Horror Story. 2 sezon. 1 epizod. October 17, 2012. AMC.
  9. Madness Ends // American Horror Story. 2 sezon. 13 epizod. January 23, 2013. AMC.
  10. Kilday, Gregg. "Satellite Awards Nominates 10 Films for Best Motion Picture". hollywoodreporter.com. December 03, 2012. March 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  11. Knegt, Peter. "HBO, 'Big Bang' and 'Horror Story' Lead 3rd Annual Critics' Choice TV Award Nominations". indiewire.com. May 22, 2013. January 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  12. Venable, Nick. "The Americans, New Girl And More Headline Critics' Choice Television Award Nominations". cinemablend.com. 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  13. "Complete list of winners at the 65th annual Primetime Emmy Awards". ctvnews.ca. September 23, 2013. June 24, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  14. Tricks and Treats // American Horror Story. 2 sezon. 2 epizod. October 24, 2012. AMC.
  15. "NOMINATIONS ANNOUNCED FOR THE 19TH ANNUAL SCREEN ACTORS GUILD AWARDS". sagawards.org. Dec 12, 2012. May 28, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  16. "'Dexter' receives 5 nominations in 4 categories for the 39th Saturn Awards". hypable.com. Febuary 21, 2013. İstifadə tarixi: 28 iyul 2016.
  17. "70th Golden Globe Awards Winners And Nominees". hitfix.com. SUNDAY, JAN 13, 2013. March 24, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  18. "Complete list: 65th Primetime Emmy Award nominations". philly.com. July 18, 2013. September 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2016.
  19. I Am Anne Frank (Part 1) // American Horror Story. 2 sezon. 4 epizod. November 7, 2012. AMC.
  20. Unholy Night // American Horror Story. 2 sezon. 8 epizod. December 5, 2012. AMC.