Anar Ziya oğlu Məmmədov (1981) — Azərbaycanlı sahibkar. Garant Holdingin və "Azərbaycan Amerika Alyansı"nın təsisçisi.
Anar Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1981 |
Fəaliyyəti | iş adamı |
Atası | Ziya Məmmədov |
2009-cu ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisini həyata keçirən 2 şirkətdən biri A. Məmmədovun rəhbərlik etdiyi ZQAN Holdinqin[1] tərkibindəki ZQAN Construction olub.[2][3]
2013-cü ilə qədər "Bank of Azerbaijan"ın səhmlərinin 81 faizinin səhmdarı və Bakı FK-nın fəxri prezidenti olub.[2]
A. Məmmədov ilk dəfə 2013-cü ildə Britaniyada fəstfud toyuq sektoruna sərmayə yatırmağa başlayıb. O, həmin vaxt indi KFC restoranlar şəbəkəsinin operatorlarından biri — "1st Rate Investment (UK) Limited" şirkətini satın alıb. Azadlıq Radiosunun 2024-cü ildəki araşdırması Məmmədovun ABŞ qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə milyonlarla dollar xərclədiyini üzə çıxarıb. KFC şəbəkəsinə yatırımları onun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun bir hissəsidir. Araşdırmada qeyd edilir ki, Anar Məmmədov ofşor şirkət vasitəsilə İngiltərənin şimal-qərbində azı 20 KFC restoranı, eləcə də Londonun zəngin Meyfeyr rayonunda ofis binasının sahibidir. Bunlar onun Britaniya paytaxtında aldığı 38 milyon dollarlıq dəbdəbəli əmlakın bir hissəsidir. "Transparency International UK" təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir.[4]
2015-ci ildə Məmmədov və ailəsi Britaniyada özünü "vətəndaşlıq planlaşdırılması" şirkəti kimi təqdim edən "Henley & Partners" adlı şirkətlə işləyib. OCCRP-nin 2022-ci ildə apardığı araşdırma bu şirkətin yüksək riskli müştərilərə Karib dənizində yerləşən Sent-Kits və Nevis ada dövlətinin vətəndaşlığını almağa kömək etdiyini üzə çıxarıb.[5] Həmçinin Dafne Karuana Qalitsiya Fondunun əldə etdiyi və Azadlıq Radiosunun nəzərdən keçirdiyi sızmış qeydlərə görə, Məmmədov öz müraciət ərizəsində Avropa İttifaqının üzvü olan Maltanın vətəndaşlığını almaq istədiyini bildirib və səbəb kimi bunun ona daha çox səyahət azadlığı verəcəyini, Maltada biznes imkanları ilə maraqlandığını göstərib.[4]
2017-ci ildə Britaniya parlamentində "Pulyuma və vergidən yayınma (Azərbaycan)" başlıqlı debatda britaniyalı millət vəkili Marqaret Toc A. Məmmədovun 2001-ci ildə Londonun dəbdəbəli Bişops-avenyu küçəsində 4 milyon dollara ev alarkən, cəmi 20 yaşında olduğunu qeyd edib.[4]
“Azadlıq” qəzetinin 2 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı yazıda qeyd olunur ki, Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra “Yeni Müsavat” qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə dərc edib.[6] Ardınca əmisi deputat Elton Məmmədov bunu inkar edib.[7]
Bundan başqa, “Yeni Müsavat ” qəzeti Anar Məmmədovun Dubaydakı hotellərin birində qalmaqal yaratdığı barədə yazı dərc edib. Bu il sentyabrın 14-də dərc olunan “Şeyx Anar Məmmədovu Dubaydan qovdurub” sərlövhəli yazıda azərbaycanlı kişilərin Dubaya səfərinə qadağa qoyulmasına nazir övladının davranışının səbəb olduğu qeyd edilib.[8]
2010-cu ilin noyabrında Anar Məmmədov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini onun bir restoranda ayı kəsdirdiyini və Dubaydan qovulduğunu iddia edən yazılara görə məhkəməyə verib. Məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin edilib. Yasamal rayon Məhkəməsinə müraciət edən Məmmədov hər iki qəzetin ayrı-ayrılıqda 250 min manat cərimə edilməsini və həmin yazıların təkzib olunmasını istəyib.[9]
Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğludur.
Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədova ilə evlidir.[10]