Antiaritmik dərmanlar – ürək fəaliyyəti ritminin pozğunluqlarını aradan qaldırmaq və onun qarşısını almaq üçün istifadə olunan dərman preparatları.
Onların təsiri ürək hüceyrəsi membranının ion cərəyanı keçiriciliyinin dəyişməsinə əsaslanmışdır. Antiaritmik dərmanlar sinus-qulaqcıqda, qulaqcıq-mədəcik düyünlərində və ürəyin keçiricilik sistemində olan xüsusi hüceyrələrin fəaliyyət potensialının müxtəlif mərhələlərinə təsir göstərir. Təsir mexanizminə görə antiaritmik dərmanlar 4 sinfə bölünür: I sinif – membransabitləşdirici dərmanlar və ya natrium kanalı blokatorları; təsir xüsusiyyətinə görə: I A sinfi – xinidin, novokainamid, dizopiramid, aymalin; I B sinfi – lidokain, meksiletin, difenin; I C sinfi – propafenon, etmozin, etasizin, allapinin; II sinif – β adreno blokatorlar; III sinif – kalium kanalı repolyarizasiyasını ləngidən blokatorlar – amiodaron, sotalol; IV sinif yavaş kalsium kanalı ritmyavaşıdıcı blokatorları-verapamil, diltiazem. Göstərişlər: ürək ritminin proqnostik mənfi pozğunluqları (xroniki ürək çatışmazlığı fonunda politop mədəcik ekstrasistoliyası və ya miokard infarktının kəskin dövrü). Antiritmik dərmanlar bəzi növ ürək çatışmazlığı, qulaqcıq-mədəcik keçiriciliyinin 1-ci dərəcədən yuxarı və mədəcik daxili keçiriciliyin pozğunluqları zamanı əks-göstərişdir.[1]