Aparat funksiyası – optik cihazların xassəsi; cihazın çıxışındakı kəmiyyətin qurğunun girişindəki həqiqi qiyməti ilə əlaqəsini müəyyən edən funksiya. Aparat funksiyası əsasən, teleskop, mikroskop və spektral cihazların xarakteristikası üçün istifadə edilir. Təsvir yaradan optik cihazın Aparat funksiyası cihazın yaratdığı nöqtəvi şüalanma mənbəyinin təsvirində işıqlanmanın paylanmasını göstərir. Aparat funksiyası obyektin təsvirində işıqlanmanın paylanması ilə elə həmin obyektin parlaqlığının paylanması arasında əlaqəni müəyyən etməyə imkan verir. Spektral cihazlarda Aparat funksiyası monoxromatik şüalanmanın müşahidəsi zamanı cihazın qeyd etdiyi spektrdən ibarətdir. İdeal optik cihaz nöqtəvi mənbəyi nöqtə şəklində təsvir edir və onun Aparat funksiyası bu nöqtədən başqa hər yerdə sıfra bərabər olur. Real cihazlarda isə difraksiya, aberrasiya və s. amillər nəticəsində nöqtəvi mənbəyin təsviri “yayılır” və ləkəşəkli alır. Real vəziyyətlərdə Aparat funksiyasının hesablanması çətin olduğu üçün onu eksperiment üsulu ilə təyin edirlər. [1]