VG247 (VG24/7 kimi üslublaşdırılıb) — 2008-ci ilin fevral ayında Patrik Qarratt tərəfindən Böyük Britaniyada təsis edilən videooyunlar üzrə ixtisaslaşmış bloq. CNET bloqu olan Crave saytı dünyanın ən yaxşı üçüncü videooyun bloqu hesab etmişdir.[3]
Jurnalist Patrik Qarratt tərəfindən "Eurogamer Network" şirkətinin dəstəyi ilə 2008-ci ilin fevral ayında videogaming247.com adı altında təsis edilən "VG247" Böyük Britaniyadakı ilk videooyun bloqu olmuşdur. Fəaliyyətinin ilk dövrlərində "VG247" videooyunları gözdən keçirmirdi və sadəcə xəbərlər, müsahibələr və öncədənbaxışlara diqqət ayırmışdı. O dövrdə Qarratt saytın redaktor heyətinin yeganə üzvü idi.[1]
2009-cu ilin əvvəllərində sayt "VG247" adı ilə yenidən fəaliyyətə başlamışdır.[4] Saytın url keçidi dəyişdirilmiş, dizaynı yenidən işlənmişdi.[5][6][7]
2012-ci ildə "VG247" orijinal video məzmunlar hazırlamağa başlamışdır.[8] 2014-cü ildə Mett Martin saytın yeni baş redaktoru olmuş,[9][10] Patrik Qarratt isə nəşrçi olmuşdur.[11] Bu dövrdə sayt ikinci dəfə dizaynını dəyişdirmişdir.[12] Həmin ilin mart ayında "VG247" bloqunun italyan dilindəki saytı fəaliyyətə başlamışdır.[13]
2015-ci ilin oktyabr ayında "VG247" "Uncharted 4: A Thief's End" videooyunu üçün olan gözdən keçirmələrini ləğv etmiş və ictimai şəkildə üzr istəmişdir. Buna səbəb "Sony" şirkətinin mütəxəssislərə "Uncharted 4" yerinə "Uncharted 2: Among Thieves" videooyununun yenidən nəşrini gözdən keçirdiklərini bildirməsi idi.[14]
"VG247" Oyun KİV Mükafatlarında iki dəfə (2008, 2009) ən yaxşı veb-sayt və ən yaxşı onlayn bloq mükafatlarına nominasiya olmuşdur. 2008-ci ildəki nominasiyalarında heç bir mükafata layiq görülməsə də,[15] sayt 2009-cu ildə ən yaxşı onlayn bloq mükafatına layiq görülmüşdür. Həmin il, Qarratt ən yaxşı onlayn mütəxəssis yazıçı mükafatına layiq görülmüşdür.[16]
2010-cu il və 2011-ci ildə Oyun KİV Mükafatlarında sayt yenidən ən yaxşı onlayn bloq mükafatına nominasiya olmuşdur.[17][18]
↑Drec, Stuart. "Top ten gaming blogs". Crave.CNET.co.uk (ingilis). CNET UK. 6 noyabr 2009. 14 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2018.