Arzuman körpüsü — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-cı ildən — Sisian) rayonunun Dərəbas kəndində yerləşən və orta əsrlərə aid birtağlı daş körpüdür.
Arzuman körpüsü | |
---|---|
Arzuman körpüsü | |
| |
Üslubu | Tağlı körpü |
Dərəbas kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Yazılı mənbələrdə adı 844-cü ildən çəkilən və ətrafı qədim qəbir və abidələrlə zəngin olan Dərəbas ("Dərə başı" anlamında) kəndinin adı və Arzuman körpüsünün adı türkcədir. Dərəbas kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində İrandan və Türkiyədən köçürülüb gətirilmişlər.[1]
Dərəbaş kəndi yaxınlığından keçən dağ çayı üzərində yerləşən Arzuman körpüsü, adını onu tikdirən şəxsdən almışdır. Lakin həmin şəxsin kimliyi haqqında məlumat yoxdur. Körpünün tikilmə tarixi mənbələrdə orta əsrlərə aid edilir. Orta əsrlər memarlığının incəliklərini özündə əks etdirən bu körpü estetik görünüşü ilə fərqlənir.
Arzuman körpüsündə istifadə olunan daşlar təbii formada olsa da, tağbəndə düzülən daşlar xüsusi səliqə ilə yonulmuşdur. Körpünün tağbəndini tamamlayan daş cərgəsi ümumi hörgü səviyyəsindən geri çəkilmiş, ikinci hörgü cərgəsi isə 5–6 sm önə çıxarılmışdır. Bu texniki xüsusiyyət nəticəsində körpü tağbəndində relyefli haşiyə yaranmış və onun estetik görünüşünü daha da artırmışdır.
Arzuman körpüsü bu günə qədər yaxşı vəziyyətdə qalmışdır. Körpünün yaxınlığında orta əsrlərə aid məzarlıq da mövcuddur, bu da ərazinin qədim yaşayış məskəni olduğunu göstərir. XIX əsrin əvvəllərində İrandan buraya köçürülmüş ermənilər körpüdə yenidənqurma işləri aparmış və onu erməni abidəsi kimi təqdim etmişlər.[2]