Aymaralar (aym. Aymaranakaja)—Cənubi Amerikanın qərbində hindi xalqı. Əsasən, Boliviyanın qərbində (başlıca olaraq, La-Pas, Oruro və Potosi departamentlərində təqribən 2 mln. nəfər; 2000) yerləşən Titikaka gölü ətrafındakı yüksək dağlıq vil.-lərdə, Perunun c.-unda (Puno dep.-ti və Mərkəzi Perunun bir neçə məskənində təqr. 970 min nəfər), Çilinin şm.-ında (26 min nəfər) və Argentinada (40 min nəfər) yaşayırlar. Mərkəzi, cənubi və karanqa A.-ına bölünürlər. Aymara dilində, həmçinin ispan və keçua dillərində danışırlar. Dindarları, əsasən, katolikdir.
Ümumi sayı | |||
---|---|---|---|
2 mln. | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Xristianlıq (əksəriyyətlə Katoliklik) |
İspaniya işğalına qədərki dövrdə şm.-da Vilkanota çayınadək, c.-da Koypasa və Uyuni şoranlıqlarınadək, q.-də isə Sakit okeanın sahilyanı ərazilərinədək məskunlaşmışlar. 14 əsrdə – 15 əsrin əvvəllərində Aymaraların Kançi, Kanna, Kolya, Lupaka, Pakaxe və s. tayfa birlikləri yaranmışdır. XV əsrin 2-ci yarısında İnk dövlətinin tərkibinə qatılmış və keçualar tərəfindən qismən assimilyasiyaya uğramışlar.
Əsas ənənəvi məşğuliyyətləri əkinçilik (kartof, kinoa, oka) və heyvandarlıqdır (lamalar). Toxuculuq (qadınlar – ənənəvi üfüqi dəzgahda, kişilər – ispanlardan mənimsənilmiş pedallı dəzgahda), lama və alpaqa yunundan naxışlı toxumalar (kişilərdə konusşəkilli qulaqlı papaqlar – lyuço, koka yarpaqları üçün çantalar, pul kisələri və s.), yapma naxışlı keramika istehsalı, metallurgiya (ənənəvi metalişləmə mərkəzləri kimi Hesus-deMaçaka və Korokoro qalmaqdadır), qarğı qayıqların (uampu) düzəldilməsi və s. ənənəvi sənətkarlıq sahələridir. A.ın bir hissəsi şəhərlərdə yaşayır, onlar Boliviyanın şaxtacı əhalisinin əksəriyyətini təşkil edir. Ənənəvi kişi geyimi: gödək şalvar, tunika tipində köynək və ponço, qadın geyimi: bluzka, bir neçə büzməli enli yubka və şal. Baş geyimləri: həsir və fetr şlyapalar, kişilərdə toxunma papaq-lyuçolar. Dinləri üçün katolisizm ilə İspaniya işğalına qədərki dövrə aid kultların (dağlar – apu, əcdadlar – açaçila, Yer-ana – Paçamama, yeraltı ruh – Tio və s.) sintezi səciyyəvidir. Sinkretik "hindi kilsəsi" formalaşır. Katolik bayramlarında lələkdən baş geyimləri, maskalar və heyvan dərisi ilə bəzənmək, kostyumlu (konkista dövrü personajlarının iştirakı ilə heyvanlara həsr olunmuş), teatrlaşdırılmış ("Dyablada"), burleks rəqslər və s. adətlər qalmaqdadır.
Şaquli fleytalardan (pinkolyo, kraena), təbillərdən (bombo, tinya), həmçinin armadil çanağından hazırlanmış "hindi gitarası"ndan (çaranqa) və s. ibarət instrumental ansamblın müşayiəti ilə ifa olunan uayno rəqsləri populyardır. Eynitipli alətlərdən ibarət ansambllara rast gəlinir. Solo musiqi ifaları, o cümlədən fleytada çoban havaları, ənənəvi kultlara, həmçinin katolik kilsəsi müqəddəslərinə həsr olunmuş k’oçu (pentatonikaya əsaslanır) adlanan mahnı-dualar (o cümlədən parauakax – yağış duası); təqvimmərasim mahnıları (o cümlədən əkinçilik işlərinin başlanmasına həsr olunan kalya mərasimində çaxra-kakoy) yayılmışdır. Lirik mahnılar arasında – solo məhəbbət araviləri (həmçinin keçualarda); bu mahnıların sausesito ("kiçik söyüd") qrupunu A. gəncləri həmçinin pinkolyo fleytasında (sevdiyi qıza məhəbbət etirafı zamanı) ifa edirlər.