Azərbaycan Dövlət kitab palatası – Azərbaycan dövlət biblioqrafiyasının mərkəzi. 1925-2002-ci illərdə fəaliyyət göstərmişdir.
Dövlət Kitab Palatasının yaradılması ideyası 1924-cü ildə meydana gəlmişdir. Həmin ildə RSFSR, Ukrayna və Belorusiya kitab palataları ilə birgə Azərbycan Xalq Maarif Komissarları nümayəndəsinin də (M.İ.Səlimov) iştirak etdiyi müşavirədə keçmiş müttəfiq respublikalarda kitab palatalarının yaradılması, məcburi nüsxələrin alınması, paylanması, salnamələrin buraxılması, kitab statistikasının vahid forması haqqqında məsələlər müzakirə olunmuşdu. Bu da Azərbaycanda kitab palatasının yaradılması işini xeyli sürətləndirmişdi. Azərbaycan Respublikası Xalq Maarif Komissarları kollegiyasının 1924-cü il sentyabr tarixli iclasında Xalq Maarif Komissarı Mustafa Quliyevin təklifi ilə Respublika Dövlət Kitab Palatasının yaradılması haqqında məsələ müzakirə edildi və belə bir idarənin respublika üçün vacibliyi qeyd olundu. Ali Siyasi Maarif idarəsinə tapşırıldı ki, bu barədə dekretin layihəsini hazırlayıb Azərbaycan Respublikası XKC-nə təqdim etsin. Layihə hazırlanaraq 1925-ci ilin yanvarında Azərbaycan hökumətinə təqdim edildi. XKS qərarın layihəsinə bir sıra düzəlişlər edərək 1925-ci il fevralın 5-də Q.Musabəyovun imzası ilə "Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında dövlət kitab palatasının təşkili və mətbuat əsərlərindən nüsxələrin təqdim edilməsi haqqında" qərar qəbul etdi [1].
Azərbaycanda dövlət biblioqrafiyası işinin təşkilini tənzim etmək və Azərbaycan qəza (nahiyə) mədəniyyət mərkəzlərini və keçmiş SSRİ ərazisindəki dövlət kitabxanalarını mütləq mətbuat nüsxələri ilə təmin etmək məqsədi ilə verilən qərarda deyilir:
1. Xalq Maarif Komissarlığı yanında Dövlət Kitab Palatası təşkil edilsin (Ali Siyasi Maaarif idarəsi).
2. Azərbaycan SSR ərazisində yerləşən poliqrafiya müəssisələrinə (tipoqrafiya, litoqrafiya, sipoqrafiya, sürətli çap maşənları və s.) bir vəzifə olaraq tapşırılsın ki, onlar çap etdikləri bütün əsərlərin (tirajından asılı olmayaraq təkrar çapları da buraya daxildir) hərəsindən əvəzsiz olaraq 50 nüsxə Dövlət Kitab Palatasına təqdim etsinlər: Bu məqsədlə sərf edilən daşınma və göndərmə xərcləri həmin müəssisələrin öz hesabına ödənilsin.
3. Bu qərarı həyata keçirərkən Dövlət Kitab Palatası təcili olaraq həmin qərarın 2-ci bəndinə əsasən çap məhsulatından aldığı mütləq nüsxələri qəzaların, respublikanın mədəni mərkəzlərinə və müttəfiq respublikaların Dövlət kitabxanaları üçün bölüşdürmək və təmin etmək işinin təşkilinə başlamalıdır.
4. Bu qərarla əlaqədar olaraq Rusiyada Mərkəzi Kitab palatasına Azərbaycan SSR Nəşriyyatından mütləq nüsxə göndərmək haqqında qanun ləğv olunsun.
5. Həmin qərar dərc olunan gündən həyata keçirilsin [2].
Azərbaycan Dövlət Kitab Palatası qərarda nəzərdə tutulan vaxtda öz fəaliyyətinə başlaya bilməmişdir. Binanın və bəzi təşkilat işlərinin müəyyən qaydada olmaması üzündən Kitab Palatasının fəaliyyəti 1925-ci il oktyabr ayına qədər ləngimişdir. Azərbaycan Respublikası Maarif Nazirliyi kollegiyasının 8 mart 1925-ci il tarixli iclasında palatanın fəaliyyətə başlamasına hazırlıqla əlaqədar müzakirə edilən məsələlərdən biri də ştat məsələsi idi. Kollegiya Baş Siyasi-Maarif idarəsinin təklifi ilə palataya üç ştat vahidi verilməsi haqqında qanun qəbul edir (müdir, texniki ştat və ekspeditor). Nəhayət, Azərbaycan Dövlət Kitab Palatası İsmailiyyə binasındakı (Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi bina) bir otaqda fəaliyyətə başlayır (1925-ci ilin oktyabrında).
ADKP 1925-ci ilin oktyabr ayında RSFSR Mərkəzi Dövlət Kitab palatası, noyabr ayının 23-də Ümumittifaq mədəni əlaqələr cəmiyyəti ilə saziş bağlayır və bunun əsasında xarici ölkələrlə kitab mübadiləsi aparmaq imkanı əldə edir. Bu cəmiyyət vasitəsilə Türkiyədə Ərzurum qubernatoru üçün Azərbaycan dilində kiçik "kitabxana" göndərilmışdir. Kitab Palatası öz fəaliyyətini genişləndirmək məqsədi ilə Brüssel beynəlxalq biblioqrafiya institutu, Nyu-York kütləvi kitabxanası, Pekin kitabxanası, Tokio imperator kitabxanası, Paris Asiya muzeyi və başqa xarici müəssisələrlə əlaqə saxlayırdı.
1928-ci ildə Ali Siyasi Maarif İdarəsinə verilən hesabatda kitab palatasının fəaliyyətindən də geniş bəhs olunur və qeyd edilirdi ki, palata elmi ədəbiyyatın indekslərinin hazırlanması və nəşri ilə məşğul olan keçmiş SSRİ Xalq Komissarları Sovetinin komissiyasının fəaliyyətində yaxından iştirak etmişdir[4].
Palatanın dövlət biblioqrafiyası istiqamətindəki fəaliyyəti, əsasən, ikili funksiya daşıyırdı. Onlardan birincisi çap əsərlərinin qeydə alınması, ikincisi isə biblioqrafik informasiya vermək funksiyası idi[5].
ADKP 1940-cı ilə kimi aldığı pulsuz məcburi nüsxələrdən ikisini daxili işləri üçün saxlayır, qalanlarını müvafiq müqaviləyə əsasən keçmiş müttəfi q respublikaların dövlət kitabxanalarına və mühüm şəhər, rayon kitabxanalarına göndərirdi. Azərbaycan hökuməti 1940-cı il yanvar ayının 20-də məcburi nüsxələr haqqında daha bir qərar qəbul edir və bununla pulsuz göndərilən məcburi nüsxələrin sayı 5-ə endirilir. Onlardan üçü keçmiş Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna, Azərbaycan Respublika EA kitabxanasına və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Respublika Kitabxanasına (hərəsinə bir nüsxə olmaqla) göndərilirdi. Bir nüsxə Palatanın arxivinə verilir, qalan bir nüsxədən biblioqrafiyalaşdırma və statistik məlumatın hazırlanması proseslərində istifadə olunurdu.
1929-cu ildə Palata XMK-nın Ali Siyasi-Maarif idarəsinin tabeçiliyindən Baş elmi müəssisələr idarəsinə (Qlavnauki) keçir və bu da onun biblioqrafik elmi mərkəz kimi formalaşmasına səbəb olur. 1939-cu il aprel ayının 28-də Kitab Palatası haqqında yeni əsasnamə qəbul olunur. Lakin Böyük Vətən müharibəsi (1941-45) bütün sahələrdə olduğu kimi, ADKP-nın da fəaliyyətinə mənfi təsir göstərir. 1945-ci ildən Palata Azərbaycan SSR XKS yanında Mədəni-Maarif Müəssisələri Komitəsinin nəzdində fəaliyyət göstərməyə başlayır. 1953-cü ildən isə o, AR Mədəniyyət Nazirliyinin 616 №-li əmrinə əsasən həmin nazirliyin ixtiyarına verilir. Bu isə Palatanın yerləşdiyi binanın sahəsini bir qədər genişləndirməyə imkan yaradır [5].
Palatanın çap məhsulları arasında respublikada nəşr olunan kitablar haqqında buraxılan çap kartoçkaları operativliklərinə görə fərqlənirdi. 70-ci illərin axirlarında və 80-ci illərin əvvəllərində (XX əsr) palata ildə təxminən 630 adda kitaba dair kartoçka çap etdirirdi. Ayda iki dəfə (hər ayın 4-də və 19-da) mətbəəyə verilən kartoçkalar çap olunduqdan sonra 237 ünvana:Bakı şəhəri, rayon kitabxanaları, keçmiş müttəfiq respublika kitab palataları, dövlət kitabxanaları, həmçinin keçmiş SSRİ Dövlət Kitabxanası və Saltıkov Şedrin adına Leninqrad Ümumi Dövlət Kitabxanasına göndərilirdi. Soraq-biblioqrafiya xidməti 32 növ kataloq və kartoteka sistemi əsasında həyata keçirilirdi.
ADKP müstəqillik illərində də fəaliyyətini davam etdirmiş, 2002-ci ildən isə onun funksiyaları Milli Kitabxanaya verilmişdir [5].
Ümumi biblioqrafiyanın ixtisaslaşmış mərkəzi kimi fəaliyyət göstərən Kitab Palatası iki şöbəyə (Dövlət biblioqrafiyası və Məlumat biblioqrafiyası), üç filiala (mətbuat statistikası, elmi-texniki informasiya və nəzarət filialları) və bir bölməyə (Kitab salnaməsi bölməsi) malik idi. Palatanın ümumi quruluşu əsasında onun çap əsərləri üzərində apardığı biblioqrafik iş prosesinin məntiqi ardıcıllığını belə təsəsvvür etmək olar: respublika ərazisində çap əsərləri axınından nəzarət nüsxələri palataya daxil olur, nəzarət filialı tərəfindən yoxlanılır, sonra isə üzərində biblioqrafiyalaşdırma işi aparılması üçün dövlər biblioqrafiyası və məlumat biblioqrafiya şöbələrinə, mətbuatın statistikası filialına, kitab salnaməsi bölməsinə göndərilir və biblioqrafiyalaşdırma işi başa çatdırıldıqdan sonra Azərbaycan mətbuatı arxivinə təqdim edilirdi. Kitab Palatası biblioqrafik informasiya fəaliyyətində oraya daxil olan nəzarət (məcburi) nüsxələrinə əsaslanırdı. Hər il palataya orta hesabla 2650-2800 çap vahidi daxil olurdu [1].
Azərbaycan Dövlət Nəşriyyatı 1924-cü ildən başlayaraq bir neçə kataloq çap etdirmişdir. Bunlardan "Azərnəşrin ticarət qismi əxbarı" (1924), "Kitabların kataloqu" (1926, 1927), "Azərbaycan Dövlət Nəşriyyat kataloqu" (1926), "Dövlət nəşriyyatı . Azərnəşr bülleteni, iyun-dekabr 1927-ci il, №1, yanvar-iyun 1928-ci il №2" (1928) və s. Belə kataloqların buraxılması sonralar davam etdirilmişdir: "Ucuzlaşmış kitabların kataloqu" (1929), "Azərnəşr kataloqu" (1933), "Azərfirqənəşr-1935-ci ildə çıxmış kitabların kataloqu" (1936), "Yeni və əsgi əlifba ilə çıxan kitabların və məcmuələrin siyahısı" (1931) və s.
ADKP 1926-cı ilin yanvar ayından respublikada ilk dövlət biblioqrafiyası orqanının – "Kitab letopisi"nin nəşrinə başlayır. Adı çəkilən biblioqrafik jurnalda Azərbaycan Respublikası ərazisində çıxan yeni kitablar, kitabçalar və yeri gəldikcə jurnallar nəzərə alınır və onların biblioqrafik təsviri verilirdi.
Palata 1928-ci ildən jurnal məqalələrinin biblioqrafiyalaşdırılmasına başlayır və 1931-ci ildə 1920-1930-cu illərdə Azərbaycan Respublikası ərazisində çıxan jurnalların məqalələrinə dair biblioqrafik göstəricini başa çatdırıb “Azərbaycan SSR məcmuələr külliyyatı” (1920-1930) adı ilə nəşr etdirir (1932). Burada jurnallar, elmi əsərlər, xəbərlər və başqa elmi müəssisə nəşrləri əhatə edilmiş və onlarda dərc olunmuş məqalələrin analitik təsviri verilmişdir. On bir illik bir dövrün jurnal və məcmuələrinin tərkibini açan bu əsasla biblioqrafik informasiya mənbəyində birinci ümumi xarakterli məsələlər olmaqla, elmin, mədəniyyətin, xalq təsərrüfatının müxtəlif sahələri üzrə materialların bibliqrafik təsvirləri sistemli şəkildə əks olunmuşdur [1].
1940-cı ildə "1939-cu il üçün Azərbaycan SSR Kitab məhsulu illiyi" adlı bir vəsait çap etdirir [5].
Respublika Dövlət Kitab Palatasının perspektiv planında Azərbaycan kitabının ümumi retrospektiv biblioqrafik informasiya mənbələrinin yaradılması problemi də nəzərə alınmışdır. Planda qeyd olunur ki, mühüm vəzifələrdən biri respublikada ilk kitab çapından başlamış, 1946-cı ilə kimi Azərbaycan dilində çxmış kitabların və həm də dövri mətbuatın mülahizəli, dolğun və hərtərəfli göstəricisini hazırlamaqdan ibarətdir [6]. Lakin əlaqədar idarə və müəssisələrlə əməkdaçlıq edilməməsi və lazımi bazanın olmaması səbəbindən bu plan həyata keçirilmədi. Palatanın bu sahədə ilk, nisbətən böyük nailiyyəti 1951-ci ildə "Azərbaycan kitabı" adı ilə çap etdirdiyi biblioqrafik göstəricidən ibarətdir.
1951-ci ildə isə "Azərbaycan kitab letopisi"nin 1942–1946-cı illərdə çapdan çıxmış kitabları əhatə edən əlavə buraxılışı çap olundu. 1960-cı ildən başlayaraq Palata “Birillik Azərbaycan kitabiyyatı”nı nəşr etdirməyə başladı. Göstəricidə il ərzində dilindən, mövzusundan, janrından asılı olmayaraq respublikada nəşr edilmiş bütün kitablar barəsində tam biblioqrafik məlumat verilirdi.
1980-cı ildə Kitab Palatasına Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nəşriyyatlar tərəfindən 1226 adda kitab və kitabça, 1222 adda avtoreferat, 132 adda qəzet (17073 nömrə), 81 adda jurnal (811 nömrə) 25 adda not, 128 adda təsviri sənət əsərləri göndərilmişdir [7] və bunların hamısı, demək olar ki, dövlət biblioqrafiyası orqanlarında (“Azərbaycan mətbuat salnaməsi”ndə) qeydə alınmışdır.
XX əsrin 60-cı illərində Kitab Palatasının tabelik mənsubiyyətində, biblioqrafik nəşrlərində müəyyən dəyişikliklər olur. 1963-cü ildən (sentyabr ayı) Palata Respublika Nazirlər Sovetinin Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin (sonralar Mətbuat və İnformasiya Nazirliyi) ixtiyarına verilir.
1960-cı ildən etibarən Palatanın mütəmadi olaraq nəşr etdirdiyi və dövlət biblioqrafiyası orqanları olan “Kitab salnaməsi”, “Jurnal məqalələri salnaməsi”, “Qəzet məqalələri salnaməsi” göstəriciləri birləşdirilərək “Azərbaycan Mətbuat Salnaməsi” adı ilə çap olunmağa başlayır.
Əliyev Z. Azərbaycanda biblioqrafiya işinin inkişafı (1920-1958) ped. elm. nam. (biblioqrafiya ixtisası üzrə) alim. dər.al. üçün dis. /Zöhrab Əliyev. Bakı. 1962. səh. 247.