Azərbaycan Xalqının Milli Qurtuluş Günü

Azərbaycan xalqının milli qurtuluş günüAzərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib.[1] 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.[2]

Azərbaycan xalqının milli qurtuluş günü
Ölkə Azərbaycan Azərbaycan
Qeyd olunmağa başlayıb 1997
Tarix 15 iyun

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə idi.[3]

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı.[neytrallıq?] 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.[4]

Hadisələrin qısa tarixi

[redaktə | mənbəni redaktə et]

1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı.[5] İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

  1. "Azərbaycan Respublikasının bayram günləri". 2016-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
  2. "Elmi İnnovasiyalar Mərkəzində Milli Qurtuluş günü qeyd edildi". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
  3. "15 İYUN – AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜ". 2016-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
  4. "Professor Cəbi BƏHRAMOV: "QURTULUŞ GÜNÜ mənim üçün vətənimin – Azərbaycanın xilası deməkdir"". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.
  5. "Qurtuluş Günü-Müasir Azərbaycanın inkişafının başlandığı tarix". 2015-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]