Milli İstiqlaliyyət Bayramı — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayramı.
İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Hökumətin qərarına əsasən, həmin gün qeyri iş günü elan olundu. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!".
Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Səməd bəy Mehmandarovun portretləri dərc olunmuş, "ilk dəfə Azərbaycan ordusunun vətəninin paytaxtına vürudu" alt yazısı ilə Azərbaycan ordusunun Bakının mərkəzi küçələrindəki rəsm-keçidi və Parlament binasının şəkli də verilmişdi.
İstiqlaliyyətin birinci ildönümü münasibətilə hökumətin sədri Nəsib bəy Yusifbəylinin "Azərbaycan vətəndaşlarına!" müraciəti, habelə 1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannaməsi yenidən dərc olunmuşdu. Şeyxülislam Axund Ağa Ağazadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Əliabbas Müznib, Şəfiqə Əfəndizadə və başqalarının bayram münasibətilə məqalələri "Azərbaycan" qəzetinin səhifələrində dərc edilmişdi.
Parlamentin həmin gün keçirilən 42-ci fövqəladə təntənəli iclası Cürnhuriyyətin birinci ildönümünə həsr olunmuşdu. Parlament sədri vəzifəsini icra edən H.Ağayev, Parlamentin Müsavat fraksiyasından Məhəmməd Əmin Rəsulzadə, sosialistlər blokundan "Hümmət"çi Ə.Pepinov, "İttihad" fraksiyasından Q.Qarabəyli, "Əhrar" fraksiyasından A.Əfəndizadə və başqaları bu tarixi iclasdakı nitqlərində Cümhuriyyətin yaranmasının və istiqlaliyyətin Azərbaycan tarixində əhəmiyyətindən bəhs etmişdilər. H.Ağayev bu tarixi günün yaddan çıxmaması üçün həmin "tarixi günün şərəfinə abidə" qoymağı təklif edərək demişdi ki, "böylə olarsa, paytaxtımızın gözəl bir yerində təsis olunmuş o abidə daim bizim nəsillər üçün bir xatirə və bir yaddaş olacaq, istiqlaliyyət fikri, istiqlaliyyət duyğusu daim onların fikrinə və beyninə yeriyəcəkdir"'.
"Azərbaycan" qəzetinin ertəsi gün çıxan nömrəsində verilmiş məlumatlarda deyilirdi ki, 1919-cu il mayın 28-də Azərbaycanın istiqlalının elan edildiyi gün keçirilən bayram tədbirləri özünün rəngarəngliyi və möhtəşəmliyi ilə yadda qalan nadir günlərdən biri olmuşdur. Bütün şəhər, xüsusilə keçmiş Nikolay (indiki "İstiqlaliyyət") küçəsi çox böyük zövqlə bayramsayağı bəzədilmişdi. Parlament binası üzərində elektrik lampaları ilə yazılmış "Yaşasın İstiqlal!" sözləri uzaqdan diqqəti cəlb edirdi. Binanın fasadında Əzim Əzimzadənin çəkdiyi, əlində üzərində "Yaşasın Azərbaycan Cümhuriyyəti!" yazılmış Azərbaycan Cümhuriyyətinin bayrağını tutmuş mələk təsvir edilən şəklin ətrafı xalçalarla və elektrik lampaları ilə bəzədilmişdi. Parlament binasının içərisi də bayramsayağı bəzədilmiş, binanın qarşısında bayram tədbirləri üçün baş tribuna qurulmuşdu. Küçə başdan-başa bayram nümayişinin iştirakçıları ilə dolu idi. İlk olaraq tribunadan "Müsavat" partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bayram tədbirlərində iştirak edən nümayişçilərə müraciətlə nitq söylədi. Sonra fəhlələr adından Səməd Əlisgəndərov, sosial-demokrat "Hümmət" partiyasından Ağazadə və başqaları çıxış etdilər. Bu vaxt küçə boyu maşınla hərəkət edən hökumətin sədri N.Yusifbəyli nümayiş iştirakçlarını salamladı, onlar da hökumət sədrini alqışlarla qarşıladılar. H.Ağayev Parlament binasının balkonundan nümayişçiləri təbrik etdi. Şərifovun (Abbas Mirzə Şərifzadə) xüsusi ahənginə söylədiyi "Azərbaycan bayrağı" şeri nümayişçilər tərəfindən hərarətlə qarşılandı.
Elə həmin gün saat 13-də Azərbaycan ordusu Bakı qarnizonunun hərbi paradı keçirildi. Paradı hərbi nazir Səməd bəy Mehmandarov qəbul etdi. Paradda Azərbaycan Cümhuriyyəti Parlamenti və Hökumətinin üzvləri tam tərkibdə iştirak edirdi. Bütün bu təntənələrin sonunda isə Cümhuriyyət hökuməti Azərbaycanın istiqlaliyyətinin birinci ildönümü günü münasibətilə qəbul düzəltdi.
Ümumiyyətlə, Azərbaycanın istiqlalının birinci ildönümü günü çox təntənəli şəkildə bayram edildi və gələcəkdə həmin günün daim bu cür bayram edilməsi qərara alındı. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra, bu bayram yalnız xaricə mühacirət etmiş Cümhuriyyət xadimlərinin təşəbbüsü ilə hər il anılırdı. Yalnız 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin gün yenidən xalqımızm və dövlətimizin ən əziz bayramı - Respublika günü kimi hər il təntənəli şəkildə qeyd olunur.[1]