AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr — Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasına (qısaca Dağlılar Respublikası) maliyyə, iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər.[1]
Azərbaycanın qabaqcıl ziyalıları, ictimai xadimləri, əvvəlki dövrlərdə olduğu kimi, 1917–1918- ci illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azadlıq mübarizəsini rəğbətlə izləyir və bütün vasitələrlə onlara yardım edirdilər. Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Zaqafqaziya seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Bammat Heydər, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Həmin danışıqlar uğursuzluqla bitdikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yaradılması haqqında bəyannamə qəbul etdilər (1918-ci il 11 may). Mayın 24-də isə Gəncədə Əbdülməcid Çermoyevin başçılığı ilə Dağlılar hökuməti təşkil olundu.[1]
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri mökəmləndirməyə başladı. 1918-ci ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xaql Cümhuriyyəti hökumətlərinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi. Vətənə qayıdan Dağlılar hökumətinə ilk maliyyə yardımını Azərbaycan Xalq Cümhuriyyəti hökuməti göndərdi. Oktyabrın 8-də Azərbaycan tərəfi dağlılara 1 milyon rubl həcmində faizsiz kredit verdi. 1 ay sonra dağlılar hökumətinin maliyyə naziri Vassan Gəray Cabagiyev Bakıya gələrək, bu dəfə 500 min rubl həcmində vəsait aldı. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyəti Dağlılar Respublikasına təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlılar Respublikası arasında birinci müqavilə bağlandı. Müqaviləni Azərbaycan tərəfindən ticarət və sənaye naziri Behbud xan Cavanşir və maliyyə naziri Məmməd Həsən Hacınski, Dağlılar hökumətinin səlahiyyətli nümayəndələri - sənaye və ticarət naziri Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim bəy Heydərov imzaladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlılar hökumətinə 10 milyon rubl məbləğində faizsiz kredit verdi. Dağlılar hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi.[1]
Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlılar Respublikası arasında 1919-cu il yanvarın 9-da ikinci müqavilə bağlandı. Azərbaycan tərəfindən Fətəli xan Xoyskinin üçüncü hökumət kabinəsində ərzaq naziri olmuş K.N.Lizqarın və Dağlılar Respublikasının Azərbaycandakı nümayəndəsi Əlixan Qantəmirin imzaladıqları bu müqaviləyə görə Dağlılar Respublikası hökuməti Azərbaycan 50 vaqon buğda göndərməli, Azərbaycan tərəfi isə pudu 60 rubldan haqqını dərhal ödəməli idi. Bütün taxılın müqavilənin imzalanmasından sonrakı 4 ay ərzində göndərilməsi razılaşdırıldı. 1919-cu il fevralın 23-də Azərbaycan Xalcq Cümhuriyyəti ilə hökuməti Dağlılar Respublikası arasında üçüncü müqavilə imzalandı. Bu müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlılar hökumətinə daha 10 milyon rubl faizsiz kredit verməyi öhdəsinə götürdü. Bu vəsaitin 5 milyonu dərhal verildi.[1]
Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ilin əvvəlində Şimali Qafqazın Denikin tərəfindən işğalına qarşı Dağlılar hökumətinə həm də diplomatik və hərbi yardım göstərdi. Fevralın 25-də öz səlahiyyətli elçisi Əbdürrəhim bəy Haqverdiyevi Temirxan-Şuraya göndərdi. Martın 1-də Azərbaycan hökuməti Denikinə qəti etirazını bildirdi. Şimali Qafqazın işğalını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün addımlar atdı. Martın 6-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Bakıdakı müttəfiq qoşunlarının komandanı general U.Tomsona nota təqdim etdi. Notada Antanta dövlətlərindən “... qan tökülməsinin və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq məqsədilə general Denikinin könüllü ordusunun Şimali Qafqaz Dağlıları Xalqları Respublikasına qarşı təcavüzkar hərəkətlərinə dərhal son qoyması üçün qəti tədbirlər görülməsi” istənildi. Aprelin 6-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Dağlılar Respublikasına hərbi yardım göstərməyi qərara aldı. Bu məqsədlə həm könüllü dəstələrin yaradılmasına və Qafqaza göndərilməsinə başlanıldı, həm də dağlı döyüşçülərinə tibbi yardım üçün sanitar briqadaları təşkil edildi. Aprelin 17-də isə Azərbaycan Cümhuriyyəti Parlamenti Dağlılar Respublikası hökumətinə daha 30 milyon rubl faizsiz kredit vermək haqqında qanun qəbul etdi. Beləliklə, 1918-ci ilin sonu – 1919- cu ilin ilk aylarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlılar Respublikasına 50 milyon rubl həcmində maliyyə yardımı göstərdi. Denikin 1919-cu il mayın sonunda bütün Şimali Qafqazı ələ keçirdikdən sonra isə Dağlılar Respublikası hökumətinin üzvlərinə Bakıda sığınacaq verildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, bundan əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi üçün 1 milyon rubl vəsait ayırdı.[1]
Beləliklə, Azərbaycan, əvvəlki tarixi dövrlərdə olduğu kimi, 1918-1920- ci illərin ağır şəraitində də Dağıstan xalqlarına arxa durdu.