Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri

AXC mühacirlərinin fəaliyyətləri — 1920-ci il 27 aprel işğalından sonra mühacirətə getmək məcburiyyəti qarşısında qalan, Azərbaycanda 20 il, Azərbaycandan kənarda isə 70 il fasiləsiz olaraq Sovet imperiyasına qarşı mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri;

Azərbaycan mühacirətinin yaranması[redaktə | mənbəni redaktə et]

Azərbaycan mühacirətinin tarixi kökləri[redaktə | mənbəni redaktə et]

1920-ci il 27 aprel işğalı ilə Azərbaycandan kənara mühacir axınının yeni mərhələsi başlandı. Bu mərhələ səbəblərinə, istiqamətlərinin çox şaxəliliyinə, coğrafiyasının genişliyinə, mütəşəkkilliyinə və bir sıra özəl xüsusiyyətlərinə görə əvvəlkilərdən kəskinliklə fərqlənirdi. Belə ki, 1804–13-cü illər birinci Rusiya-İran müharibəsinin yaratdığı mühacir axınları müxtəlif motivlərlə (səbəb isə eyni idi) bağlı olduğundan, demək olar ki, toplumun əksər zümrələri əhatə edirdi. Gülüstan müqaviləsi ilə öz müstəqilliklərini itirmiş Şimali Azərbaycan xanlıqlarındakı hakim şəcərənin nümayəndələri 1826-cı ildə başlanan ikinci Rusiya-İran müharibəsi və yerli üsyanlar sayəsində rus istilasına son qoymağa çalışırdı. Mirzə Bala Məmmədzadə yazır:

" O zaman Azərbaycan xanlarının bəziləri Rusiyaya satılsa da, içərilərində Bakı xanı Hüseynqulu xan, Gəncə xanı Ziyad xanın oğlu Uğurlu xan kimi xanlar yenidən məmləkətlərinə qayıtmış, milləti ruslara qarşı üsyana qaldırmışlar. "

1809, 1826-cı illərdə, eyni zamanda Türkmənçay müqaviləsindən sonra 1837-ci ildə baş verən bu üsyanların təbii ki, qurbanları, həbsləri, sürgünləri ilə yanaşı mühacirləri də olmuşdu. Rusların yaratdığı müstəmləkəçilik rejimi ciddi iqtisadi, sosial məhrumiyyətlər doğurduğundan mühacirlərin çoxu həm də iş axtarmaq üçün Şimaldan Cənuba, bir sıra hallarda isə Türkiyəyə axışırdı. Belə siyasi və iqtisadi motivlərlə ölkəni tərk etməyə məcbur olanlardan başqa, xristian metropoliyasının köləsi olmaqla barışa bilməyən ziyalılar və din adamları da dini və şəxsipsixoloji motivlərlə mühacirətə gedirdi. Birinci və İkinci Rusiya-İran müharibələrinin doğurduğu mühacir köçləri əsasən Cənubi Azərbaycana üz tutmuşdu. M. B. Məmmədzadə İranda olarkən (1924–1927) şimallı mühacirlərin üçüncü, dördüncü nəslinin nümayəndələri ilə görüşdüyünü xatırlayır: "Onlar, 1813-cü il Gülüstan sülhündən sonra, Ərdəbil ətrafında Talış müharibəsindən indiyə qədər mühacir hüququ ilə yaşamaqdadırlar". 1853–56-cı illər Krım, 1877–78-ci illər rus-türk müharibələri də Azərbaycandan kənara mühacir axınının sürətlənməsinə az təsir etməmişdi. Ələlxüsus da Krım müharibəsindəki məğlubiyyətdən sonra rusların Azərbaycandakı davranışının daha da sərtləşməsi prosesə təkan verirdi. Cənub Qafqaz Rusiyanın tərkibinə qatıldıqdan sonra Borçalıdan da xarici ölkələrə mühacir axınları başladı və bu proses Gürcüstan sovetləşənə, sərhədlər bağlanana qədər davam etdi. 1828-ci ilin yazında Borçalıdan Mehdi xanın başçılığı ilə 800 Qarapapaq ailəsi Təbriz vilayətinə pənah apardı və Azərbaycan (Təbriz) valisi Abbas Mirzəyə ildə 12 min tümən vergi, 400 atlı əsgər vermək şərtiylə Sulduz bölgəsində məskunlaşdılar. Mühacir axınlarının bir istiqaməti də Türkiyə idi. Türkiyə tədqiqatçısı Ə. B. Ərculasunun bildirdiyinə görə Güney Qafqazdan Türkiyəyə gələnlər, əsasən Qars əyalətində məskunlaşırdı. Onların indi Qarsda 92 kəndi var. Bu kənd adlarının əksəriyyəti Borçalıdakı kənd adlarının eynidir. M. F. Kırzıoğlu mühacir axınları barədə yazır:

" Gürcüstandan 45 min türk Qars elinə gəlib yerləşdi. Bunlar Ağbaba, Borçalı-Loru və Qarayazıdan gələn Qarapapaqlar idi. "

Cümhuriyyətə qədərki muhacirət[redaktə | mənbəni redaktə et]

Əsrin sonlarına yaxın yaranan nisbi stabilliyi 1905–07-ci illərdə Bakıda da güclü əks-səda doğuran Birinci Rus inqilabı pozdu. Bu inqilabın yatırılması ilə başlanan təqiblər, siyasi fəaliyyətin maksimum məhdudlaşdırılması, bir sıra qəzetlərin bağlanması Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi fikir adamlarını və başqalarını ölkəni tərk etmək məcburiyyəti qarşısında qoydu. Bir qayda olaraq inqilabçıların və millətçilərin təqib edildiyi Stolıpin irticasından yayınıb mühacirətə üz tutduğunu Ə. Ağaoğlu belə xatırlayırdı[1]:

" Şiddətli təqib edilənlər arasında idim. İş elə bir dərəcəyə çatmışdı ki, artıq daha özümün deyil, ailəmin də sakitlik və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olunan Vorontsov-Daşkov məni necə olursa-olsun, həbsə aldırıb sürgün etməyə qərar vermişdi. Bunu eşidən kimi mən də dərhal 1908-ci ilin sonlarına doğru İstanbula qaçdım. "

Azərbaycan mühacirətinin başında M. Ə. Rəsulzadənin də göstərdiyi kimi "Əhməd bəy Ağaoğlu və Əli bəy Huseynzadə kimi böyük şəxsiyyətlər dururdu". 1911-ci ildə Azərbaycan mühacirlərindən Ə. Ağaoğlu və Ə. Huseynzadənin rəhbərliyi ilə yeni cəmiyyətin əsası qoyuldu. Bu əsasən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan və eyni adlı məcmuə dərc edən "Türk Yurdu" idi. M. Ə. Rəsulzadə də 1908-ci ildə təqiblərdən yayınaraq İranın Rəşt şəhərinə getmiş və orada mücahidlərə qoşularaq Tehrana keçmişdi. İranda başlayan Məşrutə hərəkatının fəal iştirakçısı olan M. Ə. Rəsulzadə az vaxt ərzində istedadı ilə diqqəti cəlb etdiyindən, ona yeni yaradılan Demokrat Partiyasının məramnaməsini hazırlamaq və partiyanın orqanı "İrane-nou" qəzetinə baş redaktorluq etmək təklif olundu. İranın əsrin əvvəllərindəki görkəmli siyasi xadimlərindən olan Seyid Həsən Tağızadə M. Ə. Rəsulzadənin ilk mühacirlik fəaliyyəti barədə yazırdı:

Müsavat partiyasının Türkiyədə ikən qurulduğu xəbərini eşidən M. Ə. Rəsulzadə Bakıya qayıtdıqdan sonra onun rəhbərliyinə gətirildi.

"Qafqaz Komitəsi" mühacir təşkilatı[redaktə | mənbəni redaktə et]

Əli bəy Hüseynzadə

Mühacirətdə azərbaycanlılar təkcə Rusiya türkləri ilə deyil, Qafqaz millətləri ilə də iş birliyi qurmuşdu. 1915-ci ildə Şimali Qafqaz, Azərbaycan, Gürcüstan mühacirləri Türkiyədə, "Qafqaz Komitəsi" adlı bir təşkilat yaratdılar. Sədri Şimali Qafqaz mühaciri Marşal Fuad Paşa olan "Qafqaz Komitəsi" Qafqazın istiqlaliyyətinə çalışır və Rusiyadan ayrıldıqdan sonra onun konfederativ bir siyasi qurum kimi formalaşacağının nəzəri əsaslarını hazırlayırdı. Rəsmən komitənin üzvü olmayan Ə. Ağaoğlu və Ə. Huseynzadə də Ι Dünya müharibəsi ərəfəsində neytral İsveçrədə məskunlaşaraq Qafqazın rus pəncəsindən xilas olması məsələsi ilə bağlı "Avropa dövlətlərinə muhtıralar verib Qafqaz türklərinin həqiqi vəziyyətini təsvirə çalışırdılar". Komitənin Qafqazla gizli əlaqəsi var idi. Alman tədqiqatçısı Prof. Dr. C. Yeşke yazır ki, azərbaycanlı Səlim Behbud bəy (Behbudov) Bakı və Qarabağ milli təşkilatları ilə gizli münasibət təsisinə müvəffəq olur və müəyyən siyasi vəzifələr üçün sualtı gəmisiylə gizlicə Qafqaz sahillərinə gedərək oradan da Azərbaycana keçirdi. "Qafqaz Komitəsi"nin fəaliyyəti dövründə idi ki, Türkiyə ordusuna bilxassə Azərbaycandan gizli olaraq könüllülər axmağa başladı". "Qafqaz Komitəsi"nin Türkiyə, Almaniya, Avstriya-Macarıstan və İsveçrədə fəaliyyət göstərdiyi dövrdə İstanbulda Yusif Akçura tərəfindən "Rusiya məhkumu müsəlman Türk-Tatarların haqqını Müdafiə Komitəsi" adlı böyük bir siyasi təşkilat yaradıldı. Ə. Huseynzadənin də fəal üzvü olduğu bu təşkilata çox vaxt "Akçura-Huseynzadə" komitəsi deyirdilər. Bu iki komitənin üzvləri bir-birləriylə sıx əlaqə saxlayır, müəyyən hallarda isə birgə çıxış edirdilər. Qısa tarixi xülasədən sonra, XΙX əsrin əvvəllərində Azərbaycanın parçalanması və Şimalın Rusiya tərəfindən istilası ilə başlanan mühacirətin yaranma səbəblərinə mahiyyət və xarakterinə görə bir-birindən kəskinliklə fərqlənən üç mərhələsi aydın görünür.

Mühacirətin yeni mərhələsi[redaktə | mənbəni redaktə et]

Əhməd bəy Ağayev

1920-ci il 27 aprel işğalı ilə on minlərlə adam müxtəlif illərdə, müxtəlif motivlərlə Azərbaycanı tərk edərək qürbətə üz tutdu. Əslində bu, 1917-ci il oktyabr inqilabından sonra başlanan böyük "ağ mühacirət"in, 1919–1921-ci illərdə milli respublikaların qırmızı ordu tərəfindən işğal olunması ilə yaranan nisbətən kiçik ikinci dalğası idi. Polşa tarixçisi S. Mikuliçin yazdığı kimi:

" Vətəndaş müharibəsi xaricə təkcə ağ rusları deyil, ağ gürcü, ukraynalı, azərbaycanlı, türkmən və başqa xalqların nümayəndələrini də çıxarmışdı. "

Sovet hökuməti 1921-ci ilin oktyabr ayında bütün mühacirləri vətəndaşlıqdan məhrum etdi və beləliklə, milyonlarla adam qanuni mövcudluq hüququnu itirmiş oldu. Ciddi fakt qarşısında qalan dünya birliyi yaranmış növbəti çətinlikdən çıxış yolları arayarkən "Beynəlxalq Qırmızı Xaç Komitəsi Millətlər Liqası Şurasına rus qaçqınları üzrə komissar təyin etməyi məsləhət gördü. Bu ağıllı təklifi nəzərə alan Şura məşhur qütb tədqiqatçısı Fritof Nanseni qaçqınlar üzrə komissar təyin etdi". Lakin, təəssüflər olsun ki, mənbəşünaslıqda Azərbaycan mühacirlərinin ümumi sayı barədə dəqiq məlumata təsadüf etmirik. Buna baxmayaraq bir sıra faktların və söylənilən mülahizələrin yekunu kimi belə qənaətə gəlmək olar ki, 1920-ci ildən sonra ΙΙ Dünya müharibəsi başlayana qədər ölkəni zaman-zaman tərk edənlərin sayı orta hesabla 50 mindən az deyildi.

Siyasi partiyaların gizli fəaliyyətə keçməsi[redaktə | mənbəni redaktə et]

Aslan bəy Səfikürdski
Camo bəy Hacınski

Beləliklə, 1920-ci il 27 aprel istilası ilə başlanan mühacirətin yeni mərhələsi öz coğrafiyasının genişliyinə, istiqamətlərinin çoxşaxəliliyinə, kəmiyyətinə görə özündən əvvəlkilərdən çox böyük və daha kütləvi idi. 1920-ci il 27 aprel işğalından sonra Azərbaycanda Kommunist Partiyasından başqa heç bir partiyanın leqal fəaliyyətinə imkan qalmadı. Gəncə, Qarabağ, Şəki və Zaqatalada lokal xarakterli hərbi çıxışların, silahlı üsyanların əsas təşkilatçıları kimi Müsavat və İttihadı ittiham etmək, siyasi partiyalara qarşı amansız mübarizənin başlayacağını xəbər verirdi. Əslində ayrı-ayrı partiya üzvlərinin üsyanların təşkilində və gedişində iştirakı istisna edilməsə də, bütövlükdə partiyaların təşkilatçılığını və iştirakını iddia etmək əsassız idi. Əbdülvahab Yurdsevər yazır:

" Böyük Gəncə üsyanı, Şəki, Lənkəran və digər bölgələrdəki ayaqlanmalar (ixtişaşlar) müştərək bir plana və təşkilata bağlı deyildi. Biz bu kimi hazırlıqsız, plansız hərəkətlərə müxalifik. "

Gözlənildiyi və vəd edildiyi kimi böyük silahlı çıxışlar yatırıldıqdan sonra gizli fəaliyyətə keçmək məcburiyyətində qalmış partiyalara "müharibə elan olundu". "Əhrar" (nisbətən Şimal bölgəsində nüfuzu olan bu partiya yarandığı gündən Müsavatı Türkiyəyə arxa çevirməkdə, əsasən şiələri vəzifəyə yerləşdirməkdə ittiham etməklə və sünnilik məzhəbini qabartmaqla populyarlaşmaq taktikası seçmişdi) sovet hakimiyyətinin ilk günlərində özünü buraxmaq haqqında qərar çıxardı və "bir-iki il sonra onun üzvləri rəsmən Müsavat firqəsinə girdi".

Sosialist fraksiyasına daxil olan "xalqçı sosialist firqəsi" də bolşevik platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə yerləşdirə bildi. Lakin, fəal "xalqçılardan" Aslan bəy Səfikürdski, Rza bəy Qaraşarlı, Camo bəy Hacınski, Rza Şabanov, Kərim Feyzullayev, Xankişi Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin sonlarında Azərbaycan SSR Ali İnqilabi Tribunalının "eser partiyasının Zaqafqaziya təşkilatının işi" adlı qondarma ittihamla mühakimə olunub müxtəlif müddətli həbs cəzaları aldılar. İttihad partiyasının buraxılması haqqında aktda isə deyilirdi:

" Burjua "azadlığı" çərçivəsində Müsavatla açıq mübarizə aparan "İttihad" hesab edir ki, Qırmızı Sovet hissələrinin Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini tapır. Və öz məqsədinə çatmış “İttihad” səhnədən gedir. "

Lakin 1920-ci ilin yazından İttihad gizli fəaliyyətə keçərək özünü güclü antisovet bir partiya kimi göstərə bildi. "Vətən ya ölüm", "Mərkəzi İttihad", "Quranın əmin-amanlığı" adlı üç müstəqil qrupa bölünən partiya Azərbaycanın qəzalarındakı təşkilatlarını gizli mübarizə şəraitinə keçirmiş, eyni zamanda Dağıstan və İranla əlaqələr yarada bilmişdi. XΙ ordunun Xüsusi Şöbəsinin qaldırdığı cinayət işinin materiallarına görə İttihad 1920-ci ilin axırlarında Azərbaycanda silahlı üsyan yolu ilə hakimiyyəti ələ almağa çalışırdı. Onlar Dağıstanda İmam Qotsinski və Əlixanovun başçılıq etdiyi qiyamçıların, eləcə də Lənkəran və Zəngəzur üsyançılarının köməyi ilə qarşıya qoyulan məqsədə çatmağın mümkün olacağı qənaətində idilər. 1921-ci ilin əvvəllərindən başlayaraq məram və xarakterinə görə İttihada yaxın olan dini təmayüllü bir neçə partiyanın da fəaliyyəti gücləndi. Bunlardan "İslam" partiyasının fəaliyyəti daha çox nəzərə çarpırdı ki, adından da göründüyü kimi o islamçılıq təbligatı aparır, "Azərbaycan müsəlmanları üzərində Türkiyənin təsirini yaymağa çalışırdı. "İslam"in əsas rəhbərləri də türkiyəli zabitlər idi". Məramları, sosial bazaları oxşar olduğundan İttihadla İslam birləşərək yeni İttihadi İslam (İslam Birliyi) partiyası yaratdılar. Əsasən kasıb və ortabab kəndliləri öz sıralarına cəlb edən İttihadi İslam çox sürətlə böyüyürdü. 135 nəfərdən ibarət rəhbərlik heyətinə malik olan yeni birliyin "təkcə Şəmkir rayonunda 3000 nəfər üzvü var idi". 1921-ci il 5 may tarixli Bakı konfransında İttihadi İslam o qədər də geniş nüfuza malik olmayan "İslam Əl-Quran"la birləşib yeni ad-"Milləti İslam" adını qəbul etdi.

Azərbaycanın Qərbində öz fəaliyyətini daha da gücləndirmək məqsədilə Milləti İslam "Günəş-Qafqaz" la birləşmək qərarına gəldi. 1921-ci il iyunun 3-də bu iki partiya Gəncə toplantısında birləşmə qərarı qəbul etdikdən sonra "Azərbaycan Milli Müdafiə İslam Firqəsi" (AMMİF) adlanmağa başladı. AMMİF-ə yeni sədr Cabbar Qoşqarov, sədr müavini Əli Səmədov, katib Abbas bəy Usubbəyov seçildi və partiyanın 21 nəfərdən ibarət MK tərkibi formalaşdırıldı. Bundan əlavə Xosrov Əfəndiyevin rəhbərlik etdiyi hərbi şöbə (köməkçi İsfəndiyar Məmmədov idi), Seyidəli İsrafilverdiyevin rəhbərlik etdiyi təbligat-təşkilat şöbəsi yaradıldı, Xəlil Şakirov, Tahir Quliyev isə Türkiyə ilə əlaqəçilər təyin edildi. Azərbaycanda milli müqavimət hərəkatının aparıcı qüvvəsi, ideoloji istiqamətvericisi Müsavat partiyası olmuşdu. Partiyanın gizli fəaliyyətə keçməsi barədə qərar 27 aprel gecəsi qəbul edildi. M. Ə. Rəsulzadənin tövsiyəsi ilə gizli Müsavatın rəhbərliyinə M. B. Məmmədzadə gətirilmiş, Ə. V. Nəmmədzadə (Yurdsevər) onun müavini (Bakı komitəsinin təşkili ona həvalə olunmuşdur), M. Sadıq Quluzadə siyasi işlər komissiyasının sədri (Azərbaycan qəzalarında partiyanın gizli təşkilatlarını qurmaq ona həvalə olunmuşdur), Məmməd Həsən Baharlı maliyyə komissiyasının sədri, Cəfər Cabbarlı isə gizli MK-nın Baş katibi təyin olunmuşlar. Müsavatın Azərbaycanda gizli fəaliyyət dövrünü xarakterinə görə dörd mərhələyə bölmək olar: Birinci – 1920–1923-cü illər, ikinci – 1923–1927-ci illər, üçüncü – 1927–1931-ci illər, dördüncü – 1931-ci ildən ΙΙ Dünya müharibəsinə qədərki mərhələ. Sovet hakimiyyəti 1923-cü il kütləvi həbslərində də Müsavatın gizli fəakiyyətinin üstünü aça bilmədi. Hərbi təşkilatlar və özəklər ancaq 1926-cı ildəki kütləvi həbslər zamanı aşkarlanıb ləğv edildi.

Mühacirətin təşkilatlanması[redaktə | mənbəni redaktə et]

Çevrilişin səhəri günü başlanan terror və həbslər Azərbaycan Demokratik Respublikasının liderlərini, görkəmli dövlət, siyasət adamlarını ölkəni tərk etmək məcburiyyəti qarşısında qoydu. Fətəli xan Xoyski, Mustafa Vəkilli, Şəfi bəy Rüstəmbəyli, qonşu Gürcüstana keçə bildilər.[2]

Siyasi təşkilatlanma üçün göstərilən səylər[redaktə | mənbəni redaktə et]

Aprelin ortalarından Azərbaycan Parlamentinin sabiq sədr müavini Həsən bəy Ağayevin rəhbərliyi ilə Tiflisə Zaqafqaziya Respublikalarının Konfransına göndərilən nümayəndə heyəti də aprel çevrilişdən sonra vətənə dönmədi. İlk dəfə qonşu Gürcüstanda fəaliyyətə başlayan mühacirlər, bolşeviklərin xalqın iradəsi və tarixin hökmü ilə qurulmuş Azərbaycan Demokratik Respublikasını hərbi yolla devirməsini dünya ictimaiyyətinə çatdırmaq üçün kəskin etiraz bəyannaməsi ilə çıxış etdilər. Baş vermiş hadisəyə Azərbaycandan xaricdə ilk dəfə rəsmi münasibəti ifadə edən bu sənəddə daha sonra, XΙ Ordu hissələrinin respublika ərazisində törətdiyi vəhşiliklərdən, baş alıb gedən soyğunçuluqlardan, talantlardan, qanlı toqquşmalardan bəhs olunur, "Rus qızıl ordusunun tezliklə ölkə hüdudlarından çıxarılması tələbi ilə" dünya dövlətlərinin Sovet hökumətinə təzyiq göstərməsi xahiş edilirdi. Bu etiraz bəyannaməsi imzalanıb yayıldıqdan heç bir ay keçməmiş iyunun 19-da Fətəli Xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Mayın sonlarından Bakıda gizli yaşayan M. Ə. Rəsulzadə də get-gedə şəhərdə qalmağın təhlükəli olduğunu görüb, dostu A. Kazımzadə ilə Tiflisə yola düşmək qərarına gəlir. Yolların narahat olduğunu nəzərə alıb bir müddət Lahıc kəndində gizlənən M. Ə. Rəsulzadə və A. Kazımzadə burada da çox qala bilmədilər. Gürcüstana keçmək üçün növbəti dəfə yola çıxsalar da, "Avqustun 17 — də hər ikisi Şamaxının Qaraməryəm kəndi yaxınlığında həbs edilib Bakıya gətirildi". 1920-ci il noyabrın 1-də Bakıya gələn Stalin, Xüsusi Şöbə rəisi Pankratova "M. Ə. Rəsulzadə ilə A. Kazımzadəni azad hesab etmək və sərəncama qatara göndərmək" göstərişi verdi və noyabrın 16-da ikisini də özünün getdiyi qatarda Moskvaya apardı. 1919-cu ildə Azərbaycan Parlamenti tərəfindən Ə. M. Topçubaşovun rəhbərliyi ilə Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin əksər üzvləri (Mir Yaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxülislamov, Abbas bəy Ataməlibəyov) də 27 apreldən sonra Avropada qalaraq, çox faydalı işlər görürdü. 1920-ci il sentyabrın 8-də Parisdə məhkum Azərbaycan Cümhuriyyəti heyəti tərəfindən Millətlər Cəmiyyəti rəisliyinə aşağıdakı bəyanatla müraciət olundu:[3]

  • "Azərbaycan milləti… Cenevrədə birləşmiş olan millətlər təmsilçilərinə müraciət edərək Azərbaycan xalqının məruz qaldığı ələm və nəqabilə (müsibətə) nəzəri diqqətinizi cəlb etmək istəyir.
  • …1920-ci ilin aprelində rus bolşevikləri Azərbaycanı istila etdi və qeyri-bərabər hərbdən sonra qızıl ordu məmləkəti əsgəri işğalı altına aldı. O vaxtdan bəri Azərbaycanda üsyanlar davam edir.
  • …Millətlər Cəmiyyəti Ali Məclisinin Azərbaycan millətinə və onun haqlı tələbatına mənəvi himayə göstərəcəyinə ümid edirik".

Noyabr ayında isə Ə. M. Topçubaşov özü Millətlər Cəmiyyətinin Cenevrədəki toplantısında iştirak edib Azərbaycanın istilası məsələsini yenə dünya birliyinin nəzərinə çatdırdı:

" Bundan sonra...arkadaşları ilə bərabər 1922-də Lozanna və Genuya, 1923-də London Konfranslarına gedərək Azərbaycanın milli mənafelərini müdafiədə bulunmuş, bu sayədə, məsələ, Genuya konfransında bolşeviklərin Azərbaycan namına söz söyləməyə səlahiyyətdar olmadıqlarına qərar vermişdir. "
Əlimərdan bəy Topçubaşov

Azərbaycan nümayəndə heyəti faktiki itirilmiş müstəqilliyin hüquqi mühafizəsi sahəsində beynəlxalq ələmdə gərgin iş aparır, öz fəaliyyətlərini digər Qafqaz respublikalarının təmsilçilərinin fəaliyyətləri ilə əlaqələndirməyə çalışırdılar. Elə bu məqsədlə 1921-ci ilin mayın 8-də Azərbaycan nümayəndə heyəti, AXC-nin Parisdəki nümayəndəliyində yığışaraq Qafqaz respublikalarının müstəqilliyi yolunda birgə fəaliyyətin zəruriliyini nəzərə alıb Qafqaz Konfederasiyasının yaradılması məsələsini müzakirə etdilər. 1921-ci il iyunun10-da isə artıq üç Qafqaz Respublikasının səlahiyyətli təmsilçiləri ilk yığıncaqlarını keçirib (Ə. M. Topçubaşovun sədrliyi ilə) "öz aralarında siyasi, iqtisadi ittifaq yaratmaq qərarına gəldilər". Lakin, AXC-nin 1920-ci il aprelin əvvəlində Türkiyəyə səfir təyin etdiyi Xəlil Xasməmmədovun 1 noyabr 1921-ci ildə İstanbulda verdiyi bəyanatda deyildiyi kimi "Konfederasiya ilə bağlı Parisdə imzalanan sənəd müqavilə deyil, proklamasiya (bəyannamə) idi".

Mühacirət təşkilatlarına dəstək[redaktə | mənbəni redaktə et]

10 iyun qərarı barədə mühacirlər Fransa Nazirlər Sovetinin sədri Brianı məlumatlandırdı. Brian isə öz növbəsində azad olunmuş bölgələr üzrə nazir Lüşerə üç Qafqaz respublikasının nümayəndələri ilə danışıqlar səlahiyyəti və göstərişi verdi. Şimali Qafqaz Respublikasının təmsilçiləri də dəvət olunan 7 noyabr görüşündə Lüşerin dörd Respublika nümayəndələrinin Fransadan konkret hansı kömək gözləməsi sualına cavab olaraq mühacirlər, ilk növbədə maddi yardımın vacibliyini vurğuladılar. Aparılan danışıqların nəticəsi olaraq Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərdi. Azərbaycan SSR-in Türkiyədəki fövqəladə səlahiyyətli nümayəndəsi İbrahim Əbilov 1 mart 1922-ci ildə Azərbaycan Xarici İşlər Komissarlığına verdiyi məlumatda bildirirdi:

" Aldığım məlumata görə, bizim əksinqilabçıların Paris təşkilatı Fransa hökumətindən fəaliyyətini gücləndirmək üçün üç milyon yarım frank məbləğində pul almışlar. "

Türkiyə və İrandakı mühacirlərə, AXC-nin təhsil almağa göndərdiyi 78 tələbəyə, (onların da əksəriyyəti vətənə qayıtmamışdı), sonralar isə yaranan təşkilatlara və mətbuat orqanlarına Fransadan maliyyə dəstəyi alan Paris heyətinin maddi yardım göstərməsi barədə mühacirət ədəbiyyatında da məlumat az deyil. Lakin yuxarıda göstərilən məbləğin qəsdən şişirdilməsi şübhə doğurmur. Çünki aradan bir il keçdikdən sonra Sovet agentura şəbəkəsinin özü də Azərbaycan mühacirlərinin maddi cəhətdən çox çətinlik çəkdiyini təsdiq edirdi. Qafqaz Respublikaları öz aralarında ortaq fəaliyyət birliyi ilə bağlı ilkin razılığa gəldikdən sonra, ağ Rusiyanın təmsilçiləri ilə də bu istiqamətdə danışıqlar aparmağa təşəbbüs göstərdilər. Fransa hökuməti də Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinin tərəfdarı idi və buna çalışırdı. 1921-ci il, 7 iyulda Parisin Məhkəmə Palatasının iclas zalında Qafqaz Respublikaları və Rusiya təmsilçilərinin ilk yığıncağı keçirildi. Yığıncaqda Azərbaycanı Ə. M. Topçubaşov, Gürcüctanı Yevgeni Qeqeçkori (sabiq Xarici İşlər naziri) və Sabaxtaraşvili, Ermənistanı Avetis Aharonyan, Rusiyanı Maklakov (Kerenski hökumətində Fransa səfiri) və Mandelştam (sabiq Türkiyə səfiri), Fransa tərəfini sabiq ali komissar Şevalye və Sarbon Universiteti hüquq fakültəsinin rektoru, Prof. Verno təmsil edirdi.

Siyasi təşkilatların və dərnəklərin yaranması[redaktə | mənbəni redaktə et]

Gürcüstanda, Türkiyədə, İranda, Fransada mühacirlərimizin 1920–1922-ci illərdə gərgin fəaliyyətinə baxmayaraq, ilk siyasi təşkilat 1923-cü ildə M. Ə. Rəsulzadənin Türkiyəyə gəlməsi ilə yarandı. Azərbaycandakı gizli Müsavatın MK üzvlərindən biri Ə. V. Məmmədzadənin yazdığına görə: "1922 sənəsində parti başqanı M. Ə. Rəsulzadə Moskvadan Petroqrad yolu ilə Finlandiyaya, arxasınca Abbasqulu KazımzadəMəhəmməd Əli Rəsulzadə də Bakıdan İrana qaçırılmışlar".

Xarici Ölkələr Bürosu[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əmin Rəsulzadə

Finlandiyadan 1922-ci ildə Türkiyəyə gələn M. Ə. Rəsulzadə İstanbulda, Gürcüstan sovetləşən ərəfədə oradan da qaçmağa məcbur olan müsavatçı mühacirlərlə Müsavat Partiyasının Xarici Ölkələr Bürosunu qurdu. Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə başqandan əlavə iki nəfər-Xəlil Xasməmmədov və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. "Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli oldu- ğundan mübahisələr doğurmurdu. Xarici Büro konspirasiya məqsədilə büro üzvlərinin birbirlərindən Azərbaycandakı gizli təşkilatlar haqqında heç nə soruşmaması qərarı çıxarmışdı". Azərbaycanla əlaqə səlahiyyəti 1922–23-cü illərdə bir neçə dəfə Zaqafqaziyada olan M. S. Axundzadəyə verilmişdi. O, əldə etdiyi məlumatları ancaq Başqana çatdıra bilərdi. Xarici Büronun digər fəalları — M. Vəkilli, Ş. Rüstəmbəyli, A. Kazımzadə, Məşədi Əli Rəfiyev, İsmayıl Nəzərəlizadə, Həsən Fəttahov, Əli bəy Əsədullayev, Əmir xan Xoyski, Səlim Ağasıbəyov, Əli Cəbiyev, Nadir Şirinbəyov, Həmdi Qaracazadə, Mirzə Hacızadə, Kamal Qənizadə və b. idi. Maliyə komissiyasına əvvəlcə M. Ə. Rəsulzadə özü, sonra isə Təbrizdən gələn M. Ə. Rəfiyev rəhbərlik edirdi. 1925-ci ilin dekabrından komissiyaya Ş. Rüstəmbəylinin rəhbərlik etməsi qərara alındı. Maliyə komissiyasından başqa Xarici Büroda M. S. Axundzadənin rəhbərliyi altında mədəniyyət komitələri yaradılmışdı:

Məhəmməd Əmin Rəsulzadə mühacirlərlə birlikdə

Ι. Türkiyədə:

  • Trapezund Komitəsi — Səməd Muradov, Nəsrulla Aşurbəyov, Nağı Şeyxzamanlı;
  • Qars Komitəsi — Məmməd Əli Əfəndizadə, Yasin Vəkilov;
  • Smirna Komitəsi — doktor Əfəndiyev (Azərbaycanın Batumdakı sabiq konsulu) və b.

ΙΙ. İranda:

  • Tehran Komitəsi — doktor Cəfər Cəfərov, Məhəmməd Əli Rəsulzadə, Ruslan Şərifov (Tehran Komitəsinə Rəşt və Ənzəli komitələri daxil idi.);
  • Rəşt Komitəsi — Axundov (sədr), Hacı Axundzadə;
  • Təbriz Komitəsi — Teymur bəy Məlik Aslanov (sədr), Ağa Zeynal Məmmədov, Məmməd Sadıx Quliyev (Xülusi) və b. Təbriz Komitəsinə Ərdəbil və Astara təşkilatları daxil idi.

Azərbaycan Gənclər Birliyi[redaktə | mənbəni redaktə et]

Şəfi bəy Rüstəmbəyli

1924-cü ildə Xarici Büronun qərarı ilə mədəniyyət komissiyasının nəzdində "Azərbaycan Gənclər Birliyi" (AGB) yaradıldı. Sədri M. S. Axundzadə seçilən bu birliyin katibi İsmayıl Sarı İmanqulu oğlu, fəalları isə Ş. Rüstəmbəyli, S. Ağasıbəyli, M. Ağaoğlu, Niyazi Usubbəyov, İskəndər Xan Xoyski, M. Hacızadə, H. Camalbəyov və başqaları idi. "Birliyin əsas məqsədi — gəncləri təşkilatlandırmaq, onlarda milli ruhun yüksəldilməsinə nail olmaq, həm də maddi ehtiyac hiss edən üzvlərə yardım göstərmək olmuşdu". Birliyin fəaliyyəti barədə "Azəri Türk" məcmuəsinin 1929-cu il, 6–7-ci saylarında deyilir:

" Beş yaşına girən “Azəri Türk Gənclər Birliyi 39 möhtac tələbəyə maddi yardımda bulunduğu kimi, bir çox Azəri gənclərinin də məktəblərə girməsinə rəhbərlik etmişdi. Bundan başqa 32 tarixi və ictimai konfranslar və 7 xüsusi müşavirə tərtib etmişdi. "

Azərbaycan Milli Mərkəzi[redaktə | mənbəni redaktə et]

Müsavat Partiyasının Xarici Bürosunun İran və Türkiyədə çoxsaylı yerli komitələri qurulduqdan sonra M. Ə. Rəsulzadə siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan mühacirlərinin təmsil oluna biləcəyi yeni siyasi təşkilat yaratmaq qərarına gəldi. Belə bir təşkilatın yaradılmasında əsas məqsəd bütün siyasi mühacirləri bir araya gətirmək, xarici ölkələrdə, dünya birliyi qarşısında Azərbaycanı təmsilçilikdə meydana gələ biləcək paralelliklərə yol verməmək idi. Elə bu missiya ilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən yeni siyasi təşkilat — Azərbaycan Milli Mərkəzi (AMM) yaradıldı. AMM-in sədri M. Ə. Rəsulzadə, MK üzvləri Xəlil bəy Xasməmmədov, Mustafa Vakilli (Müsavat), Əbdüləli bəy Əmircanov (bitərəf), Əkbər ağa Şeyxülislamov (xalqçı-sosialist) idi. Lakin siyasi mühacirətin vahid bir təşkilat ətrafında birləşməsi prosesi çox ağır və ləng gedirdi. Ə. Əmircanov və Ə. Şeyxülislamovun AMM-in rəhbərliyində təmsil olunmalarına baxmayaraq, "onlar Konstantinopolda (sovet mənbəşünaslığında İstanbul əsasən belə adlanır-X. İ.) ittihadçılarla yaxınlaşmağa çalışırdılar". İttihadın isə mühacirətdəki lideri Xosrov bəy Sultanov partiyanın Xarici Ölkələr Bürosunu formalaşdırmaq və bütün ittihadçıları bir təşkilat ətrafında cəmləşdirmək istəyirdi. O, 1926-cı ildə İrana gedərək burada İttihadın Tehran və Təbriz komitələrini yarada bildi. "Tehran Komitəsinə Aşur-bəy İsabəyi, Təbriz Komitəsinə isə qardaşı İsgəndər bəyi rəhbər təyin etdi. Mühacirətdəki İttihad liderlərindən X. Sultanov, eləcə də Mir Yaqub Mehdiyevin göstərdiyi bütün cəhdlərə baxmayaraq partiyanın xarici ölkələr bürosu yaradılmadı. Azərbaycan mühacirlərinin bir mərkəzdə birləşməsi ideyasına Ə. M. Topçubaşov da tərəfdar idi. Ə. M. Topçubaşov çalışırdı ki, bütün Qafqaz respublikalarının mühacirləri bir səlahiyyətli təşkilat vasitəsilə Qafqaz Birliyində təmsil olunsun. O, parçalanmış gürcü mühacirlərini də milli birliyə dəvət edir, Qafqaz Birliyi ideyasının gerçəkləşdirilməsi üçün ciddi səy göstərirdi. 1927-ci ildən sonra Türkiyə tərəfi AMM-ə göstərdiyi maddi yardımı dayandırdı. Əslində, M. Ə. Rəsulzadə Qafqaz Birliyi məsələsini Türkiyənin öz inhisarına götürməsinə çalışırdı. Bu istiqamətdə rəsmi dairələrdə 1925-ci ildə müəyyən həvəs yansa da, sonralar SSRİ-nin təzyiqləri nəticəsində tədricən mühacirlərin səsi Türkiyədə eşidilməz oldu.

Avropada mühacir təşkilatları[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əmin Rəsulzadə (aşağıdan mərkəzdə) mühacir illərində

Avropada Azərbaycan mühacirlərinin yaratdığı ilk siyasi təşkilat "Azərbaycan İstiqlal Komitəsi" idi. 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin bazası əsasında yaradılan bu təşkilatın ilk sədri Heydər adlı bir mühacir olmuşdu. Sonralar Almaniyada yaxşı tanınan Hilal Münşinin sədri olduğu AİK, yaydığı ideoloji-siyasi ədəbiyyat, məcmuə, eləcə də verdiyi konfranslarla uzun illər Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. ΙΙ Dünya müharibəsi başlayanda M. Ə. Rəsulzadə və Hilal Münşi tərəfindən Berlində Milli Azərbaycan Komitəsi yaradıldı. MAK-ın proqramında deyilirdi: "Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə aparmaq, Qafqaz millətlərinin dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq… Komitənin əsas qayəsini təşkil edir". Azərbaycan milli legionlarının formalaşdırılmasında mühüm rol oynayan bu komitə, eyni zamanda M. Ə. Rəsulzadənin yazdığı kimi, "Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdi". M. Ə. Rəsulzadənin rəhbərliyi ilə 1945-ci ildə Münhendə yeni bir təşkilat da meydana gəlmişdi. Bu Azərbaycan Demokratik Birliyi idi və müharibə qurtardıqdan sonra çox acınacaqlı vəziyyətə düşmüş azərbaycanlı hərbçiləri müxtəlif ölkələrdə yerləşdirməyə çalışırdı. ADB-nin sədri M. Ə. Rəsulzadə vətənə dönmək istəməyən soydaşlarına müraciət edərək, onları qarşıdakı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq ruhdan düşməməyə çağırırdı. Müraciətdə deyilir:

" Əziz mühacirlər! 6 ildir davam edən İkinci Cahan hərbi artıq sona yetdi. Hərb almanların məğlubiyyəti, Qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki müqəddəs vətənimizi işğal altında tutan Sovet kommunist rejimi müttəfiqlərin yanında yer almaq imkanına sahib oldu... Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar olmağınızı dilərik. Bu vəsiqə ilə qısa adı ADB olan Azərbaycan Demokratik Birliyi ətrafında birləşməyə çağırırıq. "

1943-cü ildə, müharibənin gedişində könüllü alman tərəfinə keçən mayor Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski tərəfindən "AzərbaycanınMilli Birlik Məclisi" adlanan bir siyasi təşkilat da yaradılmışdı. Müharibədə Azərbaycan müstəqilliyinin Almaniya tərəfindən tanınması uğrunda mübarizə aparan bu təşkilat müharibədən sonra bir sıra yeni mühacirləri, o cümlədən əski mühacirlərdən Ə. Şeyxülislam, C. Hacıbəyli, İ. Əkbər, C. Kazımbəy və b. öz ətrafında birləşdirərək Müsavatın Xarici Ölkələr Bürosuna və AMM-ə müxalifət mövqeyində dayanırdı.

Azərbaycan mühacirəti müharibə illərində[redaktə | mənbəni redaktə et]

Azərbaycan legionlarının formalaşdırılması[redaktə | mənbəni redaktə et]

1941-ci ildə alman-sovet müharibəsinin başlaması, Azərbaycan mühacirətinin fəaliyyət istiqamətlərini dəyişmə zəruriyyəti ilə üzləşdirdi. Mühacirlərin müharibə dövründəki fəaliyyətini üç qismə ayırmaq olar:

  • Əsir düşmüş azərbaycanlıların xilas edilməsi, ayrıca döyüş legionlarının təşkili.
  • Almaniyanın Azərbaycanın müstəqilliyini tanıması istiqamətində aparılan iş.
  • Müharibə bitdikdən sonra hərbi əsirlərə və əsgi legionçulara yardım göstərmək.

Müharibənin elə ilk aylarından sovetlər tərəfindən almanlara xeyli adam əsir düşmüşdü. Alman tədqiqatçısı P. Mühlen yazır: "1 noyabr 1941-ə qədər Alman kamplarında (əsir düşərgələrində-X. İ.) iki milyondan artıq sabiq Qızıl Ordu mənsubu toplanmışdı. Hətta Rozenberq onlarının sayının 3,6 milyon olduğunu göstərirdi. Həmin əsirlərdən və ya könüllü almanlar tərəfə keçənlərdən nə qədərinin azərbaycanlı olması barədə isə Ə. Fətəlibətli-Düdəninski (Azərbaycan legionlarının təşkilatçılarından və rəhbərindən biri) aşağıdakı məlumatı verir: "Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayi isə milyona çatırdı". 1941-ci ilin avqustundan etibarən Sovet əsirlərini milliyyətlərinə görə ayrılıb düşərgələrdə yerləşdirmək işinə başlanmışdı. Artıq dekabrda Rozenberqin özü də milli legionların formalaşdırılması haqqında qəti qərara gəlmiş və Hitlerə bununla bağlı rəsmi müraciət və bir plan təqdim etmişdi. "Plan Hitlerin onayına razılığına nail olmuş və 22 dekabr 1941-ci ildə OKW rəsmən birər türkistanlı, erməni, gürcü və Müsülman Qafqasiyalı legionun təşkili əmrini vermişdi. Bu sonuncusu sonra Azərbaycanlı və Quzey Qafqasiyalı legionu olmaq üzrə ikiyə ayrılmış və 1942-ci ilin son baharında Volqa tatarlarının da legionu təşkil olunmuşdur". Azərbaycan mühacirlərindən əski legionçu Süleyman Təkinər yazırdı:

" Rus məhkumu millətlərin almanlar səfindəki bu mücadiləsinə millətlərarası bir mahiyyət verərək dünya əfkakı diqqət nəzərinin də bu işə təvəccühünü sağlamaq zərurəti vardı. "

İlk legionlar işğal altında olan Polşada yaradıldı. Onlar qismən alman silahları, qismən də döyüşlərdə ələ keçən hərbi qənimətlərlə təchiz olunurdular. Hər bir legiona rəhbərlik edən hərbi heyətin təxminən 20–25%-ni alman zabitləri təşkil edirdi. Əski legionçulardan Məhəmməd Kəngərli və Kərrar Ələsgərlinin bildirdiyinə görə "Boz qurd", "Cavad xan", "Aslan", "Berqman" (Dağlı) və b. taburlarda qruplaşdırılan Azərbaycan legionçularının ümumi sayı 70 mindən çox idi. Hər bir milli legion almanlar tərəfindən maliyyələşdirilən qəzet çıxarırdı. Azərbaycan legionçuları Məcid Musazadənin(Qarsalani) redaktorluq etdiyi "Azərbaycan" və o qədər də geniş yayılmayan "Hücum" qəzetlərini və "Milli Birlik" dərgisini (Cəlil İskəndər) yayımlayırdı. 1944–45-ci illərə qədər dərc olunan bu mətbuat orqanlarında əsasən legionçuları "bolşeviklərə qarşı mübarizəyə" ruhlandıran məqalələr, Ə. Cavad, M. Müşfiq, A. İldırım kimi şairlərin şerləri və b. yazılar dərc edilirdi. Ə. Fətəlibəyli-Düdənginski general L. Biçeraxova açıq məktubunda yazırdı:

" Stalin Hitlerlə Polşanı bölən, Baltik ölkələrinin müstəqilliyini əlindən alan, Finlandiyanı darmadağın edən vaxt biz nəfəsimizi içimizə çəkib İngiltərə, Fransa, Skandinaviya və b. Avropa ölkələri tərəfindən SSRİ-yə qarşı müharibə başlanacağını gözləyirdik. Biz o vaxt həm Stalinə, həm də Hitlerə qarşı onlarla təbii müttəfiq ola bilərdik. Lakin... məsələ başqa cür oldu. Qərb ölkələrinin vətənpərvərlik borcu onları SSRİ bizi isə Almaniya ilə bağladı. Bizim xatirimizə Qərb dövlətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onların xatirinə atalarımızın ənənələrini tapdalayıb xalqımızı kölə halına salmış Böyük Rusiya və Sovet İttifaqı uğrunda vuruşa bilməzdik. "

1942-ci ilin əvvəllərindən formalaşmağa başlayan Azərbaycan legionları döyüşlərdə bir sıra ciddi uğurlar qazanmış, alaylardan bəziləri Kubana, Şimali Qafqaza qədər gedib çıxa bilmişdi. Legionçuların çoxu bu döyüşlərdə göstərdikləri rəşadətə görə orden və medallarla, əsasən azərbaycanlılardan ibarət olan 804-cü alayın komandiri Qloger isə Qızıl Alman Xaçı ilə təltif edilmişdi. Milli müstəqilliklərin tanınması üçün alman rəsmi dairələri ilk növbədə 1918–1920-ci illərdə mühacirət etməyə məcbur olan milli cümhuriyyət liderlərinin yaratdığı təmsilçi təşkilatlarla danışıqlar aparmalı idi. Lakin 1941-ci ildə formalaşan Şərq Bakanlığının rəhbəri Rozenberq belə danışıqlardan yayınır, eyni zamanda Milli təmsilçilərlə əlaqəyə az-çox meyli olan Xarici İşlər Nazirlyinin SSRİ-ilə bağlı məsələlərdə səlahiyyətlərini məhdudlaşdırmağa çalışırdı. Xarici İşlər Nazirliyi də öz növbəsində Şərq mütəxəssisi və əski Moskva səfiri Şulenburq vasitəsilə fəal iş aparırdı. SSRI daxili milli məsələlərə yaxından bələd olan Şulenburq sürgündə və mühacirətdəki siyasətçilərin köməyi ilə Şərq siyasətinə təsir etməyin mümkünlüyü qənaətinə idi. Bu məqsədlə o sonralar qurulacaq milli hökumətin özəyini təşkil edəcək mühacir komitələrinin yaradılmasına və yaxud mövcud olan komitələrlə əlaqəyə girməyə çalışırdı. 1942-ci ilin aprelində Şulenburq Fransa, İtaliya, Türkiyə, İsveçrə və Balkanlarda məskunlaşan tanınmış mühacirlərə Berlində görüşmək üçün dəvətnamə göndərdi.[4]. May ayında dəvət edilənlərin əksəriyyəti gəlib Berlinin məşhur "Adlon" hotelində yerləşdi. Elə bu səbəbdən mühacirlərlə Şulenburqun tarixi Berlin görüşü "Adloniada" adlandırıldı.[5]

" Gələn mühacirlər arasında “bir neçə çox məşhur kişi var idi: “Qafqaz”ın Quzey Qafqasiyalı iki naşiri Heydər Bammat və Əli xan Qandəmir, “Prometey”çilərdən azərbaycanlı Rəsulzadə və sabiq bakanlardan Quzey Qafqasiyalı Səid Şamil (avar); gürcülərdən milli-demokratların lideri Spiridon Kedia, “Tetri Georgi” (Ağ Georqi) hərəkatının qurucularından Leo Kereselidze, aristokratlardan Prins Datxo Vaçnadze, Prins İrakli Baqration, “Qafqaz” qrupunun üzvü Zurab Avalişvili və b.
“Azərbaycan” dərgisinin 9-cu sayı, Ankara, 1954
"

"Adlon"a yığışan milli təmsilçilər Berlində qalmağa və Alman rəsmi dairələri ilə danışıqların davam etdirilməsinə lüzum görmədi. Lakin M. Ə. Rəsulzadə Almaniyada yaşayan və dövlət nümayəndələri ilə yaxşı əlaqələri olan Hilal Münşinin təkidi ilə hələ ki, Berlini tərk etmirdi. Eyni zamanda "Fon Mende də Rəsulzadəni güclüklə Berlində qalmağa ikna edə razı sala bilmişdi.

Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski

7 oktyabr 1942-ci ildə M. Ə. Rəsulzadə Krım tatar mühaciri Krımalla birgə Alman Ordusu rəhbərliyi, Xarici İşlər Nazirliyi, Şərq Nazirliyi ilə yenə uzun danışıqlara başladı. Bu danışıqlarda dəyişməyən şərt Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması idi. Lakin bir müsbət nəticə hasil olmadığını görən M. Ə. Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk etdi.[6] Beləliklə, Rozenberqin istəyinə rəğmən milli legionlarla iş aparmaq üçün "İrtibat Heyətləri" formalaşıb fəaliyyətə başladı. Bəzi "İrtibat Heyətləri" kimi Azərbaycan heyəti də öz tərkibinə görə yeni idi, yəni əski mühacirlərin yaratdığı təşkilat deyildi. Üç nəfərdən təşkil olunan Azərbaycan "İrtibat Heyəti"nə-Leninqrad Hərbi Akademiyasının əski məzunu, mayor Ə. Fətəlibəyli-Düdənginski, "Prometey"ə müxalif "Qafqaz" qrupunun fəallarından Fuad Əmircan və 1920-ci ildə Azərbaycan Parlamenti tərəfindən nisbətən sonra Paris Sülh Konfransına göndərilən Abbas bəy Ataməlibəyov daxil edilmişdi. Üçlükdə, Ə. Fətəlibəyli-Düdənqinski Alman Ordusundakı legionçuların, A. Atəməlibəyov SD birliklərindəki legionçuların, F. Əmircan isə Şərq Nazirliyindəki Azərbaycan idarələri: radio, təbliğat, nəşriyyatda çalışan azərbaycanlıların irəli sürdüyü nümayəndə kimi təmsil olunurdu. Legion mətbuatının yaradıcılarından olan Fuad Əmircan da, A. Atəməlibəyov da hələ müharibədən əvvəl M. Ə. Rəsulzadəyə qarşı müxalifət mövqeyində dayanırdılar.[7] Qeyd edək ki, almanların başqa "İrtibat Heyətlərinə" daxil etdikləri nümayəndələr də əsas milli mühacirət təşkilatlarına müxalifət mövqeyində dayananlar idi. Təbii ki, belə vəziyyət ilk növbədə milli müstəqilliklərin tanınmamasından sonra əsas mühacir təşkilatlarının rəhbərliyinin Almaniyanı tərk etməsi ilə izah oluna bilər. F. Əmircan və A. Ataməlibəyovdan fərqli olaraq Ə. Fətəlibətli-Düdənginskinin M. Ə. Rəsulzadəyə xüsusi rəğbəti var idi. O, 1942-ci ildə cəbhədən Fon Mende vasitəsilə M. Ə. Rəsulzadəyə göndərdiyi məktubunda yazırdı:

" Əziz yurdumuz Azərbaycanınyorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlaram. Biz irəlidə də millətimizin hürriyyəti...uğrunda döyüşəcəyiz. "

Örnək cəhətlərdən biri də odur ki, müharibənin sonuna qədər Ə. Fətəlibəyli-Düdənginski get-gedə artan həvəs və enerji ilə yurddaşlarımızın hüquqlarının müdafiəsinə çalışmış, almanlarla iş birliyinin elə də asan olmadığı şəraitdə bir an da olsun müstəqillik ideyasından üz döndərmişdir. Bu ideyanın legionçuların şüurunda daha da möhkəmlənməsi üçün onun təşəbbüsü ilə Berlində ümumi Azərbaycan qurultayı çağırmaq qərara alınmışdı. Qurultayın çağırılmasına Şərq Nazirliyi və Vermaxtın təbliğat idarəsi mane olmağa çalışırdı. Onlar tələb edirdilər ki, bu qurultayda İngiltərə, ABŞ Azərbaycanın düşmənləri elan edilsin. Lakin bütün maneələrə baxmayaraq 300 nəfərin iştirak etdiyi bu qurultay 1943-cü ilin 6–9 noyabrında Berlinin "Kaiserhof" hotelində öz işinə başladı. Ə. Fətəlibəyli-Düdənginskinin məruzəsini və onun ətrafındakı çıxışları dinlədikdən sonra qurultay aşağıdakı yekun sənədi qəbul etdi:

  1. 1918-ci il 28 maydan 1920-ci il 27 aprelə qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir.
  2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 il içərisində millətimizin istər vətən daxilində, istərsə də yad ellərdə apardığı şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası üçün olmuşdur.
  3. Qurultay bu ağır şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda edən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edir.
  4. Dünyanı sarsıdan bu İkinci Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı döyüş aparan və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdı.
  5. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türkistan, İdil-Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlarla iş birliyini zəruri sayır.
Əkbər ağa Şeyxülislamov

Müharibənin xarakteri dəyişdikcə "İrtibat Heyət"lərinin tərkibi və legionların əhvali-ruhiyyəsi də dəyişirdi. Stalinqrad məğlubiyyətindən sonra almanlar geri çəkilməyə başlamış, dəyişən bu vəziyyətin müqabilində erməni və gürcü legionçularının əksəriyyəti də cəbhələrini dəyişərək Ukrayna partizanlarına qoşulmuşdu. Erməni və gürcü legionlarının qalan taburları da tez-tez üsyan etdiklərindən "Hitler sadəcə olaraq müsəlmanlara güvənə biləcəyini söyləmişdi".[8] 1945-ci il fevralın 22-də isə Türkiyənin Almaniyaya müharibə elan etməsi ilə, əsasında pantürkizm ideyaları dayanan "Doğu Türk Silahlı Gücü", az sonra isə qafqazlıların hərbi birliyi dağıldı. Harun əl Rəşid türkistanlıların birliyindəki alman hərbçilərini güllələyərək 500 nəfərlə meşələrə çəkildi. Azərbaycanlılar isə müharibənin qurtarması ilə Avropanın müxtəlif bölgələrinə səpələndi. Müttəfiq qoşunları Berlini hər tərəfdən mühasirəyə aldığı bir vaxtda martın 17-də Almaniya bolşevik istilası ilə müstəqilliklərini itirən SSRİ millətlərinin müstəqilliklərini tanıdığını bəyan etdi. Bu gecikmiş aksiya olduğundan, demək olar ki, heç bir məna kəsb etmirdi. Hətta SSRİ dövlətlərinin tanınmaq mərasimi hava bombardmanı ucbatından tez-tez yarımçıq kəsilərək komik şəkil almışdı. 1944-cü ilin sonlarında, "Şərq Nazirliyi tərəfindən qurulan və müharibə qurtaranadək almanların tanıdığı yeganə təmsilçilik olaraq qalan Azərbaycan "İrtibat Heyəti"nin də rəhbər üçlüyü dağıldı. "İrtibat Heyəti"ndəki fəaliyyətlə yanaşı, eyni zamanda Türkiyənin ən nüfuzlu qəzetlərindən sayılan "Təsviri Əfkar"ın müdir müavini və "Türk Xəbərlər Ajansı"nın nəşriyyat müdiri vəzifələrində çalışan Fuad Əmircan 1944-cü ildə Berlini tərk edərək Parisə getdi. Ə. Fətəlibəyli-Düdənginski isə 1943-cü ildə yaratdığı "Milli Birlik Məclisi"nin fəaliyyətinə daha çox önəm verdiyindən "İrtibat heyətində bir lider kimi müharibənin sonuna yaxın A. Ataməlibəyova uduzurdu. Ə. Fətəlibəyli-Düdənginskinin arxa plana keçməsi onun təmsil etdiyi Almaniya ordusundakı Azərbaycan legionçularının dağıdılaraq tədricən A. Ataməlibəyovun təmsilçisi olduğu SD Mərkəzi Dairəsində cəmləşməsi ilə də bağlı idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əhməd, Dilqəm. Mühacirlərin dönüşü: yeni fotolar və sənədlər; I cild.- Bakı: TEAS Press, 2017.- 140 s
  2. "ADR-İran diplomatik münasibətləri Qafqaz fövqəladə komissiyasının sənədləri işığında: 1919–1920-ci illər". 2018-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  3. "AXC qurucularını". 2018-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-19.
  4. "Azərbaycan" dərgisinin 9-cu sayı, Ankara, 1954
  5. Rəsulzadə M. Ə. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. – Bakı, 1991.
  6. Tahirli Abid. Azərbaycan mühacirət mətbuatında publisistika (1921–1991). Bakı, 2005
  7. Qurbanov Şamil. Məhəmməd Əmin Rəsulzadə. Bakı: Nurlan, 2001,
  8. "AZƏRBAYCAN SİYASİ MÜHACİRƏTİ MÜHARİBƏ İLLƏRİNDƏ". 2018-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-22.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan xalq Cümhuriyyəti.(Ədəbiyyat, dil, mədəni quruculuq). "Qoliot Qkup" QSC nəşriyyatı, Bakı,2009. 336 səh
  2. Azərbaycan məclisi-məbusanında: Azərbaycan xadimlərindən H. Ağayev, F. Xoyskinin çıxışları // Azərbaycan.- 1918.- 8 qanuni-əvvəl.- № 59.- S. 1
  3. Məhəmməd Əmin Rəsulzadə Milli Birlik. Bakı. "Çıraq" nəşriyyatı, 2009. 176 səh
  4. Georgi Mamulia, Ramiz Abutalıbov — "Odlar ölkəsi. Azadlıq və müstəqillik uğrunda mübarizə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920–1945" (rusca)
  5. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu. Müəllif Aşırlı Akif. 2007. Bakı
  6. Zeynalov, İ. Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial mədəni quruculuq /Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. 27–29 may. II cild. Humanitar və sosial-siyasi elmlər.- B., 1998.- S. 167
  7. Yaqub Mahmudov /Azərbaycan Xalq Cümhuriyyəti Türk – İslam dünyasında ilk demokratik, hüquqi
  8. və dünyəvi dövlət idi // Xalq qəzeti.-2016.-28 may.-№ 115.-S.6–7.
  9. Azərbaycan Xalq Cümhuriyyəti- şərəf və ləyaqət tariximiz / Fəzail İbrahimli // Azərbaycan.-2016.-28 may.-№ 115.-S.7
  10. Əli bəy Hüseynzadənin 1916-cı ilin yanvarında Berlində Türk Xalqları Konqresindəki nitqi: Cümhuriyyətə aparan yollar: türk dünyasinin sözçülüyü missiyasi / Vilayət Quliyev // 525-ci qəzet.-2017.-25 fevral-№ 36.-S.14–15.
  11. Müsəlman Şərqində ilk demokratik respublika / Musa Qasımlı // Xalq qəzeti.-2016.-25 may.-№ 112.-S.5.
  12. Cabbarlı, Nikpur Mirhüseyn oğlu. Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri / N. M. Cabbarlı; elmi red. Ş. Körpülü; AMEA Nizami adına Ədəbiyyat İnstitutu.- Bakı: Elm və Təhsil, 2015.- 56 s.
  13. Azərbaycan Xalq Cümhuriyyəti — şərqdə ilk demokratik respublika / Anar İsgəndərov // Xalq qəzeti.-2015.-28 may.- № 113.-S.9.
  14. Rəsulzadə, Məhəmməd Əmin. Əsərləri / M. Ə. Rəsulzadə; ərəb əlifbasından translit., tərt., ön sözün müəl. Ş. Hüseynov, translit., red.: Ş. Q. Vəliyev, S. X. Mirzəyev, red.: A. Əzimova, S. X. Mirzəyev
  15. İsgəndərli, Anar. Azərbaycan həqiqətləri: 1917–1920 / A. İsgəndərli; ön sözün müəl., rəy. C. Makkarti.- Bakı: Elm və Təhsil, 2012.- 228 s.