Azərbaycanda donuzçuluq geniş yayılmamış heyvandarlıq növlərindən biridir. Son dövrlərdə Azərbaycanda olan donuz təsərrüffatlarının sayı artıb. Bakıda və ölkənin digər yerlərində yerləşən donuz təsərrüfatlarının çoxu özəlləşdirilmişdir.[1] Ölkədə saxlanılan donuzlar əsasən ağ Ukrayna donuz cinsidir.[2]
2013-cü ilin statistikasına əsasən Azərbaycanda 6495 donuz saxlanılırdısa, 2014-cü ildə bu say 7600-ə çatmışdır.[1] 2022-ci ildə isə bu rəqəm 6389-ə düşmüşdür.[3] Azərbaycanda donuzlar əsasən şimal-qərb, şimal rayonları və Abşeron yarımadasında saxlanılır. Bölgələr üzrə ən çox donuz təsərrüfatı Şəki-Zaqatala regionunda yerləşir. Xüsusilə, Qax, Oğuz və Qəbələ (Nic kəndi) rayonları donuzçuluq baxımından fərqlənirlər. Qax Azərbaycanda ən çox donuzun saxlanıldığı rayondur. 2015-ci ilin statistikasına görə bu rayonda 3500 baş donuz saxlanılır, donuz təsərrüfatı ilə əsasən ingiloylar və gürcülər məşğul olur. Gədəbəy, Goranboy, Qusar, Xaçmaz, İsmayıllı (İvanovka kəndi) və Kürdəmirdə də donuzçuluq təsərrüfatları yerləşir.[1][2]
Donuz təsərrüfatlarında saxlanılan donuzlar arasında donuz qripi xəstəliyinin yayılmadığını müəyyən etmək üçün tez-tez Dövlət Baytarlıq Xidməti tərəfindən tədbirlər keçirilir.[4]
Azərbaycan bəslənən donuzların ətindən kolbasa istehsalında istifadə olunur.[1] Donuz ətinin satışı da həyata keçirilir, lakin bahalı ət növüdür.[2]