Azərbaycan Respublikasının ərazisində karst və onun yaratdığı müxtəlif relyef formaları nisbətən az yayılmışdır ХХ əsrin 70-ciillərinə qədər ədəbiyyat məlumatlarına görə ümumi uzunluğu 800m olan 40-a qədər mağara məlum olmuşdur. 1969–1973-cü illərdə aparılmış tədqiqatlar nəticəsində ümumi uzunluğu 3905 m-ə çatan 200-dən çox karst boşluqları və yerüstü karst formaları öyrənilmişdir (Əyyubov, Əliyev, 1978). Bunlardan 120 karst mənşəli olub, ümumi uzunluğu 2370 m-ə çatır. Qalanı isə vulkanik süxurlarda və gillərdə əmələ gəlmişdir. Respublikanın ərazisində asan həll olan süxurlar və onların çatlılıq dərəcəsi, yüksək rütubətli dağlıq relyef, karst sularının sirkulyasiyası və karst boşluqlarının açılmasına şərait yaradan ərazinin çay şəbəkəsi ilə dərin (200–2000 m) parçalanması, yeraltı suların toplanmasında bilavasitə iştirak edən torpaq-bitki örtüyünün və s. olması karst əmələgətirən əsas amillərdir.[1]
Respublikanın ərazisində karst iki formada təzahür edir – yerüstü və yeraktı. Yerüstü formalar karrlar, nəlbəkivari çökəkliklər, şaxtalar, quyular, qıflar, uçqunlar və s. ibarət olub, nisbətən zəif inkişaf etmişdir. Onlar əsasən səthi və yamacları çılpaq olan alçaq dağlıq qurşaqda yayılmışdır.[1]
Karstın yeraltı formaları mağaralardan ibarət olub, demək olar ki, bütün şaquli təbii landşaft qurşaqlarında inkişaf etmişdir. Onlar, əsasən, Böyük və Kiçik Qafqazın orta və alçaqdağlıq zonalarında inkişaf etmişdir. Karstların əmələ gəlməsi üçün əlverişli süxurlar əhəng daşlarından, onların dolomitləşmiş növlərindən, yura və təbaşir yaşlı mergellərdən ibarət olub, respublikanın ərazisində 6000 km2
sahəni əhatə edir (cədvəl 1).
Bunun 3700 km2
Böyük Qafqazın, 2000 km2
Kiçik Qafqazın, 300 km2
isə Naxçıvan Muxtar Respublikasının payına düşür. Bunlardan cəmi 1000 km2
– i karstlaşma proseslərinə məruz qalmışdır ki, bunun da 20%-i Böyük Qafqazın, 70%-i Kiçik Qafqazın payına düşür (Əyubov, Əliyev, 1978).[1]
Cədvəl 1.
Karstın tipləri və onların yayıldığı ərazilər (Əyyubov, 1974).
N | Karstın tipi | Yayılması |
1. | Örtülü əhəngdaşı karstı | Ketam, Kilit ,
Xaşı kəndlər /ətrafı |
2. | Örtülü əhəngdaşı-dolomit karstı | Daqrav, Şırlan, Turabxan, Qarabağlar, Tənənəm, Yux. və Aş. Yaycı kəndləri /ətrafı |
3. | Çimlənmiş əhəngdaşı karstı | Qalakənd, Çəldaş, Ləzə, Xilmilli, Şıxlar kəndləri /ətrafı |
4. |
Çimlənmiş əhəngdaşı –dolomit karstı | Kiçan, Araçadzor, Təzəkənd kəndləri/ ətrafı |
5. | Çimlənmiş əhəngdaşı – brekçiya karstı | Xınalıq, Kəlayxudat kəndləri/ ətrafı |
6. | Çimlənmiş travertin karstı | Başlıbel kəndinin /ətrafı |
7. | Çılpaq əhəngdaşı karstı | Tağıllı , Keçikli, Beşdalı, Əmirxanlı, Ağbənd və s. kəndləri ətrafı |
Kiçik Qafqaza nisbətən Böyük Qafqazda karstın zəif inkişaf etməsi əsasən karstalaşan süxurların litoloji tərkibi ilə izah edilir. Beləki, əgər Kiçik Qafqazda karstlaşan süxurlar litoloji cəhətdən eyni tərkibli olması ilə səciyyələnirsə, Böyük Qafqazda onların tərkibində çoxlu miqdarda terrigen materiallar iştirak edir və tez-tez sementləşmiş çaqıldaşı, qumdaşı və gillərlə növbələşir. Bundan başqa Kiçik Qafqazda relyefin yayla xarakteri və süxurların çatlılıq dərəcəsi karstın yaxşı inkişaf etməsi üçün şərait yaradır (Şəkil1).
Respublika daxilində məlum olan karstlardan ən böyükləri Füzuli rayonunda Azıx (200m), Şuşa rayonunda Xan mağarası (114m) və Qoxol (72m), Qazax rayonunda Avey (72m), Şamaxı rayonunda Xınıslı (65m), Qusar rayonunda Sudur (50m), Naxçıvan Muxtar Respublikasında Kilit (48m) və Xizəngi (40m), Quba rayonunda Xaşı (40m) mağaralardır.
Respublikanın ərazisində karstın iki-dağlıq və düzənlik sinifləri ayrılır. Karstın düzənlik sinfinə basdırılmış karstlar aid edilir ki, onların da əsasən Kür-Araz düzənliyinin sağ sahil hissəsində, Alazan-Həftəran vadisində və Şərqi Arpa çayın aşağı axınında yayılması güman olunur.[1]
Karstların dağlıq sinfinə örtüklü əhəng daşlarının karstlı, əhəng daşlı-dolomit karstı, çimlə örtülmüş əhəng daşlarının karstı (geniş yayılmış), çimlə örtülmüş əhəng daşları və brekçiyaların karstı, çimlə örtülmüş travertin karstı, çimlə tam örtülməmiş əhəng daşlarının karstı və çılpaq süxurların karstı aid edilir. Formalaşması əsasən Abşeron əsri və sonrakı vaxtlara aid edilən karst mağaralarının yaşının təyin edilməsinin böyük əhəmiyyəti vardır.
Karst mağaralarının yaşı əsasən onun giriş hissəsinin (çıxışının) çay terraslarının səviyyəsi ilə korrelyasiyasına, eləcə də mağaralar əmələ gələndən sonra erozion kəsilmənin dərinliyinə əsasən müəyyən edilmişdir ki, bu da Kiçik Qafqazdakı mağaraları Eopleystosenə, Erkən Pleystosenə, Orta Pleystosenə və Holosenə aid etməyə imkan verir. Respublikada mövcud karst mağaralarından istifadə etmək imkanları kifayət qədər genişdir. Xüsusilə kənd təsərrüfatı inkişaf etdirilən ərazilərdə, su anbarlarının tikintisində, su ilə təchiz olunmada, hidrotexniki qurğuların, yolların və s. tikintisində, eləcə də bir sıra elmi problemlərin həllində, relyefin inkişaf tarixinin bərpa edilməsində, Paleolit dövrü insanlarının qədim düşərgələrinin axtarışında və s. karst mağaralarının öyrənilməsinin böyük əhəmiyyəti vardır. Alçaq temperaturlu karst sularından, bəzi yerlərdə onun bulaqlarından su ilə təminatda, suvarmada, irriqasiya və meliorasiyada istifadə edilə bilər. Arxeoloq alim M. Hüseynov tərəfindən Azıx mağarasından tapılmış ibtidai insanın çənə sümüyü, qismən məhv olmuş məməlilərin sümük qalıqları, çoxlu miqdarda daş alətlər, insanların mağarada yaşadığı vaxtı müəyyən etməyə, o dövrün palocoğrafi şəraitini bərpa etməyə və ayrı-ayrı mağaraların yaşını təyin etməyə imkan verir. Şuşa və Daşsalahlı mağaralarında tapılmış çoxlu miqdarda daş alətlər bu mağaraların qədimliyini sübut edir. Qalaaltı, Dağtumas, Oxçuçay, Xıram, Şamaxı, Sudur və Naxçıvan mağaralar qrupu arxeoloji cəhətdən böyük maraq doğurur. Eyni zamanda bu mağaralar özünün möcüzəli yeraltı dünyası ilə turistlər üçün ən maraqlı obyektlərdir. Təəssüflər olsun ki, hələ də bu mağaralar lazımı səviyyədə təbliğ olunmur və turistlər bu marağlı obyektlərdən zövq almaqdan məhrumdurlar. Hazırda mağaraların bir qismi erməni qəsbkarları tərəfindən zəbt olunmuş ərazilərdə yerləşir və bəzi məlumatlara görə mağaraları saxtalaşdırma yolu ilə "erməniləşdirməyə" cəhd edirlər. Mağaraların inkişafı bəzən neqativ halların baş verməsinə səbəb olur. Məsələn: Ordubad rayonu ərazisində karstlaşan yamacın uçub tökülməsi dəmiryol nəqliyyatının hərəkətində çətinliklər yaratmışdır. Bəzi yerlərdə torpaq eroziyasının güclənməsinə, kənd təsərrüfatı üçün yararlı sahələrin azalmasına səbəb olmaqla kənd təsərrüfat istehsalına mənfi təsir göstərir Bəzi ərazilərdə inkişaf etmiş karstların yer səthində əmələ gətirdiyi uşqun qıfları malqara, bəzi yerlərdə isə kənd təsərrüfat texnikasından istifadə etmək üçün təhlükə yaradır. Dağtumas kəndi yanında yamacda intensiv inkişaf etmiş karst, suffoziya və sürüşmə prosesləri yamacın çökməsinə və nəticədə kəndin yerinin dəyişdirilməsinə və güclü maliyyə xərclərinə səbəb olmuşdur.[1]
Respublikanın ərazisində karst mənşəli mağaralardan başqa vulkanik süxurlarda klastokarst və gillərdə psevdokarst inkişaf etmiş mağaralar da yayılmışdır. Vulkanik süxurlarda mağaralar əsasən Kiçik Qafqazda, Naxçıvanda və Talışda inkişaf edib, genetik cəhətdən karst mağaralarından əsaslı surətdə fərqlənir. Bu mağaralar çox da böyük olmayıb (10–15 m-ə qədər), tərkibində allüvial-prolüvial, qum-çaqıldaş layları və linzaları olan vulkanik süxurlara suların mexaniki təsiri nəticəsində əmələ gəlir. Respublikada 100-ə qədər bu tip mağara öyrənilmişdir. Burada çöküntülərin su vasitəsilə vulkanik süxurların içərisindən çıxaralması nəticəsində psevdokarst relyef formaları – uçqun qıfları, yeraltı dəhlizlər, təbii körpülər, kor yarğanlar və s. əmələ gəlir.