Azərbaycanda tarixi pələng ovları – 1932-ci ilə qədər Azərbaycanın əsasən cənub-şərq bölgəsində (Göytəpə və ətraf ərazilər) keçirilmiş, Turan pələngi ovları.
Tarixən Roma İmperiyasında keçirilən qladiator döyüşlərində Turan pələngi istifadə edilmiş, buna görə də Anadolu və Qafqazda bu heyvan ovlanmışdır. Bu proses keçən əsrlərdə də davam etmiş, Sovet dövründə, 1930-cu illərə qədər müxtəlif sovet respublikalarının pələng ovçuları mükafatlandırılmışdır.[1]
Turan pələngi (həmçinin Xəzər, Hirkan, Mazandaran, Qafqaz, Talış pələngi olaraq da bilinir) vaxtilə ölkəmizdə rast gəlinən, Anadoludan Çinin qərbinə qədər geniş ərazidə yayılmış iri pişikkimi olmuşdur. Turan pələngi populyasiyası 1970-ci ildə Hakkaridə (Türkiyə) ovlanan fərdlə nəsli tükənmiş hesab olunsa da, bəzi araşdırmalar 80-ci illərdə Türkiyədə və Əfqanıstanda bəzi fərdlərin sağ qala biləcəyi, alimlərin onu vaxtından öncə nəsli tükənmiş elan etdiyini qeyd edir – ekologiyada buna Romeo xətası deyilir.[1]
Azərbaycanda uzun dövr ərzində pələng ovları həyata keçirilmişdir. "Qafqaz" qəzetinin 1846-cı ildə buraxılmış nömrələrindən birində (№ 13) Talış meşələrində həyata keçirilən pələng ovlarından bəhs edilir. Buradakı pələnglərin ailə şəklində (dişi və cüt) olduğu qeyd edilir. Həmçinin, tövlədə pələnglə qarşılaşmış ərini xilas etmək üçün heyvanı balta ilə öldürmüş qadından bəhs edilir. Qadının birinci zərbəsindən sonra pələng ona hücum etmiş, ancaq ağır yaralanmış pələng ölmüşdür. Pələngi öldürən qadın onu öküz və ya başqa heyvan bilib hücum etmişdir. Daha sonra pələngi öldürən qadınla bağlı məlumata Aleksandr Dümanın "Qafqaz səfəri" əsərində də yer verilmişdir. Düma bu qadının Qafqaz canişini Knyaz Voronstov tərəfindən Tiflisə dəvət edildiyini və medalla mükafatlandırıldığını bildirmişdir. "Qafqaz" qəzetinin iki buraxılışı və Dümanın "Qafqaz səfəri" əsəri hadisənin baş vermə yeri olaraq fərqli əraziləri, Göytəpə, Privolnoye (Cəlilabad) və Cəngəmiran (Lerik) ərazilərini göstərir. Düma qadınla birbaşa görüşsə də, "Qafqaz" qəzetinin hadisə ilə bağlı ilk dəfə məlumat verəndə Göytəpə adını istifadə etməsi hadisənin burada baş vermə ehtimalını artırır. Ehtimal edilir ki, hadisə xalq arasında yayılaraq dəyişmişdir. Düma bundan başqa Lənkəran-Astara yolunda pələnglə qarşılaşan tacirlərdən, Şanaka kəndindən olan uşaqla on dəqiqə oynayıb, onu öldürməyən pələngdən bəhs edir.[1]
Talış meşələrində pələng əsasən qrup şəklində, nadir hallarda bir adam tərəfindən ovlanırdı. Qrupun bir qismi (pusquda dayananlar) pələngin çata bilməyəcəyi hündür ağaclarda onu güdür, digərləri (qovucular) isə pələngi onlara tərəf qovurdu.[1]
1832–1932-ci illərdə Talış bölgəsində, Lənkəranda, Göytəpədə, Biləsuvarda, Muğan çölündə, Qarabağın Vəng kəndində pələnglərlə bağlı hadisələr qeydə alınmışdır. XIX əsrin ortalarında yalnız Lənkəran və ətrafında ildə 10–20 Turan pələngi ovlanırdı. 1837-ci ildə Talış bölgəsində ovlanmış bir pələngin kürkü Sankt-Peterburq Akademiyasına hədiyyə edilib. Tarixi bilinməyən bir vaxtda pələng kəlləsi Qafqaz muzeyinə hədiyyə verilmişdir. 1844-cü ildə "Qafqaz" qəzeti Göytəpədə rus sərhədçilərinin polkovniki və 200-ə yaxın yerli əhalinin birlikdə keçirdiyi pələng ovunu qeyd etmişdir. 1896-cı ildə isə rus leytenantı Talış bölgəsində yerli ovçularla iki pələng ovlamışdır. 1932-ci ildə Göytəpədə Azərbaycanda qeydə alınmış sonuncu Turan pələngi ovu baş vermiş, dişi və erkək pələng ovlanmışdır.[1]
Tarixi mənbələrə görə, Qafqazda və Azərbaycanda ən çox pələng qeydə alınan ərazi Azərbaycanın cənub-şərq bölgəsi, xüsusilə Göytəpə və ətraf ərazilərdir. Qarabağda (1846) və Tiflis yaxınlığında (1922) görülən pələnglər Talış bölgəsindən Kür-Araz çaylarını izləyərək qeyd edilən ərazilərə çatmışdır. Sonrakı dövrlərdə Azərbaycanda pələnglərin görüldüyü qeydə alınsa da, bunların bəbir olduğu fikirləşilir. Çünki Azərbaycan dilindəki pələng və bəbir sözlərinin mənası fars və talış dillərindəki məna ilə tərs gəlir. Digər bir ehtimal isə qeyd edilən heyvanların həqiqətən pələng olduğu və İrandan Azərbaycana keçməsidir.[1]