Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri.
19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb. dilinə tərcümə etmişdir. M.F. Axundzadənin "A.S. Puşkinin ölümünə Şərq poeması”-nı, İ.A. Krılovun “Eşşək və bülbül” təmsilini tərcümə etməklə A. Bakıxanov Azərbaycanda tərcümə işinə yeni istiqamət vermişdir. M.F. Axundzadənin komediyaları Tiflisdə rus dilində nəşr olunmuş (1853), sonralar fars və Qərbi Avropa dillərinə tərcümə edilmişdir. 19 əsrin 2-ci yarısı – 20 əsrin əvvəllərində Azərb.-da rus və digər xalqların ədəbiyyatından bir sıra əsərlər tərcümə olunmuşdur. Bu sahədə Həsənəli xan Qaradaği, F. Köçərli, R. Əfəndiyev, A. Şaiq, S.M. Qənizadə, M.Ə. Sabir, xüsusilə A. Səhhətin və b. nın böyük xidməti olmuşdur.
Dünya ədəbiyyatının bir sıra şah əsərləri (Nizaminin poemaları, Firdövsinin “Şahnamə”, Sədinin “Bustan”, “Gülüstan”, Homerin “İliada”, “Odisseya”, Dantenin “İlahi komediya”, Bokkaççonun “Deka meron”, U. Şekspirin “Otello”, “Hamlet”, M. de Servantesin “Lamançlı DonKixot”, İ.V. Götenin “Faust”, V. Hüqonun “Səfillər”, O.de Balzakın “Qorio ata”, Ş. Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, A.S. Puşkinin “Yevgeni Onegin”, L. Tolstoyun “Hərb və sülh”, M. Şoloxovun “Sakit Don”, İbsenin pyesləri və s.) Azərb. dilinə tərcümə edilmişdir. Bu sahədə C. Cabbarlı, Ə. Cavad, S. Vurğun, S. Rüstəm, R. Rza, M. İbrahimov, M. Rahim, M. Rzaquluzadə, M. Dilbazi, Ə. Cəmil, N. Rəfibəyli, Ə. Məmməd xanlı, Ə. Kürçaylı, X.Rza, T. Bayram kimi görkəmli sənətkarlarla yanaşı, peşəkar tərcüməçilər – Ə.Şərif, M. Arif, M. Rəfili, B. Musayev, Cahan bəxş, Hüseyn Şərif, V. Qafarov, İshaq İbrahimov, İslam İbrahimov, A.Əliyev və b. fəal çalışmışlar. Yüzcildlik “Dünya ədəbiyyatı kitabxanası” (30 cildi çıxmışdır), əllicildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyaları və s. çoxcildli tərcümə nəşrləri buraxılmışdır. Azərb. YB yanında Bədii tərcümə və ədəbi əlaqələr mərkəzi yaradılmışdır (1989).
50-ci illərdən başlayaraq ədəbiyyatşünaslığın yeni bir sahəsi – B.t. nəzəriyyəsi yaranmağa başlamışdır. Azərb.-da B.t.-nin tarixinə, nəzəri və təcrübi problemlərinə həsr olunmuş monoqrafiyalar nəşr olunmuş, dissertasiyalar yazılmış, diskussiyalar keçirilmişdir. Azərb. MEA Nizamiad. Ədəbiyyat İn-tun da B.t. problemləri bölməsi fəaliyyət göstərir. Azərb. Dillər Un-tində, Bakı Slavyan Un-tində, Bakı Dövlət Un-tinin Şərqşünaslıq fakültəsində tərcümə nəzəriyyəsi tədris olunur.