Bahadır Gəray (krımtat. Bahadır Geray)(v. noyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — Həştərxan xanı. Krım xanı I Mehmed Gərayın oğlu və Krım kalqayı olmuşdur.[1][2]
Bahadır Gəray | |
---|---|
mart 1519 – mart 1523 | |
Əvvəlki | Topal Əhməd Gəray |
Sonrakı | Alp Gəray |
mart 1523 – noyabr 1523 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | noyabr 1523 |
Vəfat yeri | |
Atası | I Mehmed Gəray |
Ailəsi | Gəraylar |
Doğum tarixi bilinməsə də, babası I Məngli Gərayın səltənətində dünyaya gəldiyi təxmin edilir. Atası o əsnada Krım kalqayı olan Mehmed Gəraydır. Babasının vəfatıyla 1515-ci ildə atası I Mehmed Gəray taxta çıxdı. Atası tərəfindən kalqay elan edilmək istənilsə də, ənənəyə görə yaşca ən böyük xanzadə olan əmisi Topal Əhməd Gəray kalqay elan edildi. I Mehmed Gəray isə səltənətin öz övladları ilə davam etməsini istəyirdi. Üstəlik, qardaşı Əhməd Gəray doğuşdan və ya qatıldığı səfərlərdə aldığı yaralardan fiziki qüsurlu idi və topallayırdı. Bu səbəblə gələcəkdə taxta çıxması gözlənilmirdi.
İki qardaş arasındakı sürtüşmə kalqay Əhməd Gərayın üsyan etməsiylə nəticələndi. Bahadır Gəray haqqındakı ilk dəqiq məlumat da bu hadisəylə bağlıdır. 1519-cu ilin martında yazılan yarlıqla üsyankar kalqayın üzərinə göndərilən hərbi birliklərə rəhbər təyin edildi. Qardaşı Alp Gərayla birlikdə Perekop qalasına göndərilən Bahadır Gəray qalada qalaraq əmisinin Krımdan qaçış yollarına nəzarət etdi. Qardaşı Alp Gəray isə əmisiylə açıq meydanda döyüşdü və kalqay Əhməd Gəray döyüş meydanında öldürüldü.
Əmisinin ölümünün ardından xanın ən böyük oğlu olaraq kalqay elan edilən Bahadır Gəray bu vəzifədə ikən atasının hərbi səfərlərinə qatıldı. Həmin ilin yayında cənubi Lehistana hücum edən tatar birliklərinə rəhbərlik etdi. Belz və Lublin bölgələri darmadağın edildi. 1519-cu ilin avqustunda 6 min nəfərlik polyak birliklərini əmrindəki tatar süvariləriylə təkbaşına məğlub edən Bahadır Gəray daha sonra 1521-ci ildə atasının rus torpaqlarına tərtiblədiyi səfərdə fəal iştirak etdi. Moskva yaxınlığına qədər irəliləyən Bahadır Gərayın birlikləri şəhər ətrafı bölgələri talan edib çoxlu sayıda əsirlə geri döndü.
1522-ci ilin dekabrında atasının Həştərxan xanlığı üzərində tərtiblənən səfərinə qatıldı. Bölgədəki digər xanlıqları da ələ keçirmək niyyətində olan atası I Mehmed Gəray Həştərxan xanı Hüseyni ölkədən qovdu və böyük oğlu kalqay Bahadır Gərayı Həştərxan taxtına oturtdu. Bahadır Gəray Krım taxtı üzərindəki haqlarından imtina etdi və kiçik qardaşı Alp Gəray yeni kalqay elan edildi. Ancaq I Mehmed Gərayın apardığı bu siyasəti müttəfiq noqayları narazı saldı. Artan gərginlik isə I Mehmed Gərayın çadırına tərtiblənən basqınla nəticələndi. Basqın nəticəsində Krım xanı I Mehmed Gərayla birlikdə oğulları Bahadır Gəray və Alp Gəray qətlə yetirildi.