Bakı İkinci Dünya Müharibəsi dövründə — Bakı müharibə zamanı Nasist Almaniyasının fəth planlarında xüsusi yer tutmuşdur. NSDAP Xarici Siyasət Şöbəsinin müdiri Alfred Rozenberq, Bakının Üçüncü Reyxin təsir dairəsinə daxil edilməsini öz üzərinə götürən xüsusi bir "Qafqazın idarə edilməsi" planı hazırladı. Bu plana görə Bakı 25 sentyabr 1942-ci ilədək ələ keçirilməli idi.[1]
Adolf Hitler 1941-ci ilin martında Bakının işğalından sonra Bakı neftinin istehsalının, təmizlənməsinin və nəqlinin Kontinental Neft Cəmiyyəti tərəfindən idarə olunması təlimatını verdi. Bakının böyük bir hərbi obyektə çevrilməsi planlaşdırılırdı.[3][4]
“1941-ci il, iyunun 22-də alman qoşunları 930 millik cəbhə boyunca Sovet İttifaqına hücum etdi. Adolf Hitler özünün ümumi və konkret vəzifələrini olduqca aydın şəkildə ifadə etmişdi: “Biz Rusiyanı nə qədər tez məhv etsək, bir o qədər yaxşıdır. Hücumun son məqsədi Bakının neft mədənlərinə yol tapmaqdır”, -deyə Maykl Ekonomides və Ronal Olini yazırdılar. Başqa vaxt isə belə demişdi: Biz Bakının neftinə sahiblənəcəyik və bununla da Sovet İttifaqının təyyarələrini və tanklarını hərəkətsiz dəmir oyuncaqlara çevirəcəyik”[5].
1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi[6].
Almanların son dərəcə strateji məqsədləri hədəfləyən “Edelveys” planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı. Çünki, Hitler belə bir fikirdə idi ki, Almaniya üçün təkcə SSRİ-ni resurslardan məhrum etmək deyil, onlardan dərhal istifadə etmək də son dərəcə vacibdir[6].
Bənzər bir plan da SSRİ-nin müttəfiqləri - İngiltərə və ABŞ tərəfindən tərtib edilmişdi və "Vilvet" adlandırıldı.[7]
1942-1943-cü illərdə Alman hava qüvvələrinin Bakıdakı 74 işğal cəhdləri yatırıldı.[4]
Şəhərdə avtomobil zavodu tikilmiş və Katyuşa, Yak-3, R-39 Airacobra və UTI-4 qırıcıları, Şpaqin pulemyotları kimi 130-dan çox silah növü istehsal edilmişdir.[4][8][9]
Dövlət Müdafiə Komitəsinin 5 aprel 1942-ci il tarixli fərmanına əsasən may ayında Bakı Hava Müdafiə Korpusu Dairəsi yenidən təşkil edildi və nəticədə Bakı Hava Müdafiə Ordusu yaradıldı.[10]
1942-ci ilin sentyabrında hərbi vəziyyət elan edildikdən sonra Bakı müdafiə zonası yaradıldı.[11]
1940-cı ildə Bakının neft yataqlarında super dərin quyuların qazılması üçün təməl qoyuldu.[1] 24 dekabr 1940-cı ildə Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin "Bakı neft bölgəsində maddi-texniki bazanın möhkəmləndirilməsi və neft hasilatı və emalının inkişafının təmin edilməsi haqqında" qərarı qəbul edildi.[1] İşçilərin 40%-i qadınlar idi.[12] 1940-cı ildə SSRİ-də bütün neft istehsalının 71,4%-i, aviasiya benzininin 80%-i, nafta və kerosinin 90%-i, avtomobil və sənaye yağlarının 96%-i Bakı tərəfindən təmin edilmişdir.[1][13][14] 22 iyun 1941-ci ildə Bakıda işçilərin kütləvi iclası keçirildi.[15] 1942-ci ildə Bakıda bölgələrarası kəşfiyyat məktəbi açıldı.[16] 1942-ci ilin payızında Dövlət Müdafiə Komitəsi tərəfindən neft hasilatının sürətlə inkişafını təmin etmək üçün doqquz qazma idarəsi, neft müəssisələrinin idarəsi Başqırdiya, Kuibışev, Perm, Orenburqa verildi.[17] 1942-ci ildə Orta Asiya və Qazaxıstan bölgələrinə göndərilən sənaye müəssisələri üçün şəhərdə evakuasiya bazası tikildi.[1] Burda həmçinin təyyarə təmir zavodu, Aviasiya Sənayesi Xalq Komissarlığının boşaldılmış zavodu, yüksək oktanlı alkilbenzol istehsalı zavodu, dəniz silahlarının yeni modellərini sınaqdan keçirən zavodun filialı da mövcud idi.[18] 1942-ci ilin avqustunda bütün Bakı partiya fəallarının toplantısında şəhər ətrafında müdafiə strukturları qurmaqla yanaşı döyüş taburları yaratmaq qərarı verildi.[1]
1943-cü ildə Bakı Film Studiyasında "Sualtı qayıq T-9" filmi çəkildi.[19]
23 yanvar 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı.[20]
Bu günə qədər Bakıda müharibə qəhrəmanları olan Mehdi Hüseynzadə, Həzi Aslanov, Gəray Əsədov və Rixard Sorgenın heykəl və abidələri var. Kütləvi məzarlıq və "1941-1945"-in xatirəsinə abidə inşa edilmişdir.[21][22]
Hər il mayın 9-da Bakıda Qələbə gününə həsr olunmuş anım tədbirləri keçirilir.[21][23]