Bakı bonları (bon-pul nişanları, alıcılıq və ödəmə vasıtəsı kimi istifadə olunanan qısamüddətli borc öhdəliyidir) — ilk dəfə 1918-ci il fevralın 5-də Zaqafqaziya Komissarlığı tərəfindən, sonra isə müstəqil Cənubi Qafqaz respublikası arasında razılaşma əsasında buraxılmışdır. 1918-ci ilin yazında Bakı şəhər özünüidarə orqanı və şəhər təsərrüfatı şurasında da bonlar buraxılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yeni bonlar buraxılması haqqında Gürcüstan və Ermənistanla apardığı danışıqlar, irəli sürülən şərtlər Azərbaycan üçün sərfəli olmadığından, uğursuzluqla nəticələndi. Bununla əlaqədar, 1918-ci il 18 iyulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinə Türkiyədə Azərbaycan bonlarının hazırlanmasını sifariş etməyi tapşırdı. Türkiyədəki danışıqları nəticəsində kredit biletləri buraxmaq qərara alındı. Türkiyə Dəniz Nazirliyinin mətbəəsi bonların çapını öz üzərinə götürdü.
1918-ci il 22 sentyabrda respublikada pul dövriyyəsi məsələsi həll olunana qədər 10, 25 və 50 manatlıq Bakı şəhər pul nişanlarının buraxılması qərara alındı həmin pul nişanlarının buraxılması dövriyyədən çıxarılması qaydaları müəyyən olunarkən, Bakı şəhər özünüidarə orqanının və keçmiş şəhər təsərrüfatı şurasının dövriyyədəki pul nişanları ilə əlaqədar qəbul etdiyi qaydalar əsas götürüldü.
1918-ci il 9 oktyabrda Hökumət respublikada dövriyyədə olan pul nişanları üçün vahid məzənnə müəyyən etdi. 1919-cu il 27 yanvarda Gürcüstanla birgə Cənubi Qafqaz nümunəli 40 milyon bon buraxılması qərara alındı (respublikaların hərəsi 20 milyon bon almalı idi). 1919-cu il 30 martda Cümhuriyyət Hökuməti mövcud pul nişanlarından əlavə, 100 manatlıq pul əskinaslarının yeni seriyasının buraxılmasına icazə verildi. Cümhuriyyəti Hökumətinin 1919-cu il 3 mart tarixli qərarı ilə Bakı bonlarının Cənubi Qafqaz bonlarına sərbəst dəyişdirilməsinə icazə verildi. 11 martdan etibarən isə bonların buraxılması bərpa olundu. Buraxılan pul nişanlarının Bakı xəzinədarlığında saxlanılması və uçotunun aparılması qaydası Hökumətin 1919-cu il 2 aprel tarixli qərarı ilə müəyyən edildi. 23 apreldən etibarən isə Bakı bonlarının Cənubi Qafqaz bonlarına sərbəst dəyişilməsi ilə yanaşı, onların Azərbaycan bazarına buraxılmasına icazə verildi.
Milli valyutanın dönərliyini təmin etmək məqsədi ilə hökumət Bakı bonu ilə digər valyutaların mübadilə məzənnəsini aşağıdakı kimi müəyyən etmişdir: 1000 rublluq "Kerenka" — 1850 bon (rubl) 500 rublluq "Romanovka" — 1600 bon 100 rublluq "Romanovka" — 350 bon 1 ingilis funt sterlinqi — 310–315 bon 1 ABŞ dolları — 280 bon 1 fransız frankı — 8–10 bon 1 italyan liri — 7 bon 1 İran tüməni — 125–130 bon 1 türk qızıl lirəsi — 390 bon 1 rus qızıl onluğu (çervon) — 420 bon və s. 1919–1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər Rusiya kağız pullarına öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Respublika puluna inancını qazanmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta-manatın beynəlxalq miqyasda tanınması ilə üzvi surətdə bağlı olmuşdur. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin o çağlarda beynəlxalq dil rolunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq pulların üzərində Respublikanın və nominalın adlarını fransız dilində verməyi lazım bilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin icazəsi ilə Bakı Bələdiyyə İdarəsi tərəfindən 1919-cu il 20 avqustda hər biri 500 manat olmaqla yüz min ədəd və hərəsi əlli bilet olmaqla iki min seriyaya bölünmüş əlli milyon manatlıq uduşlu istiqraz buraxılmışdır. Biletlərin üzərində istiqrazın buraxılması haqqında Qanundan iqtibas — uduşun miqdarı, qaydaları və müddəti (1920–1972) göstərilmişdir.
1919-cu il 26 mayda hökumətin qəbul etdiyi qərarda köhnəlmiş pul nişanlarının ödənişə qəbul olunması və dəyişdirilməsinin qaydaları, habelə belə pul nişanlarını qəbul etməkdən boyun qaçıran xəzinədarlıq kassaları işçiləri barədə görüləcək inzibati tədbirlər ətraflı şəkildə göstərilmişdi. 1919-cu il 8 noyabrdan etibarən bütün idarələrin dövlət kassalarına yalnız Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Bakı şəhər özünüidarə orqanı, şəhər təsərrüfatı şurasının və Zaqafqaziya komisarlığının pul nişanlarını qəbul etmək icazəsi verilmişdi. 1919-cu il 1 dekabrda Parlamentin qəbul etdiyi qanuna əsasən, Azərbaycan Xalq Cümhuriyyəti 600 milyon manat məbləğində pul nişanlarını buraxmaq barədə icazə verildi. Bakı bonlarının buraxılmsı müstəqil dövlətin maliyyə-təsərrüfat işlərinin səhmana salınmasında və müstəqil maliyyə siyasətinin yeridilməsində əhəmiyyətli rol oynadı.