Bakı metrosunda qəza (1995)

1995-ci il Bakı metrosu yanğını — 28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş metro qəzası. Rəsmi mənbələrə görə, yanğında 289 nəfər həlak olmuşdur. Bunların 286-sı sərnişin (28-i uşaq olmaqla), 3-ü isə xilasedici idi. Qəzada 270 nəfər yaralanmışdır.[1] Yanğının səbəbi elektrik nasazlığı hesab olunur, ancaq sabotaj ehtimalı da var.

1995-ci il Bakı metrosu yanğını
Tarix
  • 28 oktyabr 1995
  • 18:00
Yer Bakı metropoliteni, Bakı
Ölkə Azərbaycan Azərbaycan
Həlak olanlar 289
Yaralananlar 270

Qatarı tərk edənlərin çoxu sağ qalsa da,[2] yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.[3] Sərnişinlərdən biri olan Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.[4]

"Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə (200 metr) qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmiş; qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin olunmuşdur. Bu qəza "Ginnesin rekordlar kitabı" redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və "birincilik" Azərbaycana keçdi. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər genişmiqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşmüşdür. Baş nazirin müavini Abbas Abbasov o zaman mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirib: "Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur."

  1. "В Баку поминают жертв страшной трагедии в метро". vestikavkaza.ru (rus). Vestnik Kavkaza. 28 oktyabr 2014. 4 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  2. Andersen, Terye; Paaske, Börre Y. "Railroad and Metro Tunnel Accidents". lotsberg.net (ingilis). Hövik: Lotsberg.net. 29 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  3. Rivs, Fil. "Sabotage fear over metro fire". independent.co.uk (ingilis). The Independent. 31 oktyabr 1995. 16 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
  4. Əsgərov, Vüqar. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M". 2010. səh. 45-46.
  • Vahlstrom, B. The Baku underground railway/metro fire. Proceedings of the 1st International Conference on Tunnel Incident Management, Korsor, Denmark. 13–15 may 1996.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]