Bayıl həbsxanası

Bayıl həbsxanası — Müxtəlif mənbələrdə tikilməsi 1874, 1880 və 1886-cı illərə aid edilən penitensiar müəssisə.[1]

Bayıl həbsxanası
İosif Cuqaşvilinin (Stalin) şəkli, 1910-cu il martın 30-da Bakı Quberniya Jandarm İdarəsində çəkilmişdir.
İosif Cuqaşvilinin (Stalin) şəkli, 1910-cu il martın 30-da Bakı Quberniya Jandarm İdarəsində çəkilmişdir.
Yeri Bakı şəhəri
Açılma tarixi 1880-ci il
Bağlanma tarixi 2009

Rəsmi olaraq Bakıda həbsxananın tikilməsi, bu işə kapital qoyuluşu XIX əsrin 80-ci illərinə təsadüf edir. Bakı şəhərinin ilk həbsxana müəssisələrindən biri Bayıl həbsxana qəsridir ki, buranı çox vaxt Bayıl həbsxanası adlandırıblar. Qəsrin inşası haqqında Azərbaycan Respublikasının Dövlət Arxivində xeyli material saxlanmışdır.[2] Əvvəllər at tövləsi kimi istifadə olunub.[3]

Bu sənədlərdə qeyd olunduğuna görə Rusiya imperatorunun 1 sentyabr 1885-ci ildə irəli sürdüyü təklifə əsasən Xəzər hərbi gəmiçiliyinin nəzdindəki aşağı çinlilərinin ixtisara düşməsilə əlaqədar onların 62, 63, 64, 65, 66, 67 saylı ailə kazarmaları müvafiq avadanlıqları ilə birgə həbsxanaya çevrilməkdən ötrü Vətəndaş İdarəsinə təhvil verildi. Məhz Bayıl burnundakı həmin kazarmaların əsasında müvafiq tələblərə uyğun yenidənqurma, təmir, bərpa işləri aparmaqla, yeni, əlavə tikililər inşa etməklə həbsxana binası qurulmalı idi. Respublikanın Tarix Arxivində saxlanılan sənədlərə diqqət yetirək: 1888-ci il dekabrın 31-də Bakı Qubernatoru idarə heyətinin tikinti üzrə bölməsində Bakı 1-ci tacir gildiyasının qəyyumu (səlahiyyətli nümayəndəsi) tacir Musael Danilov — Şagedanov, andlıların səlahiyyətli nümayəndəsi Nikolay Karlov Qauzen Bakı Qubernatoruna cari ilin 18 noyabrında dinlənilmiş məsələ ilə əlaqədar aşağıda dərc olunanları bildirir: Bayıl burnunda 38484 rubl dəyərində həbsxana tikintisi Bakı Quberniya İdarəsinin 29 noyabr 1886-cı ildə Musael Şagedanov tərəfindən icraata qəbul edilmiş və bütün işlər heç bir şərtsiz 1888-ci il yanvarın 1-də başa çatdırılmalıdır. Çünki, əvvəllər Krasilnikovun evində icarəyə götürülmüş otaqların müqavilə vaxtı 1 yanvar 1888-ci ildə başa çatır. Həmin müqavilə dəqiqliklə, vaxtında icra olundu, çünki, tutulanlar, həbsdə olanlar yeni inşa olunmuş həbsxanaya bu ilin (1888-ci ilin) yanvar ayının 14-də keçirilmişlər və görülən işlərin tələblərə tam cavab verdiyi 31 dekabr 1887-ci ildə tərtib olunan aktla təsdiq olunur. Həbsxananın binası həbsxana müdiriyyətinin tabeliyinə 19 fevral 1888-ci ildə qəbul edilmişdir. Həmin dövrdə tərtib edilmiş sənəddə deyilirdi:

29 noyabr 1886-cı ildə bağlanmış müqaviləyə əsasən, podratçı öhdəsinə götürür:

birinci bəndlə — Bayıldakı həbsxananı 400 nəfər həbsdə olan üçün tikir;

ikinci bəndlə — 1 noyabr 1887-ci ilədək həmin podrata aid olan tikintiləri, yenidənqurma işlərini və əlavə tikililəri heç bir möhlətə yol vermədən 1 yanvar 1888-ci ilədək başa çatdırır ki, sonradan, həmin dövrdən həbsxana otaqlarından aidiyyəti üzrə istifadə olunsun;

üçüncü bəndlə — inşaat, yenidənqurma və köməkçi tikililərdə iş başa çatdıqdan sonra həbsxananın binası xüsusi siyahı ilə müdiriyyətin təyin etdiyi səlahiyyətli şəxsə təhvil verilir.

30 dekabr 1887-ci ildə quberniya memarı 82 saylı raportla Bakı qubernatoruna məruzə ilə müraciət etmişdi: Bayıl burnundakı həbsxananın inşası təsdiq edilmiş layihə üzrə o qədər tez başa çatdırılmışdır ki, yeni həbsxananın binası 1888-ci ilin yanvarından öz təyinatı üzrə istifadə oluna bilər.

Dekabrın 31-də aşağıdakı tərkibdə vitse-qubernator, müşavir Ratçenko, direktor Şutski, dairə məhkəməsinin prokuroru, Bakı uyezd (dairə) hərbi rəisi, Bakı qubernatorluğunun həkimi, şəhərin polismeystri və baxıcısından (rəisindən) ibarət olan xüsusi komissiya həbsxananı istismardan ötrü qəbul etdi və qərara alındı ki, nəzərə çarpan bütün xırda qüsurlar məhbuslar həbsxanaya köçürüldükdən sonra başa çatdırılsın.

Həbs edilmiş Azərbaycan jurnalistləri (1911-ci il)

19 mart (1 aprel) 1911-ci ildə Bakıda nəşr edilən qəzetlərin idarəxanaların polisjandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalisti həbs edilərək Bakı, daha sonra Bayıl həbsxanasında saxlanılıblar.

İlkin olaraq 1, 2 və 4-cü korpuslar, inzibati bina, görüş və ərzaq qəbulu otaqları inşa edilib başa çatdırılmışdı. 1910-cu ildə 6-cı, 1923 və 1929-cu illərdə isə 3-cü və 5-ci korpuslar tikilib istifadəyə verilmişdi.

1920-ci ilə qədər bura Bayıl həbsxanası, sonralar isə 1-ci İslah Evi adlandırılmışdır. Həmin ilin 31 dekabrınadək aşağıda qeyd olunan korpuslar fəaliyyətdə idi: 1 — fəhlə, 2 — köçürmə, 3 — aşağı künc, 4 — yuxarı künc. Bayıl həbsxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə aprel işğalından sonra, o dövrün məşhur inqilabçılarından İ. Stalin 39 saylı kamerada iki dəfə (mart 1908, mart 1920), SSRİ-nin keçmiş baş prokuroru A. Vışinski və başqaları cəza çəkmişlər. Sonralar sovet hakimiyyəti illərində 1 saylı istintaq təcridxanası kimi fəaliyyət göstərmiş və tutumu 1500 nəfərlik olmuşdur.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • "Fəryad" filmində İsmayılın həbsxanada olan səhnəsi Bayıl həbsxanasında çəkilib. Onun döyüldüyü, işgəncə verildiyi kamerayla üz-üzə olan kamerada vaxtilə İosif Stalin cəza çəkib.[4]

Məşhur cəzaçəkənlər

[redaktə | mənbəni redaktə et]
  1. "bayıl həbsxanası" (az.). soz6.com. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  2. "Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi" ictimai birliyi [ölü keçid]
  3. "BAYIL TƏCRİDXANASI TURİSTLƏRİN İSTİFADƏSİNƏ VERİLSİNMİ?" (az.). musavat.com. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  4. "Kənan Məmmədov: "İsmayılın həbsxanada olan səhnəsi o vaxtkı Bayıl həbsxanasında çəkilib. Onun döyüldüyü, işgəncə verildiyi kameranı əvvəlcədən seçdik. Həmin kamerayla üz-üzə bir kamera vardı, hansı ki, orada vaxtilə Stalin oturmuşdu"". 2017-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]