Azərbaycan jurnalistlərinin həbsi — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda nəşr edilən qəzetlərin idarəxanaların polis və jandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalistinin həbsi hadisəsi.[1][2][3][4]
Azərbaycan jurnalistlərinin həbsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | |
Tarix | 19 mart (1 aprel) 1911 |
Vikianbarda əlaqəli mediafayllar |
Novruz bayramı günlərində — 19 mart (1 aprel) 1911-ci ildə Bakıda çar jandarmı "panislamizmin təbliği"[5] bəhanəsiylə Azərbaycan qəzetlərinin idarəxanalarını basaraq bir çox jurnalisti həbs etmişdi. Həbs edilənlər bunlar idi: "Yeni həqiqət" qəzetinin sahibi-imtiyazı Oruc Orucov[6] və sərmühərriri Məhəmmədsadıq Axundov,[7] "Səda" qəzetinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov[8], həmin qəzetin əməkdaşları Cəfər Bünyadzadə[9], Pirqulu Mürsəlov[10] və Əbdürrəhman Xaybulov (Seroqlazov)[11]; "Yeni füyuzat" jurnalının sahibi Əlipaşa Hüseynzadə[12] və sərmühərriri Əhməd Kamal bəy[13], "Şəhabi-saqib" jurnalının sahibi-imtiyazı və sərmühərriri Əliabbas Mütəllibzadə.[14] Bakı Quberniya Jandarm İdarəsindən Xüsusi Jandarmalar Korpusu rəisinə yazılan 22 mart (4 aprel) 1911-ci il tarixli (№ 1811) təliqadən öyrənirik ki, tanınmış jurnalist Hacı İbrahim Qasımov da sonradan həbs olunub.[1][2]
Eyni vaxtda həbs olunanaların evləri, qəzet-jurnal redaksiyaları, mətbəələri, kitab mağazaları axtarılaraq külli miqdarda yazılı material, redaksiya və mətbəələrdən, həmçinin satışda olan yüzlərlə qəzet və jurnal müsadirə olunub.[1][2]
Jurnalistlərin həbsinə səbəb "Günəş" və "Yeni həqiqət" qəzetlərindəki və "Yeni füyuzat" jurnalındakı bəzi məqalələr idi. Məqalələr bunlar idi: "Yeni həqiqət" qəzetindən: "Günəş" bağlandı", (№ 1, 21 yanvar 1911), "Mətbuat şöbəsi" (№ 5, 26 yanvar 1911), "Avropalılar və ovçuluq" (№ 24, 20 fevral 1911), "İran işləri" (№ 36, 7 mart 1911), "Novoye vremya" qəzetinin niyyəti" (№ 38, 8 mart 1911), "Müsəlmanlara qarşı", (№ 39, 13 mart 1911); "Günəş" qəzetindən: "İran və Türkiyə" (№ 49, 24 oktyabr 1910);[1][15] "Yeni füyuzat" jurnalından: "Siyasi. Asiyada" (№ 2, 26 oktyabr 1910; № 6, 23 noyabr 1910), "Eyb və qüsür bizim özümüzdədir" (№ 5, 1 fevral 1911).[16][17] Bu məqalələr həm də məhbusları panislamizmdə günahlandırmaq üçün istifadə edilmişdir.[1][15]
Qafqaz Senzura Komitəsində yerli və Şərq dilləri üzrə senzor olaraq çalışmış Mirzə Şərif Mirzəyev "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" adlı əsərində Tiflis Quberniya Jandarm İdarəsinin və Mətbuat İşləri üzrə Tiflis Senzura Komitəsinin Qafqaz canişininə yazdıqları raportları dərc edib.[18]
Məhkumlar əvvəl Bakı həbsxanasında, 24 mart (6 aprel) tarixindən Bayıl həbsxanasında saxlanılıblar. İstintaq davam etdikcə bəzi məhbusların "cinayətkar fəaliyyətlərini ifşa və təsdiq edici fakt və sənədlər" olmadığından onların həbsxanadan buraxılması məsələsi meydana çıxıb. Bayıl həbsxanasından 4 (17) aprel 1911-ci ildə birinci olaraq "Səda" qəzetinin ünvan yazanı Əbdürrəhman Seroqlazov azad edilir. 9 (22) apreldə isə Pirqulu Mürsəlov və Cəfər Bünyadzadə həbsdən buraxılır. 14 (27) apreldə eyni vaxtda Haşım bəy Vəzirovla Əliabbas Müznib həbsdən azad olunurlar. Lakin onlar həbsxanadan buraxılsalar da, jandarm idarələrinin təqibindən yaxa qurtara bilmirlər.[1][19] Ə. Müznib sonralar bu hadisələri belə xatırlayırdı:
1911-ci ilin 19 mart (1 aprel)də "Şəhabi-saqib"i qapadılar və həmin gecə evimə jandarma tökülüb özümü də həbs etdilər... Məhkəməyə verildim, 15 gün həbs və 25 manat cərimə edildiyim barədə qərar verdilər... İyirmi beş gün Bayıl həbsxanasında saxlandıqdan sonra 14 (27) apreldə buraxıldım.[20] |
Bakı Quberniya Jandarm İdarəsi 16 (29) aprel 1911-ci ildə Ə. Hüseynzadə, O. Orucov, M. Axundov və Əhməd Kamalın istintaq prosesini sona çatdırmaq üçün əlavə vaxt verilməsini yenidən Bakı qradonaçalnikindən xahiş edir. Bu müddətdə Məhəmmədsadıq Axundovun istintaqına xitam verilir və o, 12 may (25 may) 1911-ci ildə həbsxanadan çıxır. Qalan məhbusların 3 ayadək davam edən istintaqı nəhayət sona çatdırılır və onlar barəsində hazırlanan son qətnamə Bakı qradonaçalnikinə təqdim olunur. Belə ki, Qafqaz canişini qraf İllarion Vorontsov-Daşkovun əmrilə Əhməd Kamal daimi olaraq imperiya sərhədlərindən kənara sürgün olunur. "Yeni həqiqət" qəzetinin müdir və naşiri Oruc Orucov və "Yeni füyuzat" jurnalının mühərriri Əlipaşa Hüseynzadə isə 5 il müddətinə Qafqazdan sürülməklə cəzalandırılır.[1][21] Ə. Hüseynzadə Həştərxana, O. Orucov Sarıtsinə sürgün edilirlər.[22]
1910-cu ildən "Hilal" qəzetini çıxaran Əliabbas Müznib qəzetin ilk nömrəsində (18 (31) dekabr 1910) "Nə etməliyik" məqaləsi və "Əkinçi" şeiri qəzetin bağlanmasına səbəb olmuşdu. Ə. Müznib senzuranın "Hilal"ın bağlanması barəsində qərarına əhəmiyyət verməyərək qəzetin 2-ci nömrəsini (25 dekabr (7 yanvar) 1910) çap etdirir. "Hilal"ın bu nömrəsində çarizmin milli müstəmləkəçilik zülmünə qarşı çevrilmiş daha bir neçə kəskin publisist məqaləsi çıxır. Buna görə polis gücü ilə qəzetin bütün nömrələri müsadirə edilir. Yeni 1911-ci ildə "Hilal" qəzetinin yeni proqramlı daha 3 nömrəsini çap edilir. Bu qəzet 19 yanvar (1 fevral) 1911-ci ildə polisin müdaxiləsilə qapanır.[23] 1912-ci ilin 31 yanvar (13 fevral)ında "Şəhabi-saqib", 27 yanvar (11 mart)ında isə "Hilal" qəzeti ilə bağlı məhkəmə işi dinlənilir. Sonuncu məhkəmənin hökmü ilə Tiflis Məhkəmə Palatası cinayyət qanunnaməsinin 129-cu maddəsinə əsaslanaraq Əliabbas Müznibi "xalqı dövlətə qarşı üsyana çağırmasına" görə ömürlük Sibirə sürgün edir.[20]
Hadisədən bir gün sonra Bakı və Tiflis mətbuatında bu hadisə işıqlandırılmışdır. "Kavkaz", "Mşak", "Baku", "Bakinets", "Kaspi", "Yeni irşad", "İşıq", "Molla Nəsrəddin" və b. qəzet və jurnallar bu hadisə haqqında xəbər vermişdir.
Bakıda "İşıq" qəzetinin naşiri Mustafa bəy Əlibəyov "Müdirlər böhranı" adlı yazısında (№ 10, 26 mart 1911) Çar hökumətinə haqlılıq qazandıraraq yazırdı:[24]
Əgər günahkarlarsa nədən doğru qayda üzərə hərəkət etməyərək günahkar oldular? Yox günahkar deyillərsə nədən bunlar şeytan elan edilib dövlətimizin nəzərində günahkar göstərilib tutulsunlar? |
"Molla Nəsrəddin" jurnalındakı "Qəzetələrimiz" başlıqlı yazıda (№ 12, 31 mart 1911) deyilir:[25]
Möhtərəm oxuculara məlumdur ki, Bakıda hamı müsəlman qəzetələri bağlandı. Ancaq möhtərəm oxucularımıza bir şey məlum deyil ki, aya, qəzetələri hökumət nə səbəbə bağlayıb və yazanlarını dustaq eləyib? Səbəbini biz bilirik və özümüzü borclu bilirik ki, müsəlman qardaşlara da bildirək.
Səbəbi budur ki, əgər bir az vaxtda həmin bağlanan qəzetələr bağlanmasaydılar, bu qəzetələrin varlığı ilə yer üzünün cəmi müsəlman tayfaları yuxudan ayılıb baş qalxızacaq idilər və qalxızandan sonra bir az müddətdə o qədər tərəqqi edəcək idilər ki, qonşu hükumətlərə, o cümlədən Rusiya hökumətinə sədəmə yetirəcək idilər. |
Bu hadisədən 2 həftə sonra İstanbulda yaşayan Əhməd bəy Ağaoğlu "Türklərə məzalim" adlı yazısını "Tərcümani-həqiqət" qəzetində (№ 10784, 13 aprel 1911) çap etmişdir. Ə. Ağaoğlu yazır:[5]
Bu gün Rusiyada bulunan otuz milyon müsəlman adəta bir tərəssüd altında, daha doğrusu bir işgəncə içindədir. Əli qələm tutan, ağzı söz söyləyən, əhalinin tənviri-əfkarına xidmət edə bilən nərədə bir adam varsa tövqif etdiriliyor, həbslərə atılıyor. Qəzetələr, kitablar, mətbəələr basılıyor, zəbt ediliyor. Yüzlərcə insanlar bilamühakimə mənfalara, Sibirya çöllərinə sürülüyor, zindanlarda çürüdülüyor. Türkiyə ilə əlaqədə bulunanlar, Türkiyədən gələn məktublar, qəzetələr, kitablar təqib edilərək müsadirə ediliyor... Türk və türklük uğrunda həbsxanalara, zindanlara atılmış olanlar qərib əhali nəzərində bir qəhrəman olacaqlar. Və bu sayədə sənələrcə qələm ilə yapamayacaqlarını bir anda yapmış bulunacaqlardır. |