Fuad-Xan Talışinski Məmmədhəsən oğlu (1 yanvar 1896, Tiflis – 1943) — hərbi xadim, polkovnik, Azərbaycan Demokratik Respublikasında və Qırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı olmuşdur. Talışxanovlar nəslinin nümayəndəsi.[1]
Fuad-Xan Talışinski | |
---|---|
Fuad-Xan Talışinski Məmmədhəsən oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tbilisi quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | təqribən 1943-cü ildə |
Vəfat yeri | Novokuybışevsk |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Məmmədhəsən bəy Talışxanov |
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru qoşunları |
Rütbəsi | polkovnik |
Vəzifəsi | Gəncə şəhəri hərbi müfəttişliyinin hərbi təlim müəllimi |
Təltifləri |
"Qırmızı Bayraq" ordeni "İnqilabın Müdafiəçisi" medalı Buxara SSR İkinci dərəcəli "Qırmizi ulduz ordeni" Buxara SSR |
Fuad-Xan Talışinski 1896-cı il yanvar ayının 1-də Tiflis şəhərində Talış xanları nəslindən olan polkovnik Məmmədhəsən bəy Talışxanovun ailəsində anadan olmuşdur. Talış xanı Mir Mustafa xanın nəticəsidir. Atası Məmmədhəsən bəy Talışxanov cəbhədə həlak olduqdan sonra əmisi Mirkazım bəy Talışxanovun qəyyumluğuna keçmişdir.
Tiflis Kadet Korpusunu fərqlənmə diplomu ilə bitirmişdir. Çar Rusiyası ordusunda rotministr rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda (1918-1919) əvvəlcə 1-ci piyada Cavanşir alayının batalyon komandiri olmuşdur. Sonra isə 1-ci piyada diviziyasının komandanı general-mayor Cavad bəy Şıxlinskinin adyutantı kimi xidmət etmişdir.[2]
Sovet dövründə (1920-1930) Qızıl Orduda müxtəlif hərbi vəzifələrində çalışmışdır:
1920-ci illərdə Mərkəzi Asiyada xidmət etmiş, basmaçı hərəkatına qarşı mübarizədə fərqlənmişdir. Buxara Sovet Sosialist Respublikası tərəfindən müxtəlif orden və medallarla mükafatlandırılmışdır.[3] Qızıl Orduda polkovnik rütbəsinə qədər yüksəlmişdir. Sonuncu vəzifəsi 1930-cu ildə Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim instrukturu olmuşdur.
1930-cu ildə Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim instrukturu vəzifəsində çalışarkən həbs edilmişdir. Fuad-Xan Talışinski bir neçə maddə ilə ittiham edilmişdir. İrəli sürülən ittihamlardan heç birində özünü təqsirkar bilməmişdir. Talışinski "Azərbaycan Milli Mərkəzinin" üzvü olmaqda günahlandırılmışdır.[4] Azərbaycan Baş Siyasi İdarəsinin kollegiyası tərəfindən 1931-ci il sentyabrın 1-də çıxardığı qərar ilə güllələnməyə məhkum edilmişdir. Lakin 1932-ci il fevralın 8-də Zaqafqaziya Baş Siyasi İdarəsinin qərarı ilə cəzası yüngülləşdirilmiş və 5 il konsentrasiya düşərgəsində keçirməklə əvəz edilmişdir.
Caza müddəti bitdikdən sonra Gəncəyə qayıtmış, mühasibat uçotunu müstəqil şəkildə öyrənmiş və üç il Kirovabad (indiki Gəncə) meyvə-tərəvəz trestində baş mühasib vəzifəsində çalışmışdır. 1941-ci ildə Sovet rejiminin əleyhdarları ilə əlaqədə olmaq ittihamı ilə yenidən həbs edilmişdir. Məhkəmənin hökmündən sonra cəzasını Novokuybışevskdə (1941-ci ildən) çəkmişdir. Təxminən 1943-cü ildə həbsxanada vəfat etmişdir.[5]