Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Beydulla Musayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ucar, Rusiya İmperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi |
Üzvlüyü |
Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub.[1]
Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s. əsərlərin tərcüməsi olub. rus ədəbiyyatından etdiyi tərcümələr sırasında Novikov-Priboyun "Susima", Aleksey Tolstoyun "Birinci Pyotr", Mixail Saltıkov-Şedrinin "Seçilmiş əsərləri", Fyodor Dostoyevskinin "Cinayət və cəza" və "Alçaldılmış və təhqir olunmuşlar", Lev Tolstoyun "Sevastopol hekayələri", Valentin Katayevin "Alay oğlu" və s. əsərlər xüsusilə seçilir.
Beydulla Musayev 1979-cu il iyun ayının 23-də Bakıda vəfat edib.