Bu məqalə arxeoloji mədəniyyət haqqındadır. Naxçıvan şəhərinin mədəniyyəti üçün Naxçıvan mədəniyyəti səhifəsinə baxın. |
Naxçıvan mədəniyyəti[1], Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət.[1][2][3][4][5] 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur.[6] Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır.[7] Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) [8], siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.
Naxçıvan mədəniyyəti | |
---|---|
Coğrafi region | Naxçıvan |
Lokallaşdırılması | Təzəkənd, Qızılvəng, Qızılburun əraziləri |
Təsərrüfat tipi | ticarət, əkinçilik, maldarlıq, metaləritmə, dulusçuluq, toxuculuq |
Tədqiqatçılar | Vəli Əliyev |
Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir:
1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Bu səbəbdən də, tədqiqatçılar Naxçıvan mədəniyyəti adı ilə yanaşı bu mədəniyyəti Boyalı Qablar mədəniyyəti də adlandırmışlar.[9]
Bu mədəniyyət eyni zamanda yalnız erməni arxeoloji ədəbiyyatında[2] bir müddət Qızılvəng mədəniyyəti kimi tanınmışdır. Bunun da əsas səbəbi Naxçıvan mədəniyyətinə aid olan ilk əşyaların ilk dəfə Qızılvəng monastırı yaxınlığında aşkarlanması olmuşdur.
Boyalı Qablar mədəniyyəti üçün erkən şəhər mədəniyyəti (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq və s), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Əznəbürt, Vayxır, Dəmirçilər və s.), siklop tikililəri, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir.
Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir.[2][10]
I mərhələ (e.ə. XX – XVII əsrlər) üçün qırmızı rəngli monoxrom naxışlı (qara rəngli) qulpsuz küpə, çölmək, kasa və xeyrə tipli qablar səciyyəvidir. Qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapmanaxışlı sadə saxsı nümunələrinə də təsadüf edilmişdir. Boyalı qablar dalğalı, sınıq və düz xəttlər, bucaq, üçbucaq, trapesiya, romb və dairələrlə bəzədilmişdir. Bəzi qabların (Nəhəcir və Yaycı yaşayış yerləri) üzərində insan, keçi, maral və quş təsvirləri var.
II mərhələ (e.ə. XVII – XV əsrlər) mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri (II Kültəpə[11], Şahtaxtı, Qızılvəng) ilə zövqlə naxışlanmış boz və sarı rəngli, polixrom qablar yayılmışdır. Qabların üzəri açıq çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilmişdir.
III mərhələyə (e.ə. XIV – XI əsrlər) aid olan nisbətən səliqəsiz naxışlanmış çaydan, vaza, qədəh, küpə tipli polixrom boyalı qablar, eləcə də boz və qara rəngli sadə saxsı məmulatı aiddir.
IV mərhələyə (e.ə. X – VII əsrlər) aid qablar əvvəlki mərhələnin materiallarından fərqlənmir, lakin daha kobud və bəsit naxışlanmışdır.
Naxçıvan mədəniyyəti abidələrindən daş toppuzlar, tunc xəncərlər, ox ucluğu, biz, sancaq, quş və sair formalı girdə asmalar, bilərzik, sırğa və üzüklər, qızıl sırğa, əqiq və pastadan müxtəlif formalı muncuqlar, həmçinin dəmir bilərzik, xəncər və sair əşyalar tapılmışdır.[12]
Əkinçi – maldar tayfalara aid Naxçıvan mədəniyyətinin əhalisi sənətkarlıq (metaləritmə, dulusçuluq, toxuculuq), duz, mis, dəmir və sair istehsalı ilə məşğul olmuşdur. Naxçıvan mədəniyyəti tayfaları Cənubi Qafqaz və Yaxın Şərq ölkələri ilə sıx iqtisadi, mədəni əlaqə saxlamışlar.[13]