Oğlanqala – Şərur rayonu ərazisində e.ə. II – I minilliklərə aid yaşayış yeri.
Oğlanqala | |
---|---|
39°35′41″ şm. e. 45°03′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Yerləşir | Oğlanqala kəndi |
Tikilmə tarixi | e.ə. II – I minilliklər |
Üslubu | arxeoloji abidə |
Rəsmi sayt | oglanqala.net |
İstinad nöm. | 2045, 422 |
Kateqoriya | Yaşayış yeri, Qala divarı |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abidə Arpaçayın sahilindəki Qaratəpə dağında yerləşir. Oğlanqala yaşayış yerinin sahəsi 40 hektar, mədəni təbəqənin qalınlığı isə 3 metrdən artıqdır. Dağın şimal yamacları sıldırımlıdır. Digər yamaclar isə möhtəşəm müdafiə divarları ilə əhatələnmişdir. Divarlar uzunluğu 1,5 – 3 metrdir. Qalınlığı isə 1 metrdən çox olan kobud yonulmuş daşlardan tikilmişdir. Bu baxımdan Oğlanqalanı siklop tikililərinə aid edən tədqiqatçılar da vardır.[2] Divarların bəzi yerlərində üst – üstə qoyulmuş 4 cərgə daş qalmışdır.
Dağın cənub – qərbində kiçik berclərə oxşar yarımdairəvi tikilər vardır. Tikinti üslubuna görə Oğlanqala, assurların dağ qalalarına oxşayır.[3] Oğlanqalanın mərkəzindəki, sahəsi 70×100 m olan meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur.[4]
Oğlanqalada 1988–1989-cu illərin qazıntıları zamanı qalanın Erkən və Orta Dəmir dövründə bu ərazidə mühüm siyasi mərkəz olması ilə bağlı inkaredilməz dəlillər aşkar olunmuşdu. 2008–2011-ci illərdə Azərbaycan-Amerika ekspedisiyasının dörd il ərzində apardığı qazıntılar nəinki bu ilk mülahizələri təsdiq etdi, həmçinin göstərdi ki, Oğlanqala Erkən Dəmir dövründə müstəqil dövlətin paytaxtı olmuşdur. O, qonşu Urartu dövləti ilə iqtisadi və mədəni əlaqələr saxlamış, Əhəməni imperiyasının dağılmasından sonrakı yüzilliklərdə güclü müdafiə sistemi ilə əhatə olunmuş şəhər-dövlətin paytaxtı olmuşdu. 1988–1989-cu illərdə aparılan qazıntılar 280 m² sahəni əhatə etmişdir. Qazıntı zamanı yaşayış yerində dörd tikinti dövrü müəyyən edilmişdir. Arxеoloji tədqiqatlar 150 m² sahədə ana torpağadək davam etdirilmişdir. Məlum olmuşdur ki, qalanın müdafiə divarları təbii qayalıq üzərində salınmışdır. Mədəni təbəqənin qalınlığı yerin relyefindən asılı olaraq 2,5–4,5 m arasındadır. Araşdırmalar müdafiə divarının müxtəlif tikinti dövrlərində fəaliyyət göstərdiyini sübut edir. İri qaya parçalarından hörülən divar relyefdən asılı olaraq 1–2,7 m hündürlüyündə saxlanmışdı.
Divarın ətrafında xeyli miqdarda çiy kərpic və möhrə qalıqlarının aşkar olunması, onun yuxarı qisminin çiy kərpiclə hörülərək tamalandığını göstərir.2008–2011-ci il mövsümündə aparılan qazıntılar zamanı əsas məqsəd Oğlanqalanın sitadelini və şimal bürcü yaxınlığındakı istehkamları açmaqdan ibarət idi. 2010-cu ildə şimal-qərbdəki dairəvi bürcün şimal divarının təməlindən götürülən kömür analizi göstərdi ki, bu müdafiə istehkamları təqribən e. ə. 800-cü ildə inşa olunmuşdur. Bu o deməkdir ki, Oğlanqalanın istehkamları Urartu imperiyasının Türkiyədə möhkəmləndiyi [təqribən e. ə. 850–600-cü il], Qafqazda və Şimal-Qərbi İranda. hərbi əməliyyatlar apardığı dövrdə tikilmişdir. Tapıntılardan daha çox müdafiə istehkamlarının tikinti texnikası maraq doğururdu. Oqlanqalanın mühəndisləri qalanı tikərkən Erkən Dəmir dövrü texnikasından, yoxsa öz nüfuzlu qonşuları olan urartuların tikinti texnikası və üsullarından istifadə etmişdilər? Urartu istehkamları fövqəladə dərəcədə standartlaşdırılmışdır, onlar müntəzəm möhkəmləndirmə, yonulmuş daşlardan ibarət və standart ölçülü kərpic tikinti ilə xarakterizə olunur. Ehtimal ki, Urartu arxitektorları dövlətin daimiliyini təmin etmək üçün imperiya ərazisindəki bütün istehkamların tikintisini layihələşdirmişdilər.
Oğlanqalanın tədqiqi zamanı şimal istehkamların xüsusiyyəti 215 metrlik məsafədə izlənmişdi. Araşdırma göstərdi ki, Oğlanqalanın istehkamları Dəmir dövrünün erkən mərhələsinin tikintilərini xatırladır. Lakin ola bilsin ki, Urartunun bəzi xüsusiyyətləri də təqlid edilmişdir. Urartu divarlarının düz və dördkünc, topoqrafiyaya uymayan xüsusiyyətlərindən fərqli olaraq Oğlanqala istehkamları Qaratəpə dağının topoqrafiyasına uyğun olaraq inşa edilmişdir. Şimal divarlarının araşdırılması ciddi düşünülmüş, lakin bəzən qeyri-müntəzəm möhkəmləndirilmiş istehkamları ortaya çıxardı. Uzunluğu 7 m, eni 4 m olan divarın qərb tərəfinin təməli kifayət qədər davamlıdır. Onlar bir-birindən 15 m aralıda idi. Lakin şərqə doğru bu nümunə qırılır. Möhkəmləndirilmiş divarlar əvəzinə qeyri-müntəzəm işlənmiş divar ziqzaqları ortaya çıxır. Möhkəmləndirilmiş divarların Urartu arxitekturasının xüsusiyyəti olmasına baxmayaraq, onların bənzərləri Cənubi Qafqazın Dəmir dövrü arxitekturasından da mövcuddur.
Şimal istehkamlar blok halına salınmış əhəngdaşı parçalarından inşa olunmuş, daş blokların arasındakı boşluqları doldurmaq və divarı düzəltmək üçün isə kiçik həcmli daşlardan istifadə edilmişdir. Divarın müxtəlif hissəsindəki daşlar səliqə ilə düzülmüş yonulmamış daşlardan ibarətdir. Lakin divarın bəzi hissələrində, əhəngdaşı parçalarının boyük hissəsi kvadrat və düzbucaqlı blok şəklində yonulmuşdur. Bu tip blokların ölçüsü 30 və 70 sm2 arasındadır. Digər hissələrdə isə divarlarında bir qədər yonulmuş və yonulmamış daşlardan istifadə edilmişdir. Daşyonanlar IV Dövrdə, ümumiyyətlə, divarlara yaxşı yonulmuş küncləri olan daşlar qoymağın qayğısını çəkməmişlər, ehtimal ki, bu hissələr zəif olduğundan eroziyaya məruz qalmışdır. Divar boyunca istifadə olunan kiçik həcmli daşların da miqdarı dəyişmişdir. Bu müdafiə divarı ana qaya üzərində tikilmiş, bununla belə müxtəlif tikinti üsullarından istifadə edilmişdir. Ümumiyyətlə, divar inşa edilməzdən əvvəl təməldəki otlar yandırılmış və buna görədə birbaşa divarların altında tünd boz rəngli kül layı saxlanmışdır. Təməlin üzərindəki bitki örtüyünün yandırılması əhəngdaşının keyfiyyətini dəyişdirmiş, onların üzərində daş ovuğu və çatlaqlar qalmışdır. Bundan sonra bənnalar əhəngdaşı bloklarını təməlin üzərinə qoymaq və müxtəlif üsullardan istifadə etməklə səviyyəni düzəltməyə və düzgün səth almağa çalışmışlar Bəzən böyük blokların altı kiçik həcmli daşlarla düzəldilir, bəzən isə daş bloklar birbaşa qayanın üzərinə qoyulurdu. Urartu qalalarında olduğu kimi təməl üçün birbaşa qayanın düzəldilməsinə heç vaxt rastlanmamışdır. Urartularda pilləkən formasında yonulan qayalar birbaşa təməlin əsasını təşkil edirdi. Oğlanqalanın bu istehkamında müxtəlif tikinti üsullarının istifadə edilməsi qalanı inşa edən arxitektorlar və daşyonanlar haqqında müəyyən fikirlər deməyə imkan verir. Belə hesab edirik ki, qalanın müxtəlif hissələrinin tikilməsinə ayrıca şəxslər cavabdeh olmuş və tikintidə Urartu qalalarında olduğu kimi heç bir standartlaşdırmaya ehtiyac duyulmamışdır.
Şimal müdafiə divarlarının daş istehkamları bəzi yerlərdə 2 m yüksəkliyində saxlanmışdır. Lakin, ümumiyyətlə, onların hündürlüyü 1–1,5 m-dən aşağı olmuşdur. Əlavə olaraq bu istehkamların üzəri ölçüləri 40 X 40 X 20 sm olan kərpic tikinti ilə tamamlanmışdır. Onlar həm inşa olunmuş divarların hündürlüyünü yüksəltmiş, həm də divarlar üçün terras rolunu oynamışdır. Divarların daş fasadı arxadan çınqılla doldurulurdu. Kərpic tikintilər daş təməl üzərində inşa olunurdu. Oğlanqalanın şimal tərəfinin araşdırılması göstərir ki, bu hissə kərpic terraslardan ibarət olmuş, divarların möhkəmliyini artıran çınqıl, daş divarlar kimi əsas tikinti materialı olmuş və təqribən e.ə. 800-cü ildə tikilmişdir. Terraslanmış sahənin ölçüsü təqribən 78 X 164 m olmuşdur. Sitadelin xarici divarı ilə müdafiə divarı arasındakı yüksəklik 35 m olmuşdur. Bu 2, 42 ha olan sahənin terraslaşdırılmasına, karxana işlərinə, böyük əhəng blokları və milyonlarla kərpicin daşınmasına xeyli işçi qüvvəsi cəlb edilmişdir. Bu təqribən milyonlarla işçidən ibarət böyük işçi qüvvəsi tələb edirdi. Bu tikinti layihəsinin monumentallığı IV Dövr Oğlanqala liderlərinin böyük qüvvəsindən xəbər verir. Tikintinin möhtəşəmliyi özlüyündə siyasi hakimiyyətin qüdrətini göstərir.
Araşdırma zamanı şimal-şərq tərəfdə qapı olduğu zənn edilən bir boşluğa rast gəlinmişdir. Bu boşluğun eni 8, 3 m idi. IV Dövrdə burada inşa olunan divar, ehtimal ki, sitadelə gedən orijinal qapı olmuşdur. Bu divarın şimal yamacın ən əlverişli mövqeyində yerləşməsi irəli sürülən ehtimalı təsdiq edir. Əlavə olaraq demək olar ki, burada çay daşlarından işlənmiş təmələ rastlanmamış, çay daşlarını kiçik hissələrə bölünmüş əhəng daşı ilə birləşdirən başqa bir üsuldan istifadə edilmişdir. Bu aralıqda, qərb tərəfdə ana qaya üzərində açılmış oyuq, böyük ehtimalla qapı oxu üçün nəzərdə tutulmuşdur. Bu pilləkənli sahə, ola bilsin ki, III Dövrdə sitateldə rastlanmış divara bənzər tikinti zamanı doldurulmuşdur. IV Dövrün son cərgələri kiçik həcmli yastı daşlarla işlənmiş və səviyyəni düzəltmək üşün istifadə edilmişdir. Bu tikintinin üzərinə iki cərgə kərpic tikinti, ondan sonra isə üç cərgə böyük daş bloklar qoyulmuşdur. Daş blokların əksəriyyəti IV Dövrdəki bənzərlərinə nisbətən çox kiçik idi. Ümumiyyətlə, yan-yana qoyulmuş 20–30 sm2 ölçülü daşlar pis inşaat texnikasından xəbər verirdi, belə ki, bu tikintidə daşların bir çoxu bloklarla uyğun deyildi.
Ərazisi 1,2 ha olan sitadelin əsas binası şimal tərəfdə yerləşir və təqribən 4700 m² sahəni əhatə edir. Burada Sovet dövründə, 1988–1989-cu illərdə və bizim 2008–2011-ci illərdə apardığımız araşdırmalar zamanı binanın 1800 m² sahəni əhatən edən hissəsi açılmışdır. Radiokarbon analizlər göstərir ki, sitadel, əvvəlcə, təqribən e.ə. 800-cü ildə Oğlanqala IV dövründə tikilmişdir. Bu bürclərin və müdafiə istehkamlarının yaradılması ilə üst-üstə düşür. İstehkamların inşasında istifadə edilən tikinti üsulları həmçinin sitadeldə istifadə olunmuşdur.
Oğlanqalanın IV Dövrünə aid sarayı ölçüləri 33 X 34 m, yaxud 1122 m² olan böyük daxili həyətin ətrafında inşa olunmuşdur. Bu demək olar ki, Türkiyədəki Altıntəpə məbədini əhatə edən daxili həyətlə eyni ölçüdədir. Daxili həyət, ehtimal ki, sitadeldə ən mühüm ictimai yerlərdən biri olmuşdur. Onun hədsiz dərəcədə böyük ölçüsü qala hökmdarının güclü siyasi hakimiyyətini göstərir. Daxili həyətdən şərqə doğru bir neçə uzunsov, ensiz binalar aşkar edilmişdi.
Biz daxili həyətdə IV Dövrə aid, qalanın inzibati funksiyaları ilə bağlı olan böyük küplərin qalığına və Azərbaycanda ən qədim mixi yazı olan keramika üzərindəki kitabələrə rast gəldik. Lakin heç bir təsərrüfat küpü bütövlükdə aşkar edilmədi. Təsərrüfat küplərinin parçaları bədii cəhətdən olduqca yüksəksəviyyəli hazırlanmışdı. Üzərində mixi yazı olan parçalar isə demək olar ki, bu sahənin bütün kontekstlərindən aşkar olunurdu. Küplərin üzərində fraqment halındakı yazılar, şübhəsiz ki, onların tutumunu göstərirdi. Biz rəqəmlərə aid a-q [ar] və ru kimi bəzi işarələri bərpa olunmuşdur, ehtimal ki, onlar aqarqi i terusi işarələrini və həcm ölçüsünü bildirmişdir.
2011-ci il mövsümündə tədqiqatlar zamanı şərqdə sitadelin IV Dövrə aid istehkamları aşkar olunmuşdu. Burada müəyyən ara verilməklə divarlar qərbə doğru yönəlmişdi. Bu divarlar arasındakı məsafə qeyri-müntəzəm olub şərqə doğru 6,5 m – dən 7,5 m – dək genişlənirdi. Ehtimal ki, bu tikinti sitadelə daxil olan əsas girişin qalığıdır. Burada aparılan qazıntılar zamanı daha əvvəlki dövrə aid divar qalıqları aşkar olunmuşdur. Lakin divarların əksəriyyəti kobud işlənmiş standart əhəngdaşı bloklarından inşa edilmişdir. Bu tip tikinti texnikası istehkamın və sitadelin inşasında izlənmişdir. Bu divarda da ustalıqla yonulmuş yeddi daş blok var idi, onların ikisi standartlaşdırılmış formada olub 90 Х 60 sm və 45 Х 60 sm ölçüdə idi. Bu tip daş bloklar Bastam, Torpakqala, Çavuştəpə, Ayanis daxil olmaqla Türkiyə ərazisindəki Urartu yaşayış yerlərində və Şimal-Qərbi İranda aşkar edilmişdir. Bu bloklar Oğlanqalada olduğu kimi inzibati binanın təməlinin inşasında istifadə edilmişdir. Torpaqqalada belə bloklardan inşa edilmiş platforma üzərində Xaldinin məbədi inşa olunmuşdur. Ayanisdə bu tip texnika sitadelin cənub istehkamlarının təməlinin inşasında istifadə
edilmişdir. Bu yaşayış yerlərinin hamısı 7-ci əsrdə inşa edilmiş və Erzen bu tikinti texnikasını həmin dövrə aid etmişdir. Oğlanqalanın sitadeli, böyük ehtimalla, 7-ci əsrdən sonra qısa müddət ərzində tərk edilmişdir. Arxеoloji araşdırmalar inkişaf etmiş Dəmir dövründə Naxçıvan abi-dələri üçün rizalitlərlə möhkəmləndirilmiş dördkünc planlı sitadellərin xarakterik olduğunu göstərir. Lakin yaşayış yerlərinin heç biri geniş qazıntılarla öyrənilmədiyindən onların daxili quruluşu haqqında müəyyən bir fikir söyləmək çətindir. Tədqiqatlarla müəyyən olunmuşdur ki, Oğlanqalanın narınqalası iki sıra divarla əhatə olunmuşdur. Narınqaladan kənarda olan yaşayış binalarını əhatə edən müdafiə divarları relyefə uyğun olaraq tikilmişdir. Bu xüsusiyyətinə görə Naxçıvanın Dəmir dövrü abidələri qonşu Urartu abidələrindən tamamilə fərqlənir.
Araşdırmalar müdafiə divarının xeyli yüksək olduğunu göstərir. Tədqiqatçılar divarların yuxarı qisminin çiy kərpiclə hörülərək tamamlandığını qeyd etmişlər. Oğlanqalanın müdafiə divarlarının bəzi qismlərdə 3 m yüksəkliyədək saxlandığını nəzərə aldıqda kərpic hörgü ilə birlikdə divarların hündürlüyünün 4–5 m-dək olduğunu söyləmək olar.
Oğlanqala yaşayış yerindən arpa, buğda, darı dənlərinin, üzüm çəyirdəklərinin aşkar olunması əkinçiliyin müxtəlif sahələrinin inkişaf etdiyini göstərir. Bu dövrdə suvarma əkinçiliyinin geniş inkişaf etdiyini Fərhad arxının qalıqları da göstərir. Bu qədim suvarma sistemi ətrafında apardığımız araşdırmalar zamanı müəyyən edilmişdir ki, arx iri daşlardan tikilmiş möhtəşəm divarla möhkəmləndirilmişdir. Divarların tikinti texnikası, xüsusilə onların bəzi qismlərdə düzbucaqlı rizalitlərlə təmin edilməsi Dəmir dövrü abidələri üçün xarakterikdir. Odur ki, bu arxın Dəmir dövründə də fəaliyyət göstərdiyi heç bir şübhə doğurmur.
Oğlanqalada aparılan araşdırmalar zamanı dəmirdən hazırlanmış əmək alətlərinə rastlanmamışdır. Lakin qala divarlarının inşasında yonulmuş iri daş bloklardan istifadə edilməsi bu dövrdə təkmil əmək alətlərinin olduğunu sübut edir. Dəmir dövrünün monumental müdafiə tikintiləri, məhz, belə alətlərdən istifadə edilməklə yaradılmışdır.
Dəmir dövrünə aid memarlıq abidələrinin xarici görünüşü ilə bağlı əlimizdə əsaslı dəlillər yoxdur. Bununla bağlı yalnız qonşu Şərq ölkələrinin memarlıq abidələrinə əsasən müəyyən fikirlər yürütmək mümkündür. Belə hesab etmək olar ki, Naxçıvan abidələri xarici görünüşünə görə qonşu Assuriya və Urartu qalaları ilə bənzər olmuşdur. V. H. Əliyev və D. А. Axundov Oğlanqalanın müdafiə sistemini Xett və Suriya — Xett qalalarının arxitekturası ilə müqayisə etmişdir. Lakin qeyd etmək istərdik ki, Naxçıvanın Dəmir dövrü abidələri yalnız ümumi əlamətlərinə görə Cənubi Qafqaz və Yaxın Şərq abidələri ilə müqayisə edilə bilər. Naxçıvan abidələrinin özünəməxsus arxitekturası onların yerli mədəniyyətin məhsulu kimi meydana gəldiyini sübut edir.
Ə. K. Ələkbərov Oğlanqala yaşayış yerində araşdırmalar apararkən əldə etdiyi boyalı qablara əsaslanaraq, Oğlanqala və Qızılburun mədəniyyətlərinin bənzər olduğunu göstərmişdir. Ə. K. Ələkbərov həmçinin bu boyalı qabları Van işğalları dövrünə aid etmiş, Oğlanqala yaşayış yerini Urartu qalası Arba ilə eyniləşdirmişdir. Aparılan araşdırmalar Oğlanqalanın Urartu abidələri ilə həmdövr olduğunu, lakin tikinti texnikası və quruluşuna görə Urartu abidələrindən tamamilə fərqləndiyini göstərmişdir. Oğlanqaladan aşkar olunan keramika məmulatı da bu fikirləri təsdiq edir.
Mərkəzi Oğlanqala olan dövlətin sərhədlərini müəyyənləşdirmək üçün 2012-ci ildə Oğlanqalanın ətrafında geniş arxeoloji araşdırmalar aparıldı. Oğlanqala ətrafında aparılan araşdırmalar bu yaşayış yerinin böyük ərazini [487 hektar] əhatə edən şəhər dövlətin paytaxtı olduğunu təsdiq edir. Müəyyən edildi ki, Qızqala da bu dövlətin ərazisinə daxil olmuş, Oğlanqala və Qızqala arasında olan müəyyən ərazilərdə qala divarı inşa olunmuşdur
Yaşayış yerini əhatə edən müdafiə divarlarının daha çox şimal istiqamətdə olması bu istiqamətdə hücumların intensiv olduğunu təsdiq edir.
Oğlanala Urartunun sərhədləri yaxınlığında yerləşmiş və onun ilk tarixi Urartulara qarşı mübarizə ilə bağlı olmuşdur. Oğlanqaladan tapılan keramika və digər nümunələr Oğlanqalanın Urartu ilə, həmçinin İran və Gürcüstanın digər cəmiyyətləri ilə ticarət əlaqələri saxladığını təsdiq edir. Saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçaları Oğlanqalanın yazı sistemini də Urartudan mənimsədiyini göstərir. Oğlanqaladan aşkar olunan mixi yazılar həmçinin hesab sisteminin də mənimsənildiyini göstərir.
Dəmir dövrü incəsənətinin öyrənilməsi üçün 1983-cü ildə Şərur rayonunun Şahtaxtı və Təzəkənd kəndləri arasında təsadüfən aşkar olunan iki tunc əşya olduqca qiymətlidir. Onlardan biri Tunc kəmər parçası, digəri isə zınqırov formalı tunc möhürdür.
Tunc kəmərin parçası nazik təbəqədən hazırlanmışdır. Onun üzərin-dəki naxışlar əvvəlcə basma texnikası ilə işlənmiş, sonra kəsmə və cızma üsulu ilə tamamlanmışdır. Kəmər parçasının hər iki yanı iki qabarıq zolaqla məhdudlaşdırılmış, qabarıq zolaqlar boyunca kiçik oval deşiklər açılmışdır. Kəmərin üzərində hərbi-mifi səhnə təsvir olunmuşdur. Sol tərəfdə dal ayaqları üzərində duran qrifonlar təsvir edilmişdir. Onlar bir qədər yuxarı qalxan ensiz qanadlı, şir bədənli, tək buynuzu olan şir başlı, yuxarıya doğru qıvrılmış quyruğu olan mifik varlıqlardır. Qrifonların biri dırnaqlı, digəri isə pişik kimilərə məxsus pəncə ilə təsvir edilmişdir. Gözləri kiçik oyuqlarla ifadə edilmişdir. Mifik varlıqların əzələləri olduqca gərgin vəziyyətdə verilmişdir. Boynunun və bədəninin əzələləri paralel xətlərlə ifadə olunmuşdur. Onların ifadə edilməsi üçün bucaq və qövsvari xətlərdən də istifadə edilmişdir. Bədəninin tükü yalnız sinə hissəsində paralel xətlər qrupu ilə ifadə edilmişdir. Quyruğunun tükləri onlardan ayrılan kiçik xətlərlə bildirilmişdir. Qanadlarının lələkləri isə paralel xətlər arasına alınmış çərtmələrlə ifadə edilmişdir. Hər iki qrifon profildən və dinamik hərəkət vəziyyətində təsvir edilmişdir.
Qrifonlardan arxada Günəşi simvolizə edən içərisi şüa ilə doldurulan konsentrik dairələr təsvir edilmişdir. Günəş simvollarından arxada iki atlı təsvir edilmişdir. Atlılar şiş dəbilqəli, dairəvi qalxanlıdır. Arxa tərəflərində ox qabları vardır. Bir-birindən fərqlənən atlılar bir əlləri ilə atların yüyənini, digər əllləri ilə isə nizələrdən tutmuşlar. Gödəkçə geyən atlılardan biri saqqallıdır. İkinci əsgər saqqalsızdır. О da əvvəlki əsgər kimi qısa gödəkcə geymişdir. Əsgərlərin qalxanları da bir-birindən fərqlənir. İkinci əsgərin qalxanı birincidən fərqli olaraq ortada qabarıqdır. Atlar dinamik hərəkət, sıçrayış vəziyyətindədir. Onların quyruğu ortadan bağlanmışdır. Atların sinəsində dəbdəbəli çul, başlarında dairəvi bəzəklər vardır. Budlarının əzələləri qövsşəkilli, ayaqlarınınkı isə düz və sınıq xətlərlə verilmişdir. Gözləri və burunları kiçik dairələrlə bildirilmişdir. Atların başı qövsşəkilli xətlərin bacarıqla birləşdirilməsi ilə yaradılmışdır.
Atlıların arasında qanadları yanlara açılmış vəhşi quş dimdiyində insan başını aparır. Quşun bədəni yuxarıdan təsvir edilmiş, gözləri kiçik dairələrlə, qanadları paralel xətlər arasına alınmış çərtmələrlə bildirilmişdir. İnsan başı isə profildən təsvir edilmişdir. Quşun quyruğu iki şaquli və bir sınıq xətlə bildirilmişdir. Quşun apardığı insan başı iti başlıqlı baş örtüyündə təsvir edilmişdir. Onun gözləri batıq nöqtə, ağzı kiçik çərtmə ilə bildirilmişdir. İnsanın burnu və çənəsi aydın ifadə edilmişdir.
Atlılardan arxada kəsilmiş başının yerindən qan fısqıran çılpaq insan meyidi təsvir edilmişdir. Mərhumun ayağı profildən, bədəni isə anfasdan təsvir edilmiş, döş qəfəsi bir qrup paralel xətlərlə ifadə edilmişdir.
Bu təsvirlərdən arxada kəmərin yuxarı hissəsində Günəşi simvolizə edən təsvir, aşağı hissəsində isə hansısa rəsmlərin anlaşılmayan qalıqları saxlanmışdır.
Bu nümunədəki təsvirlər Yaxın Şərq və Cənubi Qafqaz kəmərləri ilə ümumi xüsusiyyətlərə malik olmaqla onlardan fərqlənir. Qeyd edək ki, Qədim Şərq kəmərlərinin heç birində bu tip səhnəyə rastlanmamışdır. Lakin onun müəyyən detalları Yaxın Şərq, xüsusilə Urartu kəmərləri ilə bənzərdir.
Rəsmlər içərisində, xüsusilə Urartu atlılarına bənzəyən təsvirlər diqqəti çəkir. Bu tip təsvirlərə Altıntəpə kəmərlərində, Karmirblurdan aşkar olunmuş ox qabları və dəbilqələrdə rastlanmışdır. Bu tip atlıların təsvirinə Mitaniya barelyeflərində də rastlanmışdır. Lakin Urartu kəmərlərində bu təsvirlərin daha da inkişaf etmiş forması ilə rastlaşırıq. Bizim təsvir etdiyimiz kəmərdəki atlılar bəzi detalları ilə Urartu nümunələrindən fərqlənir. Bizim nümunədə ox qabları dairəvi başlıqlı təsvir edilmişdir. Fikrimizcə, onlara Urartu kəmərlərində rastlanmır və müəyyən dərəcədə Zakim kəməri üzərindəki təsvirlərə bənzəyir.
Bizim nümunədə atların başlıqları dairəvi olduğu halda, Urartu kəmərlərində yelpikşəkillidir. Atların quyruğunun təsvirində də müəyyən fərqlər vardır. Urartu kəmərlərində atların quyruqları saçaqlı olmaqla aşağı tökülür, lakin Şərur kəmərində atların quyruğunun tükləri yığılıb bağlanmışdır. Bütün bu fərqli cəhətləri ilə Şərur kəməri Assuriya incəsənəti ilə daha yaxından səsləşir.
Dimdiyində insan başı tutan vəhşi quşlar Assur incəsənətindən yaxşı məlumdur. Tellodan aşkar olunan stela parçası üzərində dimdiyində insan başı və insan bədəninin müxtəlif hissələrini aparan vəhşi quşlar təsvir edilmişdir. Qanadları kənara açılan quş təsvirlərinin anfasdan verilməsi Mesopotamiya incəsənəti üçün xarakterikdir. Assuriya və Mitaniya barelyeflərində quşların başı profildən, Telloda isə anfasdan təsvir edilmişdir. Ağaca keçirilmiş bu tip quş fiqurlarından hərbi nişan kimi istifadə edilməsi və quşların insan başı ilə təsvir edilməsi əks başlanğıcların mübarizəsini göstərməklə bərabər, vəhşi quşların ölümgətirici xüsusiyyətini də əks etdirir. Ehtimal ki, bu, bir tayfanın digər tayfa üzərində qələbəsinin simvolu olmuşdur.
Mərhumun paltarsız təsvir edilməsi Assuriya incəsənəti üçün xarakterikdir. Bu tip təsvirlərə bir çox barelyeflərdə rastlanmışdır. Burada həmçinin başları vurulmuş əsirlərə də rastlanır. Bizim kəmərin üzərindəki əsirin duruşu tamamilə Assuriya nümunələrini xatırladır.
Qrifonların yaxın oxşarlarına Manna incəsənətində rastlanmışdır. Saqqız dəfinəsindən tapılan qızıl lövhə üzərində də belə təsvirlər vardır. Onların bəzi detalları Urartu nümunələrinə bənzəsə də, belə qrifonlar Urartu əşyalarından məlum deyildir.
Günəş rəsmləri də özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onlar qədim Şərq incəsənətində rastlanan rozetkaları xatırladır. Lakin belə rozetkalar Naxçıvanın keramika nümunələrindən də bəllidir. Onların qədim nümunələrinə Mesopotamiya və İran əşyalarında rastlanmışdır.
Şərurdan aşkar olunmuş kəmərin stilistik fərqləri, bir çox detallarının fərqlənməsi onun Yaxın Şərq ənənələri ilə yaxından tanış olan yerli ustalar tərəfindən hazırlandığını göstərir. Kəmərin üzərindəki təsvirlər Mesopotamiya ilə Manna incəsənəti arasında sıx əlaqənin olduğunu göstərir. Lakin atlı fiqurlar urartuların təsirini açıqca əks etdirir. Bu ola bilsin ki, onların Cənubi Qafqazda möhkəmləndiyi dövrə, е. ə. VIII–VII əsrlərə təsadüf edir.
İkinci tapıntı zınqırov şəkilli möhürdən ibarətdir. Onun yuxarısında zəncir keçirmək üçün halqa vardır. Həmin halqaya keçirilən zəncir kəsikdə dairəvi olan tunc məftildən hazırlanmışdır. Möhürün əsası oval formadadır. Onun üzərində qanadlı, ayaqları qarnına bükülmüş, buynuzları isə arxaya qatlanmış dağ keçisi təsvir edilmişdir. Kəmərin kənarında keçini halqaya alan ilan təsviri verilmişdir. Onun quyruğu keçinin buynuzunun yaxınlığında, başı isə qarnının altındadır. Keçinin ilanla birlikdə təsviri Mesopotamiya və Cənubi Azərbaycan qliptikasının geniş yayılmış motivlərindəndir. Təəssüf ki, möhürün bir qismi zərər görmüşdür. Buna baxmayaraq, qədim Şərq mifologiyası üçün xarakterik olan motiv aydın şəkildə verilmişdir. Məlum olduğu kimi, ayaqları qarnına qatlanmış heyvan fiqurları qədim Şərq incəsənəti üçün xarakterikdir. Bu tip keçi təsvirlərinə Ras-Samra, Qezer və Ağaevlərdən tapılmış möhürlər üzərində rastlanır. Lakin bizim nümunə müəyyən oxşarlıqlara baxmayaraq, onlardan tamamilə fərqlənir. Burada keçinin ayaqlarının bükülməsi Manna-Skif incəsənəti üçün xarakterik forma almışdır. Ehtimal ki, möhür Manna və Skiflərlə bağlı olan hökmdara aid olmuşdur. Hər iki tapıntını tipoloji bənzərlərinə əsasən е. ə. VIII–VII əsrlərə aid etmək olar.
Abidədən aşkar olunmuş materialların əksəriyyəti boz və cəhrayı rəngli saxsı məmulatından ibarətdir. Boz rəngli gil qabların bəzisinin tərkibində Eneolit mədəniyyəti üçün səciyyəvi olan saman qarışığına təsadüf edilmişdir.[5] Oğlanqaladan e.ə. I minilliyin II yarısı – eramızın I – II əsrlərinə aid tufdan hazırlanmış dən daşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və sair maddi mədəniyyət məmulatı toplanmışdır.
Əlverişli təbii — coğrafi və strateji mövqedə yerləşməsi Oğlanqaladan uzun müddət müdafiə istehkamı kimi istəfadə olunduğunu göstərir. Tədqiqatlar nəticəsində Oğlanqalanın əsas fəaliyyət dövrünün e.ə. IX – IV əsrlər olduğu müəyyən edilmişdir. Yaşayış yerinin müasir dövrümüzə kimi saxlanmış qala divarları e.ə. I minilliyin əvvələrində inşa edilmiş və antik dövrə kimi istifadə olunmuşdur.[6]
Abidə 2006-cı ildən AMEA və Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən, Naxçıvan Arxeoloji Layihəsi (The Naxçıvan Archaeological Project) çərçivəsində tədqiq edilməkdədir.[7] Tədqiqatın nəticələri layihə əsasında yaradılmış sayt vasitəsilə yayımlanır.