Qazançı qalası

Qazançı qalasıCulfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e.ə. II – I minilliyin əvvəllərinə aid abidə.

Qazançı qalası
Ölkə  Azərbaycan
Şəhər Culfa
Yerləşir Qazançı kəndi
Aidiyyatı Tunc dövrü
İstinad nöm.404
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qazançı qalası (Azərbaycan)
Qazançı qalası

Qalanın adının türk dilində olması şübhə doğurmur. Bəzi tədqiqatçılar Qazançı qalasının adını Kitabi Dədə Qorqud dastanının baş qəhrəmanlarından biri olan Qazan xanın adı ilə əlaqələndirirlər.[1]

Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə edilən gil qab parçaları burada Orta Tunc dövründən başlayaraq, Dəmir dövrünədək yaşayış olduğunu göstərir.

Qalanın yerləşdiyi ərazinin təbii cəhətdən müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun olaraq qala divarı ilə əhatə olunmuşdur. Arxeoloji qazıntı işləri aparılmadığından divarların tikildiyi dövrü müəyyənləşdirmək çətindir. Lakin, memarlıq xüsusiyyətlərinə əsasən demək olar ki, qala divarları, başlıca olaraq, iki dövrdə inşa edilmişdir. Birinci dövrə aid tikintiləri təqribən e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Bu divarlar uzunsov formalı yerli daş bloklardan inşa edilmişdir.

Divarların xarici tərəfində birtərəfli çıxıntılara rast gəlinir. Diş biçimli belə çıxıntılara Çalxanqalada da rast gəlinmişdir.[2]

Qala divarlarının quruluşu onların dəfələrlə bərpa edildiyini göstərir. Divarların eni müxtəlif ölçülüdür. Şimal və şimal-şərqdə qala təbii cəhətdən zəif müdafiə olunduğu üçün burada divarların eni 2,6–3 metrə çatır. Divarların salamat qalan hissəsinin hündürlüyü 1–2 metrdir. Qalanın içərisində dördkünc planlı bina qalıqları vardır. Qalanın şərq tərəfi gediş-gəliş üçün əlverişli olduğundan, onun giriş qapısının da bu tərəfdə olduğu güman edilir.[3]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qalanın solsahil və sağsahil hissəsi bir – birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayırılır; sağsahil hissəsi hündür konusvari təpə formasındadır. Məlumatlara görə təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş qala olmuşdur. Abidənin sol sahhili iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalarla əhatələnmişdir. Bu hissədə yarımdairəvi bürclərin qalıqları saxlanmışdır.

Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir – birinə keçid yolu vardır. Müdafiə divarları (eni 2 – 2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda inşa edilmişdir. Qazançı qalasının e.ə. II minilliyin əvvəllərində Əlincəçay vadisində yaşamış iri tayfa birliklərindən birinin mərkəzi olduğu güman edilir. Qala divarlarının tikinti texnikası Oğlanqalanı təkrar edir.[4]

Arxeoloji qazıntılar zamanı Qazançı qalasından tapılmış boz və çəhrayı rəngli gil qab nümunələri, daşdan əmək alətləri dən daşı və sair Boyalı Qablar mədəniyyəti üçün səciyyəvidir. Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrdən ibarətdir. Qaladan əldə edilmiş tapıntılar Culfa rayon tarix – diyarşünaslıq muzeyində saxlanılır.[5]

  1. S. Babayev – Naxçıvanda "Kitabi Dədə Qorqud" toponimləri, Bakı, 1999, səh 169
  2. V.H.Əliyev – Новые материалы о культуре росписной керамики в Азербайджане, "Советская археология", 1967, № 1.
  3. "Qazançı qalası". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-08.
  4. A. Q. Seyidov – Naxçıvan tunc dövründə, Bakı, 200, səh 42
  5. Qazançı qalası məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 266

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]