Cəbrayıl Qəhrəman 1 sentyabr 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. O, 1975-ci ildə Güləbird kənd orta məktəbini, 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1981–1991-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.[1][2][3][4][5]
Cəbrayıl Qəhrəman 1992-ci ildə Laçının işğalından sonra Bakı şəhərində məskunlaşmışdır. O, 1993–1998-ci illərdə Bakı şəhərində fəaliyyət göstərən 34 saylı Laçın tam orta məktəbində fizika müəllimi işləmişdir. 1995-ci ildən Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun(indiki Təhsil Problemləri İnstitutu) dissertanturasına daxil olmuşdur.[1][2][3][4][5]
1995–2000-ci illərdə orta məktəbdə fizika müəllimi işləməklə yanaşı, elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ildən Laçın rayon 6 saylı tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. Cəbrayıl Qəhrəman 1998-ci ildə "Bilik" tədris mərkəzini təsis etmiş, hal-hazıra kimi həmin tədris mərkəzinə rəhbərlik edir.[1][2][3][4][5]
Cəbrayıl Qəhrəman 1981–1992-ci illərdə rayon qəzetində (Laçın) ədəbi-bədii, publisistik yazılarla çıxış etmişdir. 1995–2020-ci illərdə respublikanın müxtəlif jurnal ("Azərbaycan məktəbi", "Fizika, riyaziyyat və informatika tədrisi", "Düşüncə", "Təhsil, mədəniyyət, incəsənət", "El sözü") və qəzetlərində ("Azərbaycan müəllimi", "Təhsil problemləri", "Elm və təhsil", "Respublika", "Ədalət", "525-ci qəzet", "Şərq","Xalq cəbhəsi", "Türk dünyası", "Zəngəzur", "Açıq söz", "Laçın", "Pillələr", "Qanun və məmur") 50-dən çox elmi, metodiki, publisist məqalələri, həmçinin esse və şeirləri çap olunmuşdur.[1][2][3][4][5]
2018-ci ildə ədibin yaradıcılığına həsr olunmuş "İllərin izi" kitabı çap olunmuşdur. 2001–2017-ci illərdə dəfələrlə radio və televiziyada "Ulu yurdum Laçınım", "Yurd yeri" verilişlərində çıxış etmişdir. 2017-ci il noyabrın 27-də "Mədəniyyət" kanalında gedən "Yurd yeri" verilişi Cəbrayıl Qəhrəmanın bədii yaradıcılığına həsr olunmuşdur.[1][2][3][4][5]