CNN Türk — ABŞ-nin "CNN" şirkəti və Türkiyənin "Doğan" şirkəti ortaqlığı ilə 11 oktyabr 1999-cu ildə İstanbulda fəaliyyətə başlamış xəbər telekanalıdır. Telekanalın tanınmış simaları Əhməd Xaqan, Handə Fərat, Cüneyt Özdəmir, məşhur verilişləri isə "5N1K", "Bitərəf bölgə" və "Tamaşaçı qalmayın" layihələridir.
CNN Türk | |
---|---|
Ölkə | Türkiyə |
Yayım ərazisi | Türksat 4A peykinin əhatə dairəsi |
Dil | Türk dili |
Baş qərargah | Demirören Medya Center, 100-cü İl məhəlləsi, 2264-cü küçə №1, 34218, Bağçılar, İstanbul, Türkiyə |
Yaranma tarixi | 11 oktyabr 1999 |
Sahibi |
WarnerMedia (50%) (1999 — hal-hazırda) Doğan Yayım Holdinq (50%) (1999 — 2018) Demirören Holdinq (50%)[1] (2018 — hal-hazırda) |
Rəhbərlik | Bora Bayraqdar (2018 — hal-hazırda)[2] |
Şüar | İlk bilen siz olun. |
Qardaş kanallar |
CNN Türk Radio Kanal DHD Euro D Radio D Teve2HD Dream TV Dream TürkHD Cartoon Network Boomerang TAY TVHD D-Smart-ın bəzi kanalları |
Sayt | cnnturk.com |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyənin ilk iqtisadiyyat xəbər kanalı "Eko TV"nin analoq yayımdakı tezliyində yayıma başlayan kanalda əvvəllər CNN-in ingilis dilindən tərcümə edilmiş verilişləri yayımlanırdı. 2005-2008-ci illərdə Formula 1 yarışları canlı yayımlanıb. 28 yanvar 2008-ci il tarixində analoq-rəqəmsal yayımdakı tezliyi "TNT" kanalına verilib. Daha sonra isə "TV5" kanalının tezliyində yayımlanmağa başlayıb. Kanalı kabel antenlər vasitəsilə izləmək yenidən mümkün olub. 2010-cu ildə digər "CNN" kanallarında olduğu kimi loqosu yenidən ekranın sağ alt küncünə yerləşdirilib. 28 mart 2013-cü il tarixində HD, 17 sentyabr 2012-ci il tarixində isə 16:9 təsvir formatlı yayıma keçmişdir. 5 iyun 2015-ci il tarixində isə Azərbaycanda yayımı qadağan olunsa da,[3][4] 2018-ci ilin sentyabr ayında bu qadağa götürülüb.
2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhd zamanı telekanalın aparıcısı və jurnalisti Handə Fərat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla canlı bağlantı quraraq dövlət çevrilişinin qarşısının alınmasında rol oynamışdır.[5]
2018-ci ildə kanalın ortaqlarından biri Aydın Doğan sahibi olduğu Doğan Media şirkətini və ona tabe olan bütün televiziya, radio kanallarını, qəzetlərini, xəbər portallarını Demirören Holdinqə satdı.[6] O cümlədən, CNN Türk kanalı da bu satışın bir parçası oldu. Bəzi mütəxəssislərə görə, bu satışla Türkiyə mətbuatına böyük zərbə vuruldu. Çünki Doğan Media Türkiyə mediasında qərəzsiz xəbərçiliyin nümunələrindən biri sayılırdı.[7] "Hürriyət" qəzetinin keçmiş əməkdaşı İzzət Çapanın iddiasına görə, Aydın Doğan satışdan sonra şirkətə daxil olan bütün media orqanlarının rəhbərlərinə zəng edərək "artıq tab gətirə bilmirəm, satış reallaşıb" deyib.[8] Telekanalın satışından sonra bir çox əməkdaşı ilə müqaviləyə xitam verildi.[9]
2020-ci ilin fevral ayının 6-da Türkiyənin əsas müxalifəti hesab edilən Respublika Xalq Partiyası telekanalı boykot etdiyini açıqlayıb.[10] Boykota səbəb kimi telekanalın hakim Ədalət və İnkişaf Partiyasına yaxın şəxslərə daha çox efir vaxtı ayırması və telekanalın jurnalistlərinin müxalifət əleyhinə olan ifadələri göstərilib. Bundan sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu fevralın 12-nə dəvət olunduğu "Bitərəf bölgə" verilişinə getməkdən imtina edib.[11]