Cahidə Sonku (türk. Cahide Sonku; d. 27 dekabr 1919, Yəmən, Osmanlı İmperiyası – ö. 18 mart 1981, İstanbul, Türkiyə) — Türkiyə kino aktrisası[1]; türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri[1].
Cahidə Sonku | |
---|---|
Doğum adı | Cahide Serap |
Doğum tarixi | |
Doğum yeri | Yəmən, Osmanlı İmperiyası |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1933–1971 |
IMDb | ID0814360 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Cahidə Sərab olan bu aktrisa 27 dekabr 1919-cu ildə Yəməndə anadan olmuşdur.
Hələ uşaq vaxtlarından sənətə həvəsli olmuşdur. Əvvəl xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərmiş, epizodik rollarda çıxış etmişdir. Uilyam Şekspir, Lev Tolstoy, Anton Çexov kimi məşhur yazıçıların əsərlərinin səhnə quruluşunda rol almışdır[1].
1933-cü ildə rejissor Muhsin Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı rolu ilə özünün nəyə qadir olduğunu göstərə bilir. Ərtoğrul gənc qızın potensial imkanlarını qiymətləndirərək, onu filmdə çəkilməyə dəvət edir[1]. Elə həmin il ekranlara çıxan "Söz bir, Allah bir" filmində rol alan bu sarışın aktrisa kinoda ilk addımını atır. Onun ilk rolundan razı qalan rejissor Muhsin Ərtoğrul tezliklə Cahidəni daha bir filmə dəvət etdi. 1934-cü ildə çəkilən və türk kino tarixində kənd mövzusunda çəkilmiş ilk kino lenti kimi tanınan[2] "Bataqlı damın qızı Aysel" filmindəki oyunu ilə aktrisa tamaşaçıların sonsuz sevgisini qazanır; belə uğurlar ilə özünə olan inamı artır[1].
Özünü kinorejissorluqda da sınayan Cahidə "Fədakar ana" filmi ilə adını türk kino tarixinə ölkənin ilk qadın kinorejissoru kimi yazdırmışdır[1].
Qazandığı uğurlardan ruhlanan Cahidə 1950-ci ildə "Sonkufilm" şirkətini yaradır. Keçmiş həyat yoldaşı Tələt Artemel və Sami Ayanoğlu ilə birlikdə "Vətən və Namik Kamal" filmini ekranlaşdırır. 1951-ci ildə "Ulduz" jurnalının keçirdiyi müsabiqədə həmin əsər "Ən yaxşı film", Cahidə isə "Ən yaxşı aktrisa" seçilir[1].
1953-cü ildə çəkilən "Gözlənilən mahnı" filminin rejissoru da Cahidə özü olmuşdur. Filmdə Cahidə Sonku müğənni Zəki Mürənlə çəkilmişdir. Belə ki, həmin vaxtlar sənətdə ilk addımlarını atan, hələ tanınmayan gənc tələbə Zəkini baş rola Cahidə özü dəvət etmişdir. Hər iki sənətkarın oyunu uğurlu alınıb, onlar öz oyunlarıyla bir-birlərini tamamlaya bilmişlər. Amma həyatın sonrakı axarı göstərdi ki, bu film Zəki Mürənin yaradıcılığında şöhrətə aparan yolun davamı, Cahidə Sonkunun həyatında isə sonun başlanğıcı idi[3].
Ailə həyatındakı uğursuzluqları və "Sonkufilm" şirkətinin 1963-cü ildə yanaraq, məhv olması nəticəsində müflis olan Cahidənin həyatı tamamilə dəyişdirir. Depressiyaya düşən Cahidənin içkiyə aludəçiliyi onu yavaş-yavaş sevdiyi işindən ayırırdı.
1966-cı ildə rejissor Osman Sədən ilk dəfə "Çalıquşu" filmini çəkərkən baş rola Yaşılçamda yeni parlayan ulduz olan 21 yaşlı Türkan Şorayı dəvət etmiş; Cahidə Sonkuya isə kiçik, epizodik rol verilmişdir.
Ömrünü İstanbul küçələrində səfil bir qadın olaraq başa vurmuşdur. O, 18 mart 1981-ci ildə, 64 yaşında ikən vəfat etmişdir[1]. Zincirlikuyu qəbiristanlığında dəfn edilmişdir.
1937-ci ildə aktyor Talat Artemel ilə olan ilk nikahı uğursuz olub. Dövrünün tütün kralı adlandırılan milyonçu İhsan Dorukla evliliyi aktrisanın ikinci nigahı da çox sürmür, onlar ayrılırlar, amma bir neçə illik ayrılıqdan sonra yenidən birləşirlər. Onların bu nikahdan 1953-cü ildə Ender adlı bir qız övladları dünyaya gəlmişdir. Həyat yoldaşı İhsan Dorukdan ikinci dəfə də ayrılmış; daha sonra isə bir qeyri-rəsmi uğursuz evlilik həyatı yaşamışdır[1].
Qızı Ender uzun illər Londonda yaşamış; lakin imkansızlıq üzündən təhsilini bitirə bilməyərək bir müddət ucuz restoranlarda işləmiş, daha sonra isə itkin düşmüşdür[1].
1979-cu ildə Kino Yazıçılar Dərnəyinin xidmət mükafatını almışdır.
1989-cu ildə TRT 1-də "Cahide" adlı 5 hissədən ibarət teleserial yayımlanmışdır.
Tanınmış kinoşünaslardan Atilla Dorsay, Agah Özgüc və digərləri aktrisanın həyat və yaradıcılığını araşdırmışlar[1].