Cavad şəhəri

Cavad — əsası 9-cu əsrdə qoyulan KürArazın qovuşduğu yerdə yerləşmiş orta əsrlərə aid Şirvan qala şəhəri.

Cavad şəhəri/qalası
Cavad
Cavaz/Cəvz
(keçid-bərə)
Ölkə Şirvanşahlar dövləti,
Səfəvilər dövləti,
Cavad xanlığı,
Şirvan xanlığı
Vilayət Şirvanat
Salınma tarixi IX əsr
Banisi Heysəm ibn Xalid
Digər adı Cəvz
Dağılma tarixi 1778-ci il
Dağılma səbəbi 1778-ci ildə Gilan hakimi Hidayət xanın hücumu
Milli tərkibi ərəblər, türklər
Müasir yeri Cavad şəhərgahı, Cavad kəndi[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Cavad" adı ərəbcə cəvz sözündən götürülüb "keçid" deməkdir. Toponim ərəbcə olduğu üçün şəhərin 9-cu əsrdə Şirvanşahlar dövləti zamanında yarandığı qənaətinə gəlmək olar. Cavad şəhərinin adı mənbələrdə XVI əsrdə çəkilir.

Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı.[3] Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir-səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavaz" sözündən qaynaqlanır, keçid-bərə mənasını verir. O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü "Şirvan və Girganın hakimiyyət başında olan padşahı" adlandırır.[4] Cavad XVII–XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. 1720-ci illərdə tarixi Şirvan torpağının digər bölgələri kimi Cavadı və onun ətrafında olan kəndləri də dağıtmışdılar. 1726-cı ilin payızında general—leytenant Ştof başda olmaqla rus qoşunları Kür çayı üzərindəki Cavad qəsəbəsinə daxil oldular. Qəsəbə Kür üzərində yerləşirdi və qiyamçılar tərəfindən həddindən artıq dağıdılmışdı.[5] Sərhəd Kür çayı ilə Araz çayları ətrafındakı tut bağlarından keçirdi.

1778-ci ildə Gilan hakimi Hidayət xan Kərim xan Zəndin göstərişi ilə Cavada hücum edib Həsən xanı əsir aldı. Aprelin 6-da Gilan xanı Salyanı tutduqdan sonra Cavada hücum etdi.7 dəfə topdan şəhərə atəş açıldı. Şəhər camaatı təşviş içindəydi. Müdafiə oluna bilmirdi. Bundan sonra Həsən xan qardaşı və oğluyla şəhərdən çıxıb Gilan xanının hüzuruna gəldi və əfv dilədi. Tarixi mənbələrə görə Cavaddan 900–7500 nəfər arası əhali əsir olaraq Rəştə köçürüldü.[6]

Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar. Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi.[7]

  • Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
  • Абдуллаев Г.Б. Иранские происки против кубин- ского ханства и Картли - Кахетинского царства в 1776 и 1778 гг. Известия АН Азербайджанской ССР (серия общественных наук). 1960, №4. 13–25.
  1. https://www.researchgate.net/publication/361207956_Aran_iqtisadi_rayonunun_mdni-tarixi_rekreasiya_potensiali
  2. "Arxivlənmiş surət". 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
  3. Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı. 2018.
  4. "Arxivlənmiş surət". 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
  5. Гербер И.Г., 1958. səh. 100
  6. Абдуллаев Г. Б., 1965
  7. Абдуллаев Г.Б., 1960. səh. 22