Antoni Cenkinson — (ing. Anthony Jenkinson, 8 oktyabr 1529[1][2] və ya 8 oktyabr 1529[3], Lesterşir[d][4] – 16 fevral 1611[2]) XVI əsr ingilis səyyahı, taciri və diplomatı. Onun gündəliyində apardığı qeydləri və xəritəsi İngiltərə-Rusiya münasibətləri o cümlədən, İngiltərənin Səfəvi dövləti ilə apardığı ticari danışıqlar barədə önəmli mənbələrdəndir.
Antoni Cenkinson | |
---|---|
ing. Anthony Jenkinson | |
Doğum tarixi | |
Doğum yeri | Leyçester, İngiltərə |
Vəfat tarixi | 1610/1611 |
Fəaliyyəti | diplomat, tarixçi, tədqiqatçı-səyyah[d], səyyah, coğrafiyaşünas, tacir, Gəmi kapitanı, səfir |
Vikianbarda əlaqəli mediafayllar |
Antoni Cenkinson 1529-cu ildə Leyçester şəhərində anadan olmuşdur. Atası Uilyam Cenkinson öz dövrünün varlılarından idi. Antoni tacir olmaq üçün təhsil almışdı. 1568-ci ildə o, Cudi Marş ilə ailə həyatı qurmuş, bu evlilikdən 6 qız, 5 oğlan övladı dünyaya gəlmişdir. Cudi Marşın atası Con Marş "Moskva" kompaniyasının qurucularından biri olmaqla yanaşı, geniş işgüzar əlaqləri olan bir şəxs idi. Bu əlaqələr vasitəsilə Antoni Cenkinson "Moskva" kompaniyasına qoşulmuş, kompaniyanın tərkibində dəfələrlə ekspedisiyalarda iştirak etmişdi.
Antoni Cenkinsonun ilk xarici səfəri "İpəkçi" kompaniyası ilə 1546-cı ilin oktyabr ayında baş tutmuşdur. O, Suriyaya səfər edərək 7 il müddətinə Hələbdə yaşamışdır. 4 noyabr 1553-cü ildə Osmanlı sultanı Süleyman Azərbaycana 4-cü yürüşü öncəsi Hələb şəhərinə səfər etmiş, bu zaman şəhərdə olan Cenkinson səfərlə bağlı bir sıra məlumatlar vermişdir. Cenkinsonun gündəliyində Osmanlı sultanının əmrləri, ordusu və geyimləri barədə məlumatlar qeyd edilmişdir.[5] 1553-cü ilin dekabr ayının 7-dən 1554-cü il mart ayının 24-ə qədər Cenkinson bir diplomat kimi şahın qəbulunda oldu. O şahdan gömrük haqqı ödəmədən Osmanlı limanlarında rahat ticarət edə bilmək üçün icazə kağızı aldı.[6] Maraqlısı odur ki, bəhs edilən dövrdə İngiltərənin Türkiyə ilə diplomatik əlaqələri yox idi.
Çox keçmədən, 1557-ci ildə Antoni Cenkinson "Moskva" kompaniyasının Rusiyaya göndərilən ticarət donanmasına baş kapitan və 3 il müddətinə kompaniyanın agenti təyin olundu. Cenkinson "Moskva" kompaniyasının ekspedisiyaları tərkibində 4 dəfə Rusiyada olmuşdu: İlk dəfə 1557-ci ildə Mosvkaya gəlmiş, buradan isə 1558–1559-cu illərdə Orta Asiyaya səyahət etmişdi; 1561–1563-cü illərdə Volqa- Xəzər yolu ilə Azərbaycana gəlmiş, Səfəvi hökmdarı, Təhmasib şahla danışıqlar aparmışdı; 1566–1567 və 1571–1572-ci illərdə isə o, daha iki dəfə Rusiya çarlığına gəlmiş, sonuncu dəfə IV İvan sarayında ingilis səfiri olmuşdur.[8] İngilis səyyah, yazıçı Riçard Haklyut məlumat verir ki, Cenkinsonun gəmisi 12 may tarixində Qreyvisenddən yola düşərək, 3 iyul 1557-ci ildə Vardoya (Norveçdə bir şəhər) çatdı.[9] Daha sonra Kola yarımadasının sahili ilə üzərək 13 iyulda Arxangelsk şəhərinə gəldilər. Cenkinsonun dəstəsi burada yerləşən Müqəddəs Nikolas monastrında gecələdilər. Avqust ayının əvvəllərinə qədər monastrda qalan dəstə ilk əvvəl Valoqdaya, dekabr ayının 1-də isə çarla görüşmək üçün Moskvaya doğru yola düşdülər. 5 gün sonra paytaxtda çarın katibi ilə görüşərək öz tələblərini və məktubunu ona çatdırmağı xahiş etdi və bu barədə ondan zəmanət alıb çarla görüşə qədər Moskvada qaldı. Dekabrın 25-i Cenkinsonun çar IV İvan Qroznı ilə görüşü baş tutdu. Cenkinson əl yazmalarında IV İvan Qroznı ilə görüşünü təsvir edərək, çarın hüzuruna çıxıb, əlini öpdüyünü bildirir. Daha sonra çarın əzəmətindən və taxt tacının möhtəşəmliyindən bəhs edərək onunla ikinci görüşünün yanvar ayının 2-də baş tutduğunu bildirir. Bundan başqa o qeydlərində ekspedisiyası ilə bağlı məlumatlardan başqa Moskva şəhərinin sosial-siyasi durumu və şəhər əhalisinin sayı barədə maraqlı məlumatlar vermişdir.[10] 1558-ci ilin aprel ayında Antoni Cenkinson, Riçard Conson, Robert Conson və bir tərcüməçi il birgə bütün heyət Oka və Volqa çayının cənub sahilinə doğru hərəkət edib, Qazan xanlığından keçdilər və Həştərxan şəhərinə gəldilər. Buradan onun dəstəsi səyahətini davam etdirərək Xəzər dənizində Serax torpaqlarına oradan isə cənub şərqə doğru hərəkət edərək Noqay ordasına gəldilər. Cenkinson əl yazmalarının bir neçə bölümünü Noqay ordasına həsr etmişdir. O qəbilə təşkilatları, köçəri həyat tərzlərinə görə Noqayların fərqli olduğunu bildirir və qeyd edir ki, onların evləri kifayət qədər geniş biçimdə tikilmişdi və hərbi cəhətdən çox istedadlı idilər. "Noqaylar qayda qanunlarla idarə olunur, onlar genişləndikcə Hordlar adlanan kiçik təşkilatlara bölünürdülər və bu təşkilatların başında Mirzə adlanan rəhbər dayanırdı."[11] İyun- avqust aylarını burada keçirən Cenkinson və dəstəsi buradan Xarəzmə, noyabrda isə Buxaraya yola düşdülər. Lakin onlar Buxarada çox qalmadı. Buna səbəb yerli hakimlər arasında düşmənçiliyin hökm sürməsi idi. Beləki, Səmərqənd ordusunun hücumundan əvvəl Buxaranı tərk edərək geriyə doğru- Xəzəri keçərək Moskvaya qayıtdılar. 1560-cı ilə qədər burada qalan Cenkinson 1560-cı ildə İngiltərəyə qayıdaraq Kraliça I Elizabet ilə görüşdü.[12]
1561-ci il may ayının 8-də Moskva kompaniyası tərəfindən Antoni Cenkinsona verilən tapşırığa əsasən Cenkinson Həştərxan və Xəzər dənizi vasitəsilə Səfəvilər dövlətinə gəlməli, "kral həzrətlərinin" fərmanları ilə "Sufinin" hüzuruna getməli idi. Cenkinson Səfəvi hökmdarı Təhmasib şahdan Səfəvi dövləti ərazisində ingilis mallarını sərbəst surətdə satmaq və buradan İngiltərəyə hər cür mal alıb aparmaq üçün imtiyazlar və "toxunulmazlıq fərmanı" almalı idi. Bundan başqa Antoni Cenkinson ingilis tacirlərinin öz mallarını istədikləri vaxt Səfəvi dövləti ərazisindən Hindistana, həmçinin Səfəvi dövləti ilə həmsərhəd olan başqa ölkələrə sərbəst surətdə keçib getməsinə, sonra isə qayıdıb Rusiyaya gəlmələrinə təminat almalı idi.[8] 1561-ci il may ayında Cenkinson yenidən Moskvaya yola düşdü Avqustda Moskvaya çatan Cenkinson yeni səfər üçün çardan icazə almalı idi. Çarın icazəsi bir müddət gecikdiyi üçün 1562-ci ilin aprel ayının 27-də yola düşən Cenkison 1562-ci ilin avqust ayının 18-də Şamaxıya çatdı. Burada onu Abdulla xan Ustaclı qarşıladı. Antoni Cenkinsonun səyahətnaməsində Abdulla xana səfərinin səbəbini izah edərkən bildirmişdir ki, o ingilis kraliçasının fərmanları ilə "böyük Sufinin" yanına dostluq əlaqələri yaratmaq, ingilis tacirlərinə Səfəvilər dövləti ərazisində sərbəst ticarət etmək, bu ərazidən azad surətdə keçib getmək üçün toxunulmazlıq fərmanları almağa gedir.[13] Səyyah oktyabrın 6-da Şamaxıdan Qəzvinə səyahət etmiş, bu barədə gündəliyində apardığı qeydlərdə bir sıra maraqlı məlumatlar vermişdir. İngilis səyyahı 20 noyabrda Qəzvində Səfəvi hökmdarı Təhmasib şah tərəfindən qəbul olunarkən də gəlişinin səbəbini təqribən eyni şəkildə izah etdi. Səyyahın yazdığına görə danışıqlar müvəffəqiyyətlə nəticələnməmiş, səfəvilərlə Osmanlı arasında təntənəli şəraitdə sülh bağlanmışdı. Bu müqavilə Cenkinsonun səfərinin uğursuzluqla nəticələnməsinə səbəb oldu. Osmanlı sultanı ilə münasibətlərini pozmamaqçün şah elçini yaxşı qarşılamadı və razılıq baş tutmadı. Cenkinson burada hind tacirləri ilə də əlaqə yaratdı. Cenkinson 20 mart 1563-cü ilə qədər Qəzvində qaldı. 1564-cü ildə isə İngiltərəyə qayıtdı.[9]
Çeysebaut Reyd krizi zamanı Cenkinson İngiltərə tərəfindən Şotlandiyaya göndərildi. O, 1565-ci il sentyabr ayının 25-də Fert of Fortdan yola düşdü. Onun vəzifəsi Fransadan Şotland kraliçası Meriyə göndərilən silah sursatın Lit şəhərinə çatmasının qarşısını almaq idi. Lakin tərslikdən külək onun qayığını İnçkit qalası yaxınlığına sürüklədi. Cenkinsona tapşırılmışdı ki, İngiltərə hökuməti tərəfindən göndərildiyini bəyan etməsin və səfərinin məqsədini şotlandiyalı quldurların axtarışı olduğunu bildirsin.[10] Kraliça Meri Cenkinsonu yaxşı qarşıladı və onun vasitəsilə kraliça Elizabetə içində qızıldan hazırlanmış ox və yay olan hədiyyə qutusu göndərdi. Kapitanın özünə isə qızıl bir saat və fincan hədiyyə etdi. Cenkinsonun Şotlandiya səfəri uğursuzluqla nəticələndi və o, tezliklə İngiltərəyə geri qayıtdı.
Cenkison 1566-cı ildə yenidən Rusiyaya göndərildi. Bu zamana qədər o 4 dəfə Moskvada olmuşdu (bunlardan 2-si tacir kimi, digər 2-si Moskva kompaniyası tərəfindən). Onun vəzifəsi kraliça I Elizabetin 20 aprel 1566-cı il tarixli məktubunu rus çarı IV İvana çatdırmaq idi. Cenkinsonun digər vəzifələri haqqında Kit Mayer məlumat verir və bildirir ki, əvvəla o kraliçanın və Moskva kompaniyasının Barberinonun fəaliyyətini dayandırmaq barədə xahişini IV İvana bildirməli, eləcə də kompaniyanın Müqəddəs Nikolas liman üzərində inhisarını saxlaması üçün çarı razı salmalı idi. Cenkinson hər 3 vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdi və İngiltərəyə qayıtdı. Cenkinson çar tərəfindən müharibələrdə Rusiyaya kömək etmək məqsədilə İngiltərədən Rusiyaya ekspertlərin göndərilməsi xahişini I Elizabetə çatdırmaq barədə vəzifələndirilmişdi.[10]
1571-ci il iyul ayında Cenkinson 4-cü və sonuncu dəfə Rusiyaya göndərildi. 1568-c ildə IV İvan Cenkinsonun 1566-cı ildəki apardığı danışıqlar nəticəsində əldə etdiyi güzəştləri ləğv etdi. Buna səbəb çarın uzun müddət gözlədiyi hərbi yardımı ala bilməməsi idi. Nəticədə kraliça I Elizabet Cenkinsonu çarla yenidən razılıq əldə etmək üçün Moskvaya göndərdi. 6 ay Xolmoqorda qaldıqdan sonra Cenkinson 1572-ci ilin may ayında Moskva şəhərinə çatdı. 23 iyulda çar IV İvan ilə aparılan danışıqlar nəticəsində Cenkinson əvvəlki ticari imtiyazları bərpa etməyə nail oldu.
Rusiyadan qayıtdıqdan sonra 1572-ci ildə Cenkinson səyahətləri haqqında bir xülasə yazdı. Güman edilir ki, bu xülasə Riçard Haklyutun təklifi ilə qeydə alınmışdır. Burada o səyahətlərinin siyahısını vermişdir. Cenkinson qeydlərində ticarət və coğrafiyaya dair məlumatlarla yanaşı, ingilis səyyahlar tərəfindən heç vaxt səfər edilməyən ərazilərin təsvirlərini vermişdir. Bundan başqa Səfəvi dövləti və sərhədləri barədə ətraflı məlumatlar qələmə almışdır. Cenkinsonun çəkdiyi xəritələr Orteliyusun məşhur atlasına daxil edilmişdir. Tarixçilər Cenkinsonun Rusiya haqqında verdiyi məlumatları onun şəxsi məktublarından və qeydlərindən əldə etmişdilər. Səyyah 1571-ci ildə dostuna yazdığı məktubda Moskva əhalisinin IV İvanın zülmündən əziyyət çəkdiyini qeyd etmişdir. Bundan başqa onun səyahət qeydləri Riçard Haklyut tərəfindən 1589-cu ildə "The Principal Naviations, Voyages, Traffiques and Discoveries of the English Nation" adlı əsərdə toplanmışdır.[14]