Cehiz

Cehizi üçün xalça tikən bir Uyğur qızı.

Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur.
Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır.[1]

Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir. Sonra cehizə pul və qiymətli kağızlar - əhəmiyyətli məbləğlər (bu bankirlər və yeni zaman maliyyəçilərinin qızlarında doğrudur) əlavə etməyə başlandı. Belə ki, pul cehizdə əmlakı üstələyir. Bu gün dünyada ənənəvi cehiz hələ də mövcutdur, lakin indi böyük hissəsini pul – böyük məbləğlər, üstəgəl xüsusilə mühüm şəxsi əmlak (avtomobil) və daşınmaz əmlak (ev, mənzil, villa və s.) tutur.[2]

Nikah günündə cehizli çadra geyən Fahra Izhak Eadeh adlı Ramallahlı (Ramallah, 20. əsr başında) bir gənc qadındır.
Cehiz dəsti

Azərbaycan toy adətlərində cehizin yeri

[redaktə | mənbəni redaktə et]

Ərə verilən qıza ata evindən gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan əşyalar verilir. Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması və alınma mənbəyi dəyişikliyə məruz qalıb.

Vaxtilə kasıb ailələrdə cehiz anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları və çatmayanları yenidən alaraq əlavə edilir, ayrıca bir sandığa yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayır, xalça, corab toxuyur, saatqabı, tənbəki kisəsi və s. tikir. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayarlar.

Tədarük işləri böyük nişantaxdı mərasimindən sonra toy günlərinə qədər davam etdirilir. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülür.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr ( bunlar qazan, tas, ləyən, sürahi, və s. olurdu ) də cehizə qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı mərasimində onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.

Keçən əsrin əvvəllərində qeydə alınmış və cehizə daxil olan ənənəvi əşyalar bunlardır: hər ailə üçün vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir dənəli təsbeh. Daha sonra iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, iki yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşək. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki və pul kisəsi, 20-30 cüt çarıqbağı, at üçün zinpuş, qələmdanqabı və s. Yenə məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, oxlov, çanaq, çömçə,çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar.

El-oba adətinə görə buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmaz, onlar hökmən su ilə doldurulmalıdırlar. Bundan əlavə, gəlin özü ilə ər evinə müxtəlif rəngli parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi bir kiloqram olmaqla), yeddi cür taxıl növü buğda, arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu deyilən bir səhəng təmiz içməli su və bir qab neft aparar.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə, gəlinin bəxti ağ olsun deyə, cehizlə, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılar.

Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərlər.

Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi hədiyyələr qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar.

Adətə görə qıza verilən bütün əşyalar onun şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ də yaşamaqdadır.

Müxtəlif bölgələrdə qız ərə verdikdə ona qoşulan cehizə "ağırlıq", "barxana/qız barxanası", "verdik/verdük", "dədəverdi/dədəmalı", "mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz", "tuti", "xərcxəcələt" (Salyan), "cehiz qoşma/cehizləmə/cehizçilik", "cer-cehiz", "şeylan" və bu kimi adlar daşıyır. Onun "cehaz/ceyiz/cihaz" (Ordubad) deyiliş şəkilləri də vardır.

Toydan iki-üç gün əvvəl ər evinə gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və "qardaşlığı" edirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.

Sonra gəlinin yengəsi, bacısı və ya bacılığı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir.[3]

Azərbaycanda toy adətləri

  1. "Arxivlənmiş surət". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-31.
  2. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  3. "Arxivlənmiş surət". 2013-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]