Ciyər axşamı

Ciyər axşamıAzərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər.

Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir.

Ciyər axşamına əsasən rayonlarda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir.

Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur.

Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.

Toyda veriləcək içkilər də ciyər axşamında yoxlanılaraq, dadına baxılır.

Toy üçün hazırlanmış ətin saxlanılma şəraitindən asılı olaraq, ciyər axşamı səhərə qədər də davam edə bilər. Bu zaman əsas məsul şəxslər ciyər axşamında iştirak edən cavanlar olur. Onlar gecə səhərə qədər domino, nərd, kart və ya başqa oyunlar oynayaraq başlarını qatırlar. Bu da toy ətinin toy üçün qurulmuş mağarda saxlanıldığı halda olur. Çünki gecə vaxtı mağardakı əti itdən-pişikdən, kəndin ətrafında olan vəhşi heyvanlardan qorumaq lazım gəlir ki, bu da cavanların həmin ərazidə səhərə qədər oyaq qalmalarını zəruri edir. Kəsilmiş heyvanların baş-ayağından gecə səhərə qədər bişirilmiş xaş ilə sübh tezdən onlara qonaqlıq verilir. Bu kəllə-paça süfrəsində həmin cavanlarla yanaşı ciyər axşamının digər iştirakçıları da istəsələr iştirak edə bilərlər.