Cumblatlar

Cumblatlar ailəsinin sarayı. 1861-ci il.

Cumblatlar və ya Canbolatlar (ərəb. جنبلاط‎, orijinalı kürd. Canpolad, جان‌پولاد; mənası – "polad canlı" və ya "polad ruhlu")[1] — XVIII əsrdən Livan tarixində mühüm rol oynamış, Cəbəl-Lübnan vilayətindən olan dürzi nəsli. Onlar yerli əmirlər və Osmanlı idarəçiliyinə qarşı 1778–1788-ci, 1822-ci, 1841-ci illərdə baş verən üsyanlara rəhbərlik etmişdilər. XX əsrdə Cumblatların ən tanınmış nümayəndəsi druz icmasının lideri və Mütərəqqi Sosialist Partiyasının (MSP, 1949) banisi Kamal Cumblat (1917–1977) idi. O, solçu olmaqla Livanda siyasi vəzifələrin konfessional mənsubiyyətə görə bölüşdürülməsinə qarşı çıxış edirdi. Cumblatlar 1969-cu ildən MSP-də ölkənin sol təşkilatları və Fələstin milli hərəkatı ilə ittifaqa girmişdilər. Cumblatlar Livanın daxili münaqişələrində (1958, 1975–1976) fəal iştirak etmişdilər. Kamal Cumblatın 16 mart 1977-ci ildə öldürülməsindən sonra Cumblatların və Livanın dürzi icmasının başçısı onun oğlu, 1970- ci illərdə Livanda vətəndaş müharibəsi gedişində Suriyanın dəstəklədiyi sol-müsəlman alyansının tərkibində fəaliyyət göstərən Vəlid Cumblat olmuşdur. Vətəndaş müharibəsi 1990-cı ildə qurtardıqdan və partiya milislərinin silahsızlaşdırılmasından sonra Vəlid Cumblatın nüfuzu azalsa da, XXI əsrin əvvəllərində Cumblatlar Livanın siyasi səhnəsində güclərini qoruyub saxlaya bilmişlər.[2]

  1. Dictionary of Modern Arab History, səh. 219, Google Books-da
  2. Cumblatlar // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 404. ISBN 978-9952-441-10-9.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]