Livan tarixi — müasir Livan Respublikasının tarixi, Suriya və Livanda Fransa mandatı altında Böyük Livanın daha əvvəl meydana çıxması, eləcə də müasir dövlətin əhatə etdiyi regionun tarixi.
Müasir Livanın yerləşdiyi ərazinin əlverişli cografi mövqeyi, təbii coğrafi xüsusiyyətləri eramızdan çox-çox əvvəl burada əhalinin məskunlaşmasına səbəb olmuşdur. Eramızdan əvvəl IV–II minilliklərdə sahil düzənliyində və Livan dağlarının ətəklərində məskunlaşmış finikiyalılar bu ərazidə bir neçə quldar şəhər dövlətlər yaradırlar.[1] Sonradan bu şəhər-dövlətlər regionda daha güclü feodal dövlətlər olan Assur, Babil və Əhəmənilər tərəfindən zəbt olundu.
Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardan idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrilmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını təşkil edirdi. Bu şəhərlərin başında şah dururdu. Onların hakimiyyəti kahinlər, adlı-sanlı və zəngin tayfalar şurası xalq yığıncağı (veçe) tərəfindən məhdudlaşdırılırdı. Buna görə də, həmin şəhər-dövlətlərə aristokratiya və ya plutokratik (dövlət hakimiyyətinin varlı adamların əlində oldugu siyasi quruluş) respublika xarakterikdir. Şəhərlərdə köhnə və yeni vətəndaşlar, həmçinin şəhər və kəndlər arasında ziddiyyətlər mövcud idi: kəndlilər böyük mükəlləfiyyət daşıyır, qulların vəziyəti daha ağır idi. Ümumilikdə götürdükdə isə, finikiyalılar çox ciddi, zirək, tədbirli, inadkar və çox ideal olmasa da, praktik bir xalq idi.
Sonradan bu şəhər – dövlətlər regionda daha güclü feodal dövlətlər olan Assuriya, Babil və Əhəmənilər tərəfindən zəbt olunur.
Eramızın birinci yüzilliyində Livan, Finikiya ilə bərabər Roma imperiyasının tərkibinə daxil olur. Romalılar Finikiya şəhərləri və qalalarının yerində Roma üslubunda məbədlər, saraylar tikir, körpülər salır, yollar çəkir. Livanda bu günədək saxlanılan orijinal memarlıq nümunələrinin xarabalıqları Roma işğalı dövrünə aiddir.
Eramızın ilk yüzilliklərindən Livanda xristianlıq yayılmağa başlayır.[2]
VII yüzillikdə Livan Yaxın Şərqdə get-gedə qüvvətlənən Ərəb xilafətinin tərkibinə qatılır. Yerli xalqların danışdığı aramey dili ərəb dili ilə əvəz olunur, əhalinin bir hissəsi İslam dinini qəbul edir, digərləri xüsusilə dağlıq bölgələrdə yaşayanlar isə İslama qədərki etiqadlarını (maronizmi) saxlayırlar.[2]
XIII–XVI yüzilliklərdə Livan Misir məmlüklərinin əsarəti altına düşür.
1516-cı ildə isə Osmanlı türklərinin əsarəti altına düşür. Türklər təqribən 400 il əvvəl Livanı öz təsiri altında saxlaya bilmişlər.
1860-cı ildə müsəlman-xristian münaqişəsindən bəhanə kimi istifadə edən Fransa, xristianları müdafiə etmək məqsədilə Livanı işğal edir. Bir ildən sonra İngiltərə və Türkiyənin təzyiqi ilə Fransa öz qoşunlarını Livandan çıxarır. Fransa, İngiltərə, Avstriya, Prussiya, Rusiya və Türkiyə nümayəndələrindən ibarət Beynəlxalq Komissiya ölkəyə muxtariyyət verir və ölkə rəsmi olaraq Livan adlanır.[3]
Livanda kəndli üsyanı baş vermişdi.[4]
1918-ci ilin payızında ingilis-fransız qoşunları Livanı yenidən işğal edir. 1920-ci ildə İngiltərə ilə Fransa arasında gizli sövdələşməyə əsasən Livan Fransanın mandatlığı altında idarə olunan dövlətə çevrilir.[5] 1926-cı ilin mayında Livan respublika şəklində idarə olunan dövlət kimi tanınmağa başlasa da konstitusiyaya görə ölkənin xarici siyasəti, milli ordu və müdafiə məsələləri Fransa tərəfindən tənzim olunurdu. Ölkənin müstəqilliyini məhdudlaşdıran konstitusiya maddəsi ləğv olunduqdan sonra 1943-cü il noyabrın 22-də Livan rəsmi olaraq müstəqil respublika elan olunur. O vaxtdan 22 noyabr günü – ölkənin milli bayramı kimi qeyd olunur. Lakin Fransa öz qoşunlarını ölkədən 1946-cı il dekabrın 31-də çıxarır.[6]
XX yüzilliyin ikinci yarısından başlayaraq müstəqil Livanın siyasi həyatında ziddiyətlər daha da kəskinləşir. İstiqlaliyyət qazandığı ilk illərdə Livan hökumətinin yeritdiyi siyasət 1958-ci ildə xalq üsyanına səbəb olur. Üsyanı yatırmaq məqsədilə Livan prezidenti ABŞ-dən kömək istəyir. Bu isə ABŞ-nin Livanın daxili işlərinə qarışmasına və ölkəyə qarşı təcavüzünə səbəb olur. 1958-ci ildə rəhbərliyə gələn yeni hökumət ölkənin daxili və xarici siyasətində müstəqil istiqamət seçir və İsrail təcavüzünə məruz qalan ərəb ölkələri ilə həmrəy olduğunu bildirir.
1968-ci ildən Livan ərazisində Fələstin müqavimət hərəkatının (FMH) fəaliyyət göstərməsi İsrailin Livana basqını üçün bəhanə olur.[7]
1969-cu ildən 1982-ci ilədək Livanda Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbər orqanları və ordu hissələri yerləşmişdi. 1975-ci ilin aprelində fələstinlilər ilə Livanın sağ xristian qüvvələri arasında baş verən vətəndaş müharibəsi ölkədə kəskin siyasi böhrana səbəb olur.
Böyük insan təlafatı və iqtisadi dağıntılarla nəticələnən və 19 ay davam edən hərbi əməliyyatlar, əsasını Suriya qoşunları təşkil edən ərəb ölkələri birgə qüvvələrinin Livana daxil edilməsindən sonra dayandırılır.
1978-ci ilin martında İsrail Livanın cənub rayonlarını işğal edir. Dünya ictimaiyyətinin təzyiqi ilə İsrail qoşunları həmin ilin iyulunda ölkədən çıxarılır və Livanın cənub bölgələrinə, yəni İsrail ilə sərhəd bölgələrinə BMT qoşunu yeridilir. 1982-ci ilin yayında İsrail yenidən Livana qoşun çıxarır və 1985-ci ilə qədər ordu hissələrini Livanda saxlayır. Eni 10 km-ə qədər olan cənub bölgə İsrailin təsiri altında qalır. 1983-cü il mayın 17-də Qərb dövlətləri Livanı İsrail ilə "sülh müqaviləsi" bağlamağa məcbur edir. Bir ildən sonra isə bu müqavilə qüvvədən düşür.
2006-cı ilədək ölkənin cənub ərazilərində sabitlik yaratmaq mümkün olmamışdır. Həmin ərazilərə mərkəzi hökumət nəzarət edə bilmir. Məhz Fələstin muxtariyyətində İsrailin və onun tərəfdarlarının terrorçu təşkilat hesab etdikləri "Hizbulla"nın muxtariyyətinin parlament seçkilərində qalib gəlməsi və Livanın cənubundakı hakim mövqeyi İsraili 2006-cı ilin iyul ayında yenidən Livana hücum etməyə sövq edir.[8]
Təqribən 35 gün ərzində ölkənin böyük şəhərləri və "Hizbulla" təşkilatının bütün məntəqələri dağıdılır. BMT-nin sülh məramlı qüvvələrinin Livanın cənub bölgələrində yerləşdirilməsi ilə əlaqədar İsrail – Livan münaqişəsinin qarşısı alınır.