Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya)[1] 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır.[2]
Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri[3]
Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir.
Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.
Y.A.Moçanova görə, Düktay mədəniyyəti Vilyuy çayı hövzəsində aşkar edilmiş və 150-35 min il bundan əvvələ aid edilən Orta Paleolit dövrü Qızılsır mədəniyyətinin əsasında formalaşmışdır. Əvvəllər Düktay mədəniyyətinin daşıyıcılarının Yakutiyaya cənubdan gəldikləri hesab edilirdi. Buzlaq dövrünün sonunda (təqribən12 min il əvvəl) Düktay mədəniyyətinin daşıyıcıları Şimal-Şərqi Asiyanın xeyli hissəsində, o cümlədən Çukot, Kamçatka, Oxot dənizinin şimal-qərb sahilləri, Yapon adalarında məskunlaşmışlar, “Berinq quru körpüsü” vasitəsilə Amerikaya keçmişlər. Alyaskada Düktay mədəniyyəti ilə Şimal-Şərqi Asiya əhalisinin Amerikaya ikinci dəfə köçməsi nəticəsində yaranmış Denali mədəniyyəti genetik bağlıdır.
Mağra Düktay çayının sağ sahilində, çay səviyyəsindən 12,5 metr yüksəklikdə yerləşir. Mağara daxilində, eləcə də mağara önündə qazıntı işləri aparılmış sahələr 317 km²-dir. Fauna qalıqları bütün qatlarda eynidir: mamont sümükləri, şimar maralı, bizon, at, tülkü, canavar, dovşan və s. Bütün qatlardan tapılmış silah nümunələrinin sayı 100-dən çox deyil. Silah nümunələri ümumi düktay mədəniyyəti üçün xarakterikdir: ikitərəfli emal olunmuş bıçaq və digər kəsici alətlər.[4]