Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə.[1]
Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.[1]