Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.[1]
Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır. Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib. Monqolustanda onun yağından istifadə olunub. Yaxın Şərqdə, Şimali Afrikada və Orta Asiyada dəvə ətindən daha çox istifadə edilir. Şərq ölkələrində dəvə ətinin impotensiyanı aradan qaldırması haqda söyləntilər var.[2]
Qida sənayesində dəvə ətinin qovurmasından, kartof ilə bişirilmiş sousundan, delikates kimi istifadə edilir. Ondan dadlı qutab hazırlanır. Bəzi ölkələrin gündəlik qida rasionunda dəvə ətindən istifadə edilir. Ərəb ölkələrində dəvə ətindən müxtəlif dadlı yeməklər bişirilir. Dəvə ətini müxtəlif tərəvəzlər və göyərtilərlə qarışdırıb dadlı yeməklər hazırlamaq olur. Dəvə ətinin 100 qramında 160,2 qram kalori var. Onu bişirdikdə isə bu rəqəm 230 qrama qədər yüksəlir.
Dəvə ətinin tərkibi kalium, fosfor, maqnium, B1, B2, PP, B9, C, A və E vitaminləri ilə zəngindir. Dəvə ətinin tərkibində olan xüsusi kimyəvi maddələr onun qiymətli olmasını sübut edir. Dəvə ətində olan züllalar və yağların tərkibində xolesterin azdır. Dəvə ətinin tərkibindəki bioloji aktiv maddələrin olması onu dietoloqların xüsusi tərtib olunmuş dietalarına daxil edib. Dəvə əti ən yaxşı dietik ətlərdən biri sayılır. Ətin tərkibi mikroelementlər və dəmirlə zəngindir. Onun tərkibindəki dəmir orqanizm tərəfindən asanlıqla sorulur. Bu səbəbdən də uşaqlara dəvə əti yedirməkdə fayda var.[3]
Bu qida onların inkişafına müsbət təsir edir və orqanizmlərinin infeksion xəstəliklərə qarşı müdafiə qüvvəsini artırır. Tərkibində olan kalsium və sink hüceyrələrin inkişafını sürətləndirir, saçları möhkəmləndirir və parlaq edir. Dəvə əti yemək dəri, selikli qişa və qan xəstəlikləri zamanı çox faydalıddır. Bu ətin yeyilməsi qan azlığını aradan qaldırır, orqanizmin müdafiə qüvvəsini artırır, həzmi sürətləndirir. Onun tərkibində olan mikroelementlər qanda şəkərin miqdarını idarə edir. O iltihab əleyhinə, antioksidant, immun sistemi yüksəldici təsirə malikdir.[4]
Dəvə ətinin qaraciyərində və böyrəklərində isə riboflovinin və B2 vitamininin miqdarı çox yüksəkdir. Bu orqanizmdə bütün orqanların işinə təsir edir və onların fəaliyyətini sürətləndirir. Dəvə əti yemək anemiyanın əlamətlərinin azalmasına səbəb olur. Bu ətdən qutab hazırlanmasına da istifadə olunur.
İslam dinində dəvə ətindən istifadə edilməsi müsəlmanlar üçün halal sayılır. İslam dünyasında dəvə ətindən istifadə olunmasının dəstəmazı pozduğu fikiri geniş yayılmışdır. Bu barədə İslam məzhəbləri və müsəlman alimləri arasında fikir ayrılığı vardır. Cəfəri, hənəfi, şafi və maliki məzhəblərinə görə, dəvə etini yemək dəstəmazı pozmur. Yalnız hənbəli məzhəbində dəvə ətini yemək dəstəmazı batil edir. Hənbəlilər bu mövzuda əsasən səhabə Bəra ibn Azib ibn Haris əl-Ənsari rəvayət etdiyi hədisə əsaslanırlar. Səbəbini bəzi alimlər bu şəkildə izah etmişlər ki, dəvə əti Tövratda Bəni-İsrailə haram edilmişdi. Allah onu Məhəmməd peyğəmbərə halal edərkən ehtiyat üçün dəstəmaz almağı vacib buyurmuşdur. Əhli Sünnənin qalan üç məzhəbi bu mövzuda hədislərdəki dəstəmaz hökmünü əlləri yumaq kimi təfsir etmişlər. Hənbəli məzhəbində dəvənin yağını, piyini yemək, südünü içmək dəstəmaza təsir etməz, yalnız ətini yemək dəstəmazı pozur.[5]