Dağıstan hökuməti

Dağıstan höküməti — 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmış hökumət. Dağıstan vilayəti Rusiya imperiyasının Şimali Qafqazı işğalı zamanı Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə uyğun olaraq yaradılmışdı.[1]

1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmışdır.Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə əsasən yaradılmışdı.Vilayətin əhalisi 1917-ci ilin sonunda, Sovet Rusiyasının bolşevik hakimiyyətini qəbul etməyərək, Şimali Qafqazın digər xalqları, ilk növbədə Terek vilayətinin əhalisi ilə birlikdə müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə qalxdı.1918-ci il mayın 11-də Dağıstan və Terek vilayətlərinin əhalisini təmsil edən ictimai xadimlər Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikası (Dağlılar Respublikası) yaradılmasını elan etdilər.Elə bu zamandan bu respublikanın Azərbaycanla sıx ittifaq yaratması, hətta bir dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı.

Dağıstan ərazisi

Azərbaycanla ilə əlaqələri

[redaktə | mənbəni redaktə et]

1919-cu il aprelin əvvəlində Denikin Könüllü ordusu Terek vilayətini işğal etdikdən sonra, Dağıstanda artıq süqut etməkdə olan Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı.Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər.Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə bunu gizlində arzu edirdilər.Dağıstanlı zabitlər, o cümlədən Dağlılar hökumətində hərbi nazirin müavini olmuş general M.Xəlilov da bu mövqedən çıxış edirdilər.

Diplomatik münasibətlər

[redaktə | mənbəni redaktə et]

Denikin ordusunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycana birləşmək tərəfdarları da sürətlə artırdı.Kürə, Qaytaq, Tabasaran, AvarDərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar.Aprelin 29-da Temirxan-Şurada Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirə edildi.Zabitlər Denikinə qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.Dağıstan deputatlarının lideri Məhəmməd Qazi Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 1919-cu il mayın 5-də Bakıdakı müttəfiq qoşunlarının komandanı general Tomson da Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı.

Hökumətin süqutu

[redaktə | mənbəni redaktə et]

Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması, müttəfiqlərin bu məsələyə müsbət yanaşması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik verilməsi vəd edildi, Denikin ordusunun bölgədə başlıca vəzifəsinin bolşeviklərlə mübarizə olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. Belə bir şəraitdə mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi Dağlılar hökuməti istefa verdi.Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general M.Xəlilova tapşırdı.General Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi, Dağlılar Respublikası hökumətini buraxdı və ayrıca Dağıstan hökuməti yaradıldığını elan etdi. Mayın sonunda Denikin Dağıstanı müqavimətsiz ələ keçirdi.Əbdürrəhim bəy Haqverdiyevin iyunun 7-də Dağıstanda baş verən son hadisələr haqqında Azərbaycan Hökuməti məlumatında Denikinin bölgədə cəmi min nəfərdən bir qədər çox hərbi qüvvəsi olduğu bildirilir və əhalinin arzusunu nəzərə alıb, Petrovsk-Porta (indiki Mahaçqala) qədərki ərazini Azərbaycana birləşdirmək üçün hərəkətə başlamaq təklif edilirdi.Britaniya hökumətinin iyunun 11-də bəyan etdiyi demarkasiya xəttinə görə də, Denikin ordusu Petrovskdan 5 mil cənubda dayanmalı, Dağıstanın cənubuna keçməməli idi.Azərbaycan Hökuməti Dərbəndi və demarkasiya xəttinə qədərki Dağıstan ərazisini denikinçilərdən təmizləmək üçün dərhal diplomatik və hərbi hazırlığa başladı.Lakin Denikin ordusu Cənubi Dağıstanı tərk etməkdən qəti boyun qaçırdığından avqustun 4-də Britaniya hökuməti demarkasiya xəttini Dağıstanın cənub sərhədinə çəkərək, bölgəni bütünlüklə Denikin ordusunun təsir dairəsinə aid etdi.Azərbaycan Hökuməti yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, Dağıstanın birləşdirilməsi ilə bağlı hazırlığı dayandırmalı oldu.

  • Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920), Внешняя политика (документы и материалы) , Б., 1998
  • Aзepбaйджанская Демократическая Pecnублика (1918–1920). Армия (документы и материалы), Б., 1998
  • Göyüşov A., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi. B., 2000
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 320. ISBN 9952-417-14-2.